Məhkəmə qərarları › İş №2-1(116)-69/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-69/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-69/2025 05.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə sosial müavinətin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, iddiaçıya yaşa görə sosial müavinətin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək üç və daha çox uşağı 8 yaşınadək tərtibəyə etmiş şəxs kimi ona yaşa görə sosial müavinətin verilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə sosial müavinətin təyin olunması üçün müraciət etmişdir. Cavabdeh isə öz növbəsində xx.xx.2023-cü il tarixli 3-17- 1/2-V-103198/2023 nömrəli məktubla İddiaçı 63 yaşına çatmadığına görə yaşa görə sosial müavinəti təyin etməkdən imtina etmişdir. Qeyd edirik ki, İddiaçı 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi qanunvericiliklə tələb olunan yaş həddinə çatdığı xx.xx.2018-ci il tarixdə əlilliyə görə əmək pensiyası aldığından və qadınların yaşa görə müavinət hüququ 01,07.2022-ci il tarixdən 63 yaş müəyyən edildiyindən, həmçinin İddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin teyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;

2. Zaqatala RİHB-nin Aşağı Tala KİƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı;

3. İddiaçının övladlarının Doğum haqqında Şəhadətnamələrinin surəti;

4. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər;

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əliliyin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin edilməsinə yönəlmişdir.İddiaçının 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış ana kimi yaşa görə sosial müavinət almaq hüququ yaransa da, o, əlilliyə görə sosial müavinət almaqda davam edərək bu yöndə iradə ifadə etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən, həmin Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşı olanda 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət almaq hüququ olmuşdur. Bu hüququ ona “Sosial müavinətlər haqqında” Qanunun iddiaçının 57 yaşı olan vaxt qüvvədə olmuş 1.0.2-ci maddəsi vermişdir. Lakin iddiaçı bu hüququ qazanan zaman o, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.3-cü maddəsində nəzərdə tutulan digər imtiyazdan, yəni əlilliyə görə sosial müavinət almaq hüququndan istifadə edirdi. İddiaçı 57 yaşı olanda əlilliyə görə sosial müavinət almaq hüququndan imtina etməmiş, həm də 4 uşağa görə sosial müavinət almaq hüququnun tətbiq olunmasını bildirməmişdir. İddiaçı 4 uşağa görə sosial müavinət almaq hüququndan yalnız əlillik müddəti bitdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə istifadə etmək istəmişdir. Həmin vaxt isə artıq bu hüququn tətbiq edilməsi barədə norma qüvvədə olmamışdır. Yuxarıda göstərildiyi kimi, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət hüququ olması barədə norma 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir "Sosial müavinətlər haqqında” Azerbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili itirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1 -dək hər il 6 ay artırılfig 01,07.2022-ci il tarixindən 01,07.2023-cü il tarixinədək qadınların pensiya yaş həddi 63 yaş müəyyən edilib. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-cr maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ oimadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının 57 yaşı olanda 4 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət almaq hüququ yaransa da, o, əlilliyə görə müavinət aldığından və həmin vaxt özü sərbəst seçim edərək əlilliyə görə sosial müavinət almaqda davam etdiyindən, əlillik müddəti bitdikdən sonra 4 uşağa görə sosial müavinət almaq hüququnun tətbiq edilməsi barədə norma qüvvədə olmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə sosial müavinətin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar