Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-691/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Zaqatala rayonu Göyəm bələdiyyəsi) “İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsr verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsrrüfatı təyinatlı torpaq sahəsinin kəsr verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.05 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Zaqatala rayonu Göyəm bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmiş, İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsr verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə ona Zaqatala rayonu Göyəm kəndindən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli, 1002.06 kv.m həyətyanı məqsədli torpaq sahəsi verilmişdir. İddiaçının adına Aqrar islahat komissiyasının qərarı ilə verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1565 ha hissəsinə AA seriyalı 004522 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi və MA seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, 0.0283 ha hissəsinə isə AA seriyalı 545028 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Yerdə qalan 0.05 ha torpaq sahəsi onun istifadəsində olan 0.1565 ha hissəsinə bitişik olduğu halda həmin hissəyə sənəd işlənməmişdir. Bunun da səbəbi o olmuşdur ki, 2003-cü ildə kəndlərində islahat vaxtı verilən torpaqlara dürüstləşmə aparılan 0.05 ha torpaq sahəsi sənədlərə və bazaya işlənməmiş, həmin 0.05 ha hissə bələdiyyə torpağı kimi saxlanılmışdır. Qeyd edilənlər Göyəm bələdiyyəsindən verilən xx.xx.2021-ci il tarixli arayışla və Zaqatala rayonu Göyəm kəndinin baş planına əlavə verilmiş eskiz-layihədə öz təsdiqini tapmaqdadır. Beləliklə islahat zamanı onun xüsusi mülkiyyətinə verilən 0,23 ha pay torpaq sahəsindən 0.18 ha hissəyə sənəd işlənmiş, qalan 0,05 ha torpaq sahəsi kəsir qalmış və bələdiyyənin ehtiyyat torpaqlarına daxil edilmişdir. İddiaçı islahat zamanı iddiaçıya kəsir verilmiş 0,05 ha bələdiyyənin ehtiyyat fondu kimi qeyd edilən torpaq sahəsinə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinə köməklik edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona bildirilmişdir ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş Zaqatala rayonunda aparılmış torpaq islahatı ilə əlaqədar arxiv fondunda iddia edilən torpaq sahəsinə dair hər-hansı məlumat mövcud deyildir. Buna görə də cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddia tələbinə etirazını ilkin imtina məktubunda qeyd olunan hüquqi mövqe ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Göyəm bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 86 nömrəli arayışından görünür ki, 2003-cü ildə dürüstləşmə aparılan zaman Göyəm kənd sakini İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,23 ha pay torpaq sahəsindən 0,05 ha torpaq sahəsi kəsir işlənmişdir. İddiaçı istifadəsində hal-hazırda 0,18 ha pay torpaq sahəsi vardır. - A209770 və A407009 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Zaqatala RAİK-nın xx.xx.1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün 1565,17 kv.m və 283.34 kv.m torpaq sahələrinə planölçü sənədləri tərtib edilmişdir. - AA004522 və AA545028 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.1565 ha və 0.0283 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilmişdir. - “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmişarayışdan görünür ki, Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş, əkin yeri olaraq verilməsi nəzərdə tutulmuş torpağın sahəsi 0.23 ha qeyd edilmişdir. - Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarından görünür ki, 1. Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı praqramı və kompleks yerquruluşu lahiyəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-nın 09.06.95-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan, təsdiq edilmiş torpaq islahatı kompleks yer quruluşu layihəsinə uyğun olaraq torpaq payı alacaq subyeklərə torpağa mülkiyyətə dair sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - iddiaçıya ünvanlanmış Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5770 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın 1996-2000-ci illərdə Göyəm kənd İƏVNnin təsərrüfatbaşına kitab № 7, səh № 499-da ailə tərkibi ailə başçısı İddiaçıdur. Cəmi torpaq 0.10 ha, o cümlədən xüsusi mülkiyyətdə 2000-ci ildə 0.23 ha. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, eskiz layihədən çıxarış əsasında iddia olunan torpaq sahəsinin ölçüləri 0.13 ha olmaqla Zaqatala rayonu Göyəm bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından görünür ki, Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş və əkin yeri olaraq verilməsi nəzərdə tutulmuş torpağın sahəsi 0.23 ha göstərilmişdir. Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı praqramı və kompleks yerquruluşu lahiyəsi təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən və Yer-quruluşu Layihə İnstitutundan təsdiq edilmiş torpaq islahatı kompleks yer quruluşu layihəsinə uyğun olaraq torpaq payı alacaq subyeklərə torpağa mülkiyyətə dair sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçıya kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.23 ha torpaq sahəsinin 1565,17 kv.m və 283.34 kv.m torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilmiş, lakin, 451.49 kv.m torpaq sahəsinə sənəd işlənməmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən ilkin plan-ölçü sənədləri əsasında 0.1565 ha və 0.0283 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilərək iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, lakin 0.0452 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsası Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısından və Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı praqramının təsdiq edilməsi ilə bağlı Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarından irəli gəldiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “islahat zamanı iddiaçıya verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsr verilmiş və sənəd işlənməmiş, iddiaçının istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-691/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-691/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver