Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-69/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X3, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-69/2024 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - mərhum əri X1 Qarabağ müharibəsində şəhid olmuşdur. Oğuz rayonunda torpaq islahatı aparılan zaman onlara 1,15 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən zaman mərhum ərinin şəhid olduğuna görə əlavə bir pay torpaq sahəsi də nəzərə alınmışdır. Həmin torpaq sahəsi onlara Oğuz rayon 28 may X18 Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 06 nömrəli qərarı ilə verilmişdir. Bundan sonra onların ailə üzvlərinə həmin torpaq sahəsinin yalnız 0,84 ha hissəsinə JN-044F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Qalan 0,31 ha torpaq sahəsi həmin vaxtdan onların istifadəsində olsa da, sənəd hazırlanmamışdır. Dəfələrlə müraciət etsə də, həmin torpaq sahəsinə sənəd ala bilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda da, onun istifadəsindədir. Həmin torpaq sahəsinin yaxşılaşdırılmasına xeyli miqdarda vəsait xərcləmişdir. Torpaq sahəsini hər il daş-kəsəkdən təmizləyərək aqrotexniki qulluq göstərmişdir. O, cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqanın ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********18 nömrəli imtina məktubunda müraciətində qeyd edilənlərin onların səlahiyyətinə aid olmadığı qeyd etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı qız Oğuz rayonu ərazisində yerləşən Oğuz Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 6 saylı qərarına əsasən mərhum əri X6 mülkiyyətinə verildiyini iddia etdiyi 0.31 ha torpaq sahəsi üzərində mülkiyyət hquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı qız ünvan 1 ünvanında yerləşən mərhum əri X6 mülkiyyətinə verildiyini iddia etdiyi 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı qız və ailə üzvlərinin adına 0.84 ha həyətyanı torpaq sahəsinə dair JN-044 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, 0.11 ha həyətyanı torpaq sahəsinə dair JN-044 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçı qız ünvan 1 ünvanında yerləşən özünün və ailə üzvlərinin mülkiyyətinə verildiyini iddia etdiyi 0,31 ha torpaq sahəsinə dair Ərazi İdarəsinin arxiv məlumatlarında hər-hansı sənəd aşkarlanmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-044A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı, X2 və X7 0,11 ha torpaq sahəsi ayrılmışdır. - JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə İddiaçı, X2 və X7 0,84 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş, Oğuz rayonu Oğuz şəhər “28 May” X5 Aqrar İslahatı Komissiyasının xx.xx.1998ci il tarixli 6№-li iclas protokolundan çıxarışdan görünür ki, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində torpaq payı alacaq 5425 nəfər, 1477 ailənin siyahısı təsdiq edilmiş, 1361 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi təsdiq edilmişdir. Həmin məktuba əlavə olunmuş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, 318-ci sırada İddiaçı, X10 və X4 adlarının qarşısında “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında 0,05 ha, “faktiki torpaq sahəsi” qrafasında 0,95 ha torpaq sahəsi, “ailədə şəhid və itk.” qrafasında “şəhid ailəsi” olması qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,84 hektar torpaq sahəsinin Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası çoxillik əkmələrdir, iddiaçı tərəfindən istifadə edilən faktiki naturada ölçülmüş 0,84 hektar torpaq sahəsinin 0,48 hektar hissəsi İddiaçı adına tərtib edilmiş JN-44F nömrəli şəhadətnamədə göstərilmiş torpaq sahəsi ilə, 0,36 hektar hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi, X8 X9 (TEKUİS) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası çoxilik əkmələr, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X18ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin ona Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli, 6 nömrəli qərarına əsasən ayrıldığını, lakin müvafiq sənədin tərtib edilmədiyini bildirir. Cavabdeh orqan isə iddiaçıya və ailə üzvlərinə Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0,11 ha və 0,84 ha torpaq sahələrinin ayrılmasını və müvafiq olaraq JN-044A və JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin tərtib edilməsini, iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığını bildirir. İş materiallarında olan Oğuz rayonu Oğuz şəhər “28 May” X5 Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 6№-li iclas protokolundan çıxarışla müəyyən edilir ki, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində torpaq payı alacaq subyektlərin sayı 5425 nəfər, xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahələrinin ölçüsü isə 1361 ha qeyd edilmişdir. Sözügedən iclas protokolundan çıxarışa əlavə edilmiş Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısı ilə müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin adı 318ci sırada qeyd edilmiş, “ailədə şəhid və itk.” qrafasında “şəhid ailəsi” olması qeyd edilmişdir. Göründüyü kimi torpaq islahatı aparılan zaman iddiaçının şəhid ailəsi olması müvafiq sənədləşmə işlərini aparan orqana məlum idi. Məhz buna görə də, Oğuz şəhər “28 May” istehsal kooperativi ərazisində orta torpaq norması 0.21-0.25 ha olduğu halda iddiaçıya 3 nəfər ailə üzvü ilə birlikdə 0,84 ha torpaq sahəsi ayrılaraq, JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Yəni, müvafiq subyektlər siyahısı və şəhadətnamə tərtib edilərkən iddiaçının şəhid ailəsi üzvü olması nəzərə alınaraq “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən əlavə bir torpaq payının verilməsi təmin olunmuşdur. Buna baxmayaraq, iddiaçı Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına istinad etməklə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid, 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid, 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon 28 may Yerli İslahat Komissiyasının 29 oktyabr 1998-ci il tarixli 6 nömrəli qərarına əsasən Oğuz rayonu ərazisində yerləşən 0,31 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.