Məhkəmə qərarları › İş №2-1(116)-690/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-690/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-690/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "mərhum əri X4 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 mühasib işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Göyçay şəhərində yaşayır. O, 26.08.1980-ci ildə X7 ilə nikah bağlamışdır. İddiaçının əri X7 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 mühasib işləmiş və 31.12.2016-cı ildə vəfat etmişdir. İddiaçı pensiya hüququ yarandığdan sonra 14.01.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh 22.01.2020-ci il tarixli ********** nömrəli cavab məktubu ilə bildirmişdir ki, tələb olunan sosial sığorta stajı mövcud olmadığından ona ailə başçısını itirən kimi əmək pensiyası hesablamaq mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mərhum əri X4 adına olan əmək kitabçasında 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 mühasib işlədiyi illərə aid əmrlər tapılmadığı üçün cavabdeh ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının qanuna müvafiq olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etmədi və imtina məktubunun məzmununa uyğun izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, X4 adına olan 04.12.1975-ci il tarixli əmək kitabçasından görünür ki, X7 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 mühasib vəzifəsində işləmişdir. - İşdə olan, Göyçay Rayon Dövlət Arxivinin 09.09.2019-cu il tarixli 287 nömrəli arxiv arayışından görünür ki, X12 1978-1991-ci illər ərzində Göyçay rayonu Ləkçıplaq kənd N.Nərimanov adına kolxozda işləmişdir. - İşdə olan, AZ-İ seriyalı 841894 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 31.12.2016-cı ildə vəfat etmişdir. - İşdə olan, İİ-ЖГ seriyalı 344397 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X7 ilə 26.08.1980-cı ildə nikah bağlamışlar. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 10.03.2020-ci il tarixli yazılı məlumatından görünür ki, X4 20.10.1993cü ildən 17.09.1995-ci ilədək X10 mühasib işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrə aid sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən həmin iş stajını yoxlamaq mümkün olmamışdır. X2 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 mühasib işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı ailə başçısı itirən kimi əmək pensiyası təyin oluna bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan normalara uyğun olaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri onun pensiya yaşına çatması, digəri isə mərhum ərinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasıdır. Müəyyən edildi ki, iddiaçı 01.01.2020-ci ildə pensiya yaşına (61 il 6 ay) çatmışdır. Onun əri 10.04.1956-cı il təvəllüdlü olmaqla, 31.12.2016-cı ildə 60 yaşında vəfat etmişdir. Belə olduqda, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün onun mərhum ərinin sosial sığorta stajının 15 ildən az olmaması (60 il - 15 il = 45 il x 4 ay = 180 ay = 15 il) tələb olunur. X1 adına olan əmək kitabçasından və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin 09.01.2020-ci il tarixli arayışından görünür ki, o, 25.08.1975-ci ildən 12.04.1975-ci ilədək (3 ay 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işləmiş, 05.12.1975-ci ildən 14.11.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olmuş, 28.11.1977-ci ildən 22.10.1981-ci ilədək (3 il 10 ay 24 gün) Göyçay Məişət Xidməti Kombinatında, 09.04.1982-ci ildən 19.06.1989-cu ilədək (7 il 2 ay 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində, 27.06.1989-cu ildən 04.10.1993-cü ilədək (4 il 3 ay 7 gün) Göyçay rayonu "Əzəmət" kooperativində, 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək (1 il 10 ay 27 gün) X10, 01.05.2006-cı ildən 01.01.2009-cu ilədək (2 il 8 ay) Göyçay Kommunal Təsərrüfat İdarəsində işləmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə iddiaçının mərhum ərinin 05.12.1975-ci ildən 14.11.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olduğu müddət onun sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh əmək kitabçasında göstərilən müddətlərdən iddiaçının 25.08.1975-ci ildən 12.04.1975-ci ilədək (3 ay 9 gün) Göyçay Məişət Xidməti Kombinatında işlədiyi, 05.12.1975-ci ildən 14.11.1977-ci ilədək (1 il 11 ay 9 gün) hərbi xidmətdə olduğu, 28.11.1977-ci ildən 22.10.1981-ci ilədək (3 il 10 ay 24 gün) Göyçay Məişət Xidməti Kombinatında və 09.04.1982-ci ildən 19.06.1989-cu ilədək (7 il 2 ay 10 gün) Göyçay "Rayonkəndkimya" Birliyində işlədiyi müddətləri sosial sığorta stajına daxil edir və bu müddətlərin cəmi 13 il 3 ay 22 gün təşkil edir. Hazırkı iddiada iddiaçı mərhum ərinin 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək (1 il 10 ay 27 gün) X10 işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını tələb edir. Cavabdeh isə bundan imtinasını belə əsaslandırır ki, həmin müəssisə hazırda fəaliyyət göstərmədiyi və sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün qarşılıqlı yoxlanılması mümkün olmamışdır. X1 X10 işlədiyi vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, X1 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 işləməsi onun əmək kitabçasında olan qeydlə müəyyən edilir. Həmin qeydin həqiqiliyinə şübhə etmək üçün hər hansı əsas yoxdur. Cavabdehin sosial sığorta stajı kimi mübahisələndirmədiyi 13 il 3 ay 22 gün müddətə həmin müddəti də əlavə etdikdə iddiaçının mərhum ərinin sosial sığorta stajının cəmi 15 ildən artıq olur ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X4 20.10.1993-cü ildən 17.09.1995-ci ilədək X10 mühasib işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar