Məhkəmə qərarları › İş №2-1(116)-693/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-693/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-693/2021 08.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “ona çoxuşaqlı ana kimi, hüququ yaranan gündən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 1987-1991-ci illərin və 1993- 1996-cı illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1965-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuşdur. Yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini cavabdehə təqdim etmiş, lakin cavabdehin 15.02.2021-ci il tarixli **********9 nömrəli məktubu ilə 1987-1996-cı illərdə işlədiyi, arxiv arayışında qeyd olunan, əmək kitabçasında qeyd olunmayan dövr sosial sığorta stajına daxil edilməyərək, yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçının sosial sığorta stajı Ağdaş Rayon Dövlət Arxivinin 26.01.2021-ci il tarixli 13 nömrəli arayışında qeyd olunmuş, arxivdə saxlanılan sənədlərə əsasən yazılmışdır. İddiaçı 17.05.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Ağdaş Rayon Dövlət Arxivinin 26.01.2021-ci il tarixli 13 nömrəli arayışında qeyd olunan 1987-1991-ci illərin və 1993-1996-cı illərin sosial sığorta stajına daxil edilməsi və ona çoxuşaqlı ana kimi, hüququ yaranan gündən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsi” kimi icraata qəbul olunmasını xahiş etmiş, məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 13 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Fond tərəfindən 15.02.2021-ci il tarixli ********** nömrəli imtina məktubu verilərək bildirilmişdir ki, vətəndaş İddiaçı “H.Hacıyev kolxoz”unda işlədiyi illər onun İT ******* nömrəli əmək kitabçasında öz əksini tapmamışdır. İddiaçının qeyd olunan kolxozda işlədiyi Ağdaş Rayon Dövlət Arxivinin 26.01.2021 -ci il tarixli 13 nömrəli aryışda qeyd olnur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin "edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün is stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla baqlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi vətəndaşa pensiya təyin olunarkən onun iş stajının əmək kitabçasında öz əksini tapması əsas şərtdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, cavabdehin iddiaya etirazının əsassız olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraza və imtinaya uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan cavabdehin 15.02.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 11.05.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD saylı Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 25 il sosial sığorta stajı və ya 28.800 manat pensiya kapitalı olduqda yaranır. Fondun 13 saylı regional ərazi filialı məlumat üçün bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD saylı Qanunun 32.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə əsasən onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının Ağdaş rayonu Pirəzə kəndi sabiq H.Hacıyev kolxozunda işlədiyi 1987-1996-cı illərə aid Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli 13 nömrəli arayışa əsasən iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyil. Cavabdehin iddiaçının kolxozda işlədiyi müddətə dair illər üzrə qarşılıqlı yoxlama aktının təqdim edilməsi ilə bağlı Məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 31.05.2021-ci il tarixli **********0 nömrəli məlumatında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (08.10.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7 maddəsinə əsasən Pensiya təminatı şöbəsinin mütəxəssisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılması həyata keçirilir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 6 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ yarandığı üçün 02.02.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.1965-ci il təvəllüd olduğu üçün, 56 yaş tamamında, yəni 21.01.2021-ci il tarixdə pensiya hüququ yaranmışdır. Məlumatda iddiaçının mübahisələndirilməyən iş stajı kimi 01.11.1999-01.01.2006; 01.01.2006-01.01.2021-ci il tarixləri göstərilmiş, hesablamada səhvə yol verilərək cəmi 20 il 9 ay 0 gün qeyd edilmişdir. Belə ki, iddiaçının mübahisələndirilməyən iş stajları məhkəmə tərəfindən qeyd olunan tarixlər üzrə adi qaydada hesablanaraq müəyyən edilir ki, 01.11.1999-01.01.2006-cı illər üzrə iddiaçının 6 il 2 ay 0 gün, 01.01.2006-01.01.2021-ci illər üzrə 15 il 0 ay 0 gün, cəmi 21 il 2 ay 0 gün olmalıdır. Məlumatda həmçinin qeyd olunmuşdur ki, İddiaçı tələbində qeyd olunan mübahisələndirilən stajı aşağıdakı kimidir: 1987-1991, 1993-1996 - 6 il 3 ay 0 gün (kolxoz stajı). Cəmi staj 27 il 0 ay 0 gündür. İddiaçı 1987-1991, 1993-1996-cı illərdə Ağdaş rayonu Pirəzə kəndində yerləşən H.Hacıyev adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə qərarı əsasında iddiaçının 1987-1991, 1993-1996-cı illərdə Ağdaş rayonu Pirəzə kəndində yerləşən H.Hacıyev adına kolxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil edildiyi halda vətəndaşın pensiya almaq hüququ yarana bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında əsli görülmüş iddiaçının övladlarına məxsus doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən müəyyən edilir ki, iddiaçının 20.02.1984-cü il təvəllüdlü X8 (İX-ЖГ №426298 nömrəli Doğum haqqında şəhadətnamə), 19.03.1986-cı il təvəllüdlü X3 (Xİ-ЖГ №317116 nömrəli Doğum haqqında şəhadətnamə), 15.03.1989-cu il təvəllüdlü X2 (XİV-ЖГ №345752 nömrəli Doğum haqqında şəhadətnamə), 10.03.1992-ci il təvəllüdlü X4 (XVİ-ЖГ №403816 nömrəli Doğum haqqında şəhadətnamə), 26.09.1994-cü il təvəllüdlü X5 (XVİİİ-ЖГ №386536 nömrəli Doğum haqqında şəhadətnamə) və 18.05.1997-ci il təvəllüdlü X1 (AZ-T №143492 nömrəli Doğum haqqında şəhadətnamə) adlı altı övladı vardır. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.03.2021-ci il tarixli 103 nömrəli arayışına əsasən iddiaçı Ağdaş rayonu Pirzə kəndində qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC X15 İdarəsinin 18.05.2021-ci il tarixli 95 nömrəli məktubundan görünür ki, iddiaçı 01.11.1999-cu il tarixdən hal-hazırkı günədək 64 №-li əmrlə X15 İdarəsində maşinist vəzifəsində işləyir. Bu fakt cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən də öz təsdiqini tapır. Cavabdehin təqdim etdiyi 31.05.2021-ci il tarixli **********0 nömrəli məlumata əsasən iddiaçının X15 İdarəsində işlədiyi müddət (21 il 2 ay 0 gün) mübahisələndirilməyən iş stajına daxildir. Ağdaş Rayon Dövlət Arxivinin iş materiallarında olan 26.01.2021-ci il tarixli 13 nömrəli Ağdaş rayon Pirzə kənd sabiq “H.Hacıyev” kolxozunun əmək günü uçotu və hesablaşma kitablarında xx.xx.1965-ci ildə anadan olmuş X6 əmək günü və əmək haqqı qazanmasına dair arxiv arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçının 1987-ci il ərzində 112 adam günü, 1988-ci il ərzində 121 adam günü, 1990-cı il ərzində 158 adam günü, 1991-ci il ərzində 153 adam günü, 1993-cü il ərzində 92 adam günü, 1994-cü il ərzində 77 adam günü, 1995-ci il ərzində 93 adam günü, 1996-ci il ərzində 152 adam günü kolxozda işləməsinə dair qeydlər vardır. Arxiv arayışına əsasən kolxozda göstərilən illər üzrə minimum adam günü 150 gün olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının əmək stajını qarşılıqlı yoxlama aktında göstərilmişdir ki, iddiaçının Ağdaş rayon Pirzə kənd sabiq “H.Hacıyev” kolxozunda işlədiyi əmək günlərinin sayı aşağıdakı kimi olmuşdur: 1987-ci il 112 adam günü, 1988-ci il 121 adam günü, 1990-cı il 158 adam günü, 1991-ci il 153 adam günü, 1993-cü il 92 adam günü, 1994-cü il 77 adam günü, 1995-ci il 93 adam günü, 1996-ci il 152 adam günü. Ağdaş Rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli 20 nömrəli məktubla Məhkəməyə təqdim etdiyi iddiaçının Hüsü Hacıyev kolxozunda adına olan əmək günü və əmək haqqı barədə qeydlər olan səhifələrin təsdiq olunmuş surətlərində yuxarıda qeyd olunan adam günü stajları öz əksini tapmaqdadır və qeydlərdə düzəliş edilməmişdir. Yuxarıda göstərilən müddətləri və illər üzrə minimum adam günü normasının 150 gün olmasını nəzərə almqala qeyd edilməlidir ki, iddiaçı 1990, 1991 və 1996-cı illər üzrə adam günü normalarını ödəməklə, tam illik iş stajına malik olmuşdur. Digər illər üzrə işlənmiş adam günlərini isə illik minimum adam günü normalarına nisbətdə sadə riyazi üsulla hesablamaqla müəyyən edə bilərik ki, iddiaçı ((112+121+92+77+93)/150=3,3) 3 tam il və 45 adam günü əmək stajına malik olmuşdur. Bununla da, iddiaçının H.Hacıyev adına kolxozda işlədiyi illər üzrə əmək stajı 6 ildən artıq müddəti əhatə etmişdir. Beləliklə cavabdehin imtinasının əsasını təşkil edən əmək stajına münasibətdə məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırması ilə öz təsdiqini tapan iddaçının kolxozda işlədiyi illərin cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı ilə cəmi İddiaçı 25 ildən artıq sosial sığorta stajına malik olmasını təsdiq edir (21 il 2 ay 0 gün + 6 il = 27 il 2 ay). Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-30 iyun 2021-ci il dövr aralığında qadınlara münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 62 yaş olmuşdur. Həmin qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1965-ci il təvəllüdlü, çoxuşaqlı ana olan iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, 6 uşağının hər birinə görə yaş həddi 1 il (cəmi 6 il) azaldılmaqla 30.06.2021-ci il tarixədək 56 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. İddiaçının tələbində göstərilən kolxozda işlədiyi illərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd qismində digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Odur ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2-1(102)-704/2021 nömrəli iş üzrə 05.05.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...28. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər...” Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının çoxuşaqlı ana kimi hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı çoxuşaqlı ana kimi, hüququ yarandığı 21.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar