Məhkəmə qərarları › İş №2-1(116)-692/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-692/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-692/2025 19.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2562/2024 nömrəli qərardadı ilə Göyçay rayonu Çaxırlı bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə bələdiyyənin kənd təsərrüfatına yararsız, bataqlıq, qamışlıq, sucaq olmaqla icarə predmeti olan ərazisindən 15 hektarın quşçuluğun (ördək, qaz) və balıqçılığın inkişaf etdirilməsi məqsədi ilə iddiaçıya uzun müddətli icarəyə verilməsi qərara alınmışdır. Həmin qərara əsasən «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda qeyd olunan torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında 27 dekabr 2006-cı il tarixdə 99 il müddətinə 21 saylı icarə müqaviləsi bağlanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsi tərəfindən icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından 1:10000 miqyasında çıxarış tərtib olunmuş, 18 dekabr 2006-cı il tarixdə aidiyyatı qurumlar tərəfindən razılaşdırılmışdır. Göyçay rayonu Çaxırlı kənd bələdiyyəsinin 08 may 2024-cü ıl tarixli 17 saylı arayışından da görünür ki, ona Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 12 saylı qərarı ilə 15 ha torpaq sahəsi quşçuluğun və balıqçılığın inkişafı məqsədi ilə uzun müddətli (99 il müddətinə) icarəyə verilmiş və 27 dekabr 2006-cı il tarixdə 21 saylı müqavilə bağlanmışdır. Hazırda həmin torpaq sahəsindən balıqçılığın inkişafı məqsədi ilə istifadə olunur. Torpaq sahəsi üzərində icarə hüququmun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişlə müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilmiş torpaq sahəsi torpaqların kompleks yerqurluşu xəritələrində (DWJ) təmiz örüş kimi, yeni elektron kadastr baza məlumatlarında su anbarları, nohurlar kimi qeyd olunmuşdur. Bundan əlavə, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Məlumat üçün məhkəmənin nəzərinizə çatdırırıq ki, iddiaçı tərəfindən göstərilən ərazi balıqçılıq məqsədilə istifadə olunur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. xx.xx.2006-cı il tarixli 21 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə;

3. Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı;

4. DT və XK Göyçay rayon şöbəsinin rəyi;

5. AR Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu;

6. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2751/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı.

7. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-225/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsi.

8. Göyçay Rayonu Çaxırlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu;

9. cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi;

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına əsas olaraq Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarını və xx.xx.2006-cı il tarixli 21 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni təqdim edir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.1 və 8.0.3-cü maddələrində bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul olunmuş aktlar, habelə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. İşin materiallarında olan mütəxxəssis rəyində qeyd edilir ki, İddiaçı Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006- ci il tarixli 12 saylı qərarı ilə ayrılmış 15 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətləri (naturada sahəsi,təyinatı (kənd təsərrüfatı təyinatlı olduqda yararlı və ya az yararlı olması, uqodiyası,statusu,mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan “Göyçay rayonu Çaxırlı kəndi T.İsmayılov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 15.7 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, kənd təsərrüfatına yararlı torpaqlar olmaqla islahat uqodiyası örüş, iddiaçı tərəfindən nohur kimi istifadə edildiyi üçün uqodiyası sututar (nohur) qeyd edilməklə Çaxırlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Baxış zamanı iddiaçının nümayəndəsinin (həyat yoldaşının) naturada göstərdiyi 15.7 ha torpaq sahəsinin 1.84 ha hissəsi idarənin elektron baza məlumatlarında ləğv edilmiş DTXK tərəfindən İddiaçı adına tərtib edilmiş **********0006 kadastr nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür.( 1.98 ha) Əlavə olaraq bildiririk ki, 15.7 ha torpaq sahəsi faktiki olaraq sututar, göl kimi istifadə olunur. İddiaçının istinad etdiyi Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarının məzmunundan göründüyü kimi, 15 ha torpaq sahəsi balıqçılığın və quşçuluğun inkişafı məqsədi ilə iddiaçıya 99 il müddətinə icarəyə verilmişdir. Məhkəmə iddiaçıya ayrılan torpaq sahəsinin ayrıldığı zaman və hazırda təyinati araşdırılmışdır. Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarında qeyd edilir ki, iddiaçıya 15 ha torpaq sahəsi quşçuluq və balıqçılığın inkişafı məqsədi ilə ayrılmışdır.Qərardan da görünür ki,ayrılan torpaq sahəsi bataqlıq və qamışlıq ərazidə yerləşməklə kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Yuxarıda qeyd olunan fakt DT və XK Göyçay rayon şöbəsinin rəyində də təsbit edilmişdir.Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 21 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin məzmunundan da ayrılan torpaq sahəsinin bataqlıq və qamışlıq ərazidə yerləşməsi faktı vurğulanmaqla,təyinatına uyğun istifadə və hidrotexniki qurğuların tətbiqi şərtləri icarəçiyə şamil edilmişdir. Təqdim edilmiş rəyə əsasən də yeni elektron kadastr baza məlumatlarında iddia olunan torpaq sahəsi “su anbarları, nohurlar” kimi qeyd olunmuşdur. Torpaq Məcəlləsinin müddəalarına əsasən örüş torpaq sahəsi heyvandarlıq məqsədi ilə istifadə edilə bilən,heyvanların otlaq ərazisi kimi nəzərdə tutulur.Göründüyü kimi iddiaçıya ayrılan torpaq sahəsinin ayrıldığı zaman faktiki vəziyyəti bu əlamətlərə uyğun olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki,iddiaçının icarəsinə verilmiş torpaq sahəsi örüş torpaq sahələrinə aid olmadığından Örüş torpaq sahələrinin icarəyə verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş icarə müddətinə dair 15 il məhdudiyyətinin tətbiqi əsaslı deyildir. Həmçinin,cavabdehin üst-üstdə düşmə halına dair istinad etdiyi İddiaçı adına tərtib edilmiş **********0006 kadastr nömrəli plan ölçü sənədi texniki sənəd olmaqla hüquq yaratmır,həmçinin həmin sənədin fiziki olaraq mövcudluğu təsdiqini tapmamışdır. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göyçay rayonu Çaxırlı bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmalı və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin 20 dekabr 2006-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar