Məhkəmə qərarları › İş №2-1(116)-693/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-693/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-693/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “06.02.1968-ci il tarixdən 20.05.1971-ci il tarixədək işlədiyi dövrün iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyasının artırılması və yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının 03.07.2001-ci il tarixli müraciəti əsasında qazanılmış iş stajı və orta əmək haqqına müvafiq qaydada hesablanmaqla 51 yaşı tamam olduğu üçün 23.05.2001-ci il tarixdən yaşa görə ona əmək pensiyası təyin edilmişdir. Lakin pensiya təyin olunan zaman Qəbələ rayon Dövlət Arxivindən verilmiş 21.10.2016-ci il tarixli, 325 saylı arayışda qeyd olunmuş 06.02.1968-20.05.1971-ci illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxıl edilməmişdir. Bundan başqa 15.09.2016-cı il tarixdə işdən azad olunmasına görə pensiyasının məbləği 01.01.2006-cı il tarixdən 01.01.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada yenidən hesablanmaqla artılırsa da, həmin hesablama düzgün olmamışdır. İddiaçının cavabdeh tərəfinə etdiyi müraciətlərə göndərilən cavab məktublarında da bu barədə qeyd olunmuşdur. Həmçinin sığorta stajı 33 il 7 ay müəyyən olunduğu 14.03.2019cu il tarixli müraciətinə 28 mart 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir. Cavabdehin etirazının dəlilləri: ünvan 1 ünvanında yaşayan İddiaçı 03.07.2001-ci il tarixli müraciətinə əsasən onun iş stajı və orta aylıq əmək haqqı müvafiq qaydada hesablanmaqla, 51 yaşının tamam olduğu 23.05.2001-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericilikdə baş vermiş dəyişikliklərə müvafiq olaraq təyin edilmiş pensiyanın məbləği bir neçə mərhələdə yenidən hesablanaraq artırılmış və bu zaman vətəndaşa məxsus əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətinin 01.01.2006-cı il tarixədək olan bütün dövrü (33 il 7 ay) nəzərə alınmışdır. İş stajı hesablanarkən, Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.10.2016-cı il tarixli 325 saylı arayışda qeyd olunmuş 06.02.1968-ci il tarixdən 20.05.1971-ci il tarixədək olan dövr əmək kitabçasında qeyd olunmadığı üçün, «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.1.1-ci bəndinə əsasən, həmin dövr ümumi iş stajına daxil edilməmişdir. Vətəndaş 15.09.2016-cı il tarixdə işdən azad edilmiş və onun müraciəti əsasında 01.01.2006-cı il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınaraq pensiyanın məbləği artırılmışdır. Vətəndaşın növbəti müraciəti əsasında 01 01.2016-ci il tarixdən 15.09.2016-cı il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı da nəzərə alınmaqla, pensiyanın ümumi məbləği yenidən hesablannmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli X1 surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 26.09.2018-ci il tarixli **********1 nömrəli imtina məktubu və 26.02.2020-ci il tarixli **********4 nömrəli məktubu, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Qəbələ Rayon Dövlət Arxivinin 09.07.2019-cu il tarixli 78 nömrəli arxiv arayışı, 25.02.2020-ci il tarixli aktın təsdiqlənmiş surəti, 011313 nömrəli DSMF-nin Uçot Vərəqəsinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə teleqram göndərərək məhkəməyə məlumat vermişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 06 fevral 1968-ci ildən 20 may 1971-ci ilə qədər RİK-in aparatına makinaçı vəzifəsinə təyin edilmiş, 20 may 1971ci il tarixli, 26 saylı əmrlə vəfizəsindən azad edilmişdir. İddiaçıya 23.05.2001-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. (cavabdehin 26.02.2020-ci il tarixli **********4 nömrəli məlumatı) İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə pensiyasında artım olmasından ibarətdir. (cavabdehin 26.02.2020-ci il tarixli nömrəli **********4 məlumatı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 06 fevral 1968-ci ildən 20 may 1971-ci ilə qədər RİX-in aparatında makinaçı vəzifəsində işləməyi 09.07.2019-cu il tarixli 78 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 06.02.1968-ci il tarixdən 20.05.1971-ci il tarixədək işlədiyi illərin iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyasının artırılması və yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 06.02.1968-ci il tarixdən 20.05.1971-ci il tarixədək işlədiyi illərin iş stajına əlavə olunmaqla, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına müvafiq qaydada hesablanmaqla pensiyasının artırılması və yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar