Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-69/2023 23.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-69/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2007-ci ildə sahibkarlığın inkişafı məqsədi ilə Göyçay rayon Ərəbcəbirli bələdiyyəsindən 0,11 ha torpaq sahəsini dəyərini banka ödəməklə almışdır. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Göyçay rayonu, Ərəbcəbirli kəndində yerləşən 0.11 hektar sahibkarlıq torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanmışdır Torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - A 239585 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 1100 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmişdir. - DT və XK-nın Göyçay rayon şöbəsinin Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ünvan 1 ünvanda yaşayan X1 inkişafı məqsədilə torpaq sahəsinin satılması barədəki sənədlərə rəyindən görünür ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 44 saylı ünvanda yaşayan X1 inkişafı məqsədilə Göyçay rayonu Ərəbcəbirii bələdiyyəsinin 19 may 2007-ci ıl tarixli 05 saylı qərarı ilə satılmış 0.11 hektar torpaq sahəsi alıqı - satqı predmeti olan bələdiyyə torpağıdır. Torpaq sahəsi Aran - Şirvan kadastr qiymət zonasına aiddir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq sahibkarlığın inkişafı məqsədilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 44 saylı ünvanda yaşayan X4 mülkiyyətinə verilməsini D. T. və X. K.-nın Göyçay rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 xx.xx.2022-ci il tarixli 08 nömrəli arxiv arayışından görünür ki, Göyçay rayon ZDS İcraiyyə Komitəsinin 19 oktyabr 1967-ci il tarixli 19 №-li iclas protokolundan çıxarışda Çərəkə kənd istehlak cəmiyyətinin ikinci Ərəbcəbirli kəndində respublika yolu ilə şəhərə gələn yolun birləşəcəyində tikdirdiyi povilyon altına 0,20 hektar torpaq ayrılması haqqında S.Vurğun adma kolxozun 1967-ci il 20 sentyabr tarixli 16 nömrəli qərarı təsdiq edilmişdir. - Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən alqı-satqı qaydasında ünvan 3 ünvanda yaşayan X1 inkişafı məqsədi ilə 0,11 ha torpaq sahəsinin satılması barədə DT və XK-nın Göyçay rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, ünvan 3 ünvanda yaşayan X5 Ərəbcəbirli bələdiyyəsinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən 0,11 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədi ilə satılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-Ə-00xx-xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-64/2023 nömrəli məktublarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim olunan, X4 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********002 kadastr nömrəli (A№239585) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən koordinatlarla müəyyənləşən 0.11 ha torpaq sahəsi elektron bazada təqdim olunan AZCAD və TEKUİS məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, AzCAD məlumatlarında uqodıyası “tikinti", TEKUİS məlumatlarında uqodıyası Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, islahat uqodiyası tikinti altında olan torpaqlar kimi göstərilmişdir. 0.11 ha torpaq sahəsində yerləşən tikiliyə qeyri-yaşayış obyekti (çörəkbişirmə sexi) kimi **********75-06301 reyestr nömrəsi ilə çıxarış və “Daşınmaz Əmlakın Texniki Pasportu hazırlanmışdır, (balans saxlayıcı təşkilat Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı, “Azərittifaq, invertar nömrəsi 408-1/4942) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən (Dövlətin Torpaq üzərində mülkiyyət hüququ) dövlət müəssisə, idarə və təşkilatların daimi itifadəsində olan və ya dövlət obyektlərinin tikinti layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətinə aiddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, 0.11 ha torpaq sahəsi dövlət mülkiyyətinə məxsusdur. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X8 Müavininin xx.xx.2023cü il tarixli MMİ364/08 nömrəli məktubundan görünür ki, Göyçay rayonunun Ərəbcəbirli kəndində yerləşən qeyri-yaşayış obyekti (çörək sexi) 1960-cı illərdə Azərittifaqm Göyçay Rayon Kooperativ Cəmiyyəti (RKC) tərəfindən tikilib istiadəyə verilmiş, obyekt İddiaçı satılana qədər RKC-nin balansında olmuş və bu əmlakın Göyçay RKC-nin mülkiyyəti olması barədə 16 saylı Ucar Ərazi idarəsi tərəfindən **********75- 06301 reyestr nömrəli çıxarış verilmişdir. Çörək sexinin yerləşdiyi torpaq sahəsi obyekt satılana qədər RKC-nin istifadəsində olmuş və həmin torpaq sahəsi 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 36/2-64/2023 №İi məktubunda göstərildiyi kimi dövlət mülkiyyəti olub. Ərəbcəbirli kəndində yerləşən çörək sexinin yerləşdiyi torpaq sahəsi yuxarıda qeyd edildiyi kimi 1960-cı illərdə ayrılmışdır və həmin dövrdə bələdiyyələr mövcud olmamışdır (bələdiyyələr 1999-cu ildə yaradılıb, 2000-ci ildən isə fəaliyyət göstəriblər). Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Məcəlləyə görə kooperasiya mülkiyyəti xüsusi mülkiyyətdir. Mövcud qanunvericiliyə görə xüsusi mülkiyyətin yerləşdiyi torpaq sahəsi mülkiyyət sahibinin (kooperasiyanın) razılığı olmadan hər hansı fiziki və ya hüquqi şəxsin, o cümlədən bələdiyyənin istifadəsinə verilə bilməzdi. - MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mülkiyyət növü dövlət olan 0.0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 219,7 kv.m olan qeyri-yaşayış binası üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı iclas protokolunun qərarı ilə satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Dövlət mülkiyyətindədir. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür və 0.11 ha torpaq sahəsində yerləşən tikiliyə qeyri-yaşayış obyekti (çörəkbişirmə sexi) kimi **********75- 06301 reyestr nömrəsi ilə çıxarış və “Daşınmaz Əmlakın Texniki Pasportu hazırlanmışdır. İstinad olunan texniki pasportda torpağən faktiki sahəsi 0.11 ha qeyd edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır. İddia olunan torpaq sahəsi isə sözügedən torpaq sahələrinə aid olmadığından Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya sözügedən torpaq sahəsinin satılması tamamilə əsassız olmuş və həmin qərar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas ola bilməz. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqan tərəfindən verilən məlumatlar sübut qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “2007-ci ildə Ərəbcəbirli bələdiyyəsi tərəfindən sahibkarlığın inkişafı məqsədilə ona satılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.