Məhkəmə qərarları › İş №2-1(116)-693/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-693/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-693/2023 05.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Hacı-X3, üçüncü şəxslər X15 və X16 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mübahisə predmeti olan xx.xx.2008-ci il tarixdə 2521 nömrəsi ilə Dövlət Kadastr kitabında qeydə alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsinə əsas olmuş Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında tərtib edilmiş sözügedən torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “zəbtində olmuş, Qax şəhəri, M.V.Vidadi küçəsi ev 8 ünvanında yerləşən 900,03 kv.m torpaq sahəsi ilə bağlı X6 və mərhum həyat yoldaşı X2 adına verilmiş və X35 kitabında 16 sentyabr 2008-ci il tarixdə 2521 nömrəsi ilə qeydə alınmış A seriyalı, 067436 nömrəli torpaq torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-693/2023 nömrəli qərardadı ilə X15 və Orucova (Məmmədzadə) Samirə Mahir qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçıların vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, mübahisə predmeti olan xx.xx.2008-ci il tarixdə 2521 nömrəsi ilə Dövlət Kadastr kitabında qeydə alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsinə əsas olmuş Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında tərtib edilmiş sözügedən torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-693/2023 nömrəli qərardadı ilə, iddia tələbinin dəyişdirilməsi barədə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Azərbaycan Respublikasında Torpaq İslahatları aparılması ilə bağlı 16 iyul 1996-cı il tarixdə Torpaq İslahatları haqqında Azərbaycan Respublikasının qanunu imzalanmış və həmin qanun 02 avqust 1996-cı il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun tələblərinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqların bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqların, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqların və ehtiyat fondu torpaqların daxil olduğu, bələdiyyənin ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqların, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqların və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqların aid edildiyi, həmçinin, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələrin həyata keçirəcəyi müəyyən edilmişdir. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında Torpaq İslahatları aparılarkən hər bir kənd İstehsal Kooperativinin istifadəsində olan torpaqların islahatı haqqında həmin kəndin Yerli İslahat komissiyasının müvafiq iclas qərarına əsasən həmin kənd üzrə neçə ailədən ibarət neçə nəfər şəxsin torpaq payı almaq hüququ subyektlərinin siyahısı təsdiq edilməli idi. Bundan sonra müvafiq şəhər İcra Hakimiyyəti Başçısının həmin İnzibati Ərazi Nümayəndəliyi tərəfindən həmin İslahat Kooperativində torpaq islahatı ilə əlaqədar həmin ərazidə yaşayan, pasport qeydiyyatında duran və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı tərtib edilməli və müvafiq şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həmin siyahı təsdiq edilməli idi. Eynilə də bu proseslər Qax şəhərində yaşayan şəxslərə, o cümlədən, ailə üzvlərinə də şamil edilməli idi. Lakin, həmin vaxt işləyən vəzifəli şəxslərin buraxdıqları texniki səhvlər nəticəsində onun daimi zəbtində olan torpaq sahəsi ona pay torpaq sahəsi kimi ölçülməmişdir. Belə ki, Qax rayonunda aparılan torpaq islahatı zamanı Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən kolxoz təsərrüfatı dövründə sakinlərin daimi zəbtində olan torpaq sahələri onlara pay torpaq sahəsi kimi ölçülməklə, kəsrdə qalan pay torpağını digər massiv sahədən tamamlanması qeyd olumuşdur. Buna baxmayaraq, islahatda ölçmə işləri aparan mütəxəssislər tərəfindən bir çox sakinlərin daimi istifadəsində olan zəbt torpaqları onların texniki səhvi ucbatından kənar şəxslərə pay torpaq sahəsi kimi ölçülərək verilmiş və həmin torpaq sahəsinə kadastr sənədi işlənmişdir. Nəticədə sakinlər arasında böyük narazılıqlar və münaqişələr yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi belə sakinlərdən biri də o, və ailə üzvləri olmuşdur. Onların ünvan 1 ünvanında uzun illər istifadəsində olan 900,03 k.m torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən bu gün də onlar istifadə edirlər. Lakin, sonradan məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi onların öz zəbti kimi onun və ailə üzvlərinə ölçülməmiş, həmin torpaq sahəsi ilə bağlı mərhum X7 X35 kitabında 16 sentyabr 2008- ci il tarixdə 2521 nömrəli ilə qeydə alınmış A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilməklə onun və ailə üzvlərinin adına həmin torpaq sahəsinə kadastr sənədi işlənmişdir. X1 Mahir Nəcbəddin oğlunun həyat yoldaşıdır. Mübahisə pedmeti olan torpaq sahəsindən öz ailəsi ilə birlikdə istifadə edirlər. Həmçinin, ailəsinin istifadəsində olan həmin torpaq sahəsinə görə bu günədək bələdiyyədə hesablanmış torpaq vergisi də onlar tam şəkildə ödəmişdir. Lakin, qarşı tərəfin adına sənəd işlənilmişdir. Bu isə ədalətsizliyə və nəticədə qanunsuzluğa gətirib çıxarır. Çünki, onların hüquqlarının pozulmasına səbəb həmin vaxt işləyən vəzifəli şəxslərin buraxdıqları texniki səhvlər olmuşdur və qarşı tərəf də bununla bağlı bu qədər müddət ərzində heç bir tədbir görməmişdir. Bu məsələnin həlli ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X32 kitabında 16 sentyabr 2008-ci il tarixdə 2521 nömrə ilə X4 adına uçota alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların əsas hesab olunduğu nəzərdə tutulduğundan Qax rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim edilməli sənədlər siyahısında hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əksini tapmışdır. Odur ki, Qax rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə X12, X22, X15, X9 Qax şəhərindən ayrılmış 900,03 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı 16 sentyabr 2008-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində tərtib edilmiş A seriyalı 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və iddiaçıların zəbtlə faktiki istifadələrində olan həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, sözügedən təsərrüfatda pay torpaq sahəsinin norması, zəbt torpaq sahəsinin pay torpağından hansı əmsalla çıxılması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsində məlumat mövcud deyil, habelə ərizəçilər tərəfindən də ərizəyə belə bir məlumatın əks olunduğu sənəd əlavə edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, ünvan 2 ünvanında yerləşən 900,03 kv.metr torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmiş A 067436 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və iddiaçıların zəbtlə faktiki istifadələrində olan həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçılar və iddiaçıların nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər, iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZ-İİ 284344 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - AZ-İİ 306513 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. - A 067436 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına əsasən Qax şəhərində yerləşən 900,03 kv.m torpaq sahəsi ilə bağlı X5 adına tərtib edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə olunmuş Qax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından X12 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, arxivdə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli Qərarı, Qax şəhəri üzrə mövcud subyektlərin siyahılarında İddiaçı1 adı, eləcə də adına Şəhadətnamə, Plan-ölçü və Dövlət Aktının tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Təqdim edilmiş siyahıda X13, X22, X15 və X10 adları qeyd edilmiş, qanuni istifadədə olan həyətyanı torpaq sahəsi 0,09 ha göstərilmişdir. - Qax şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 1995-2010-cu illərə aid ünvan 3 ünvanına dair uçot vərəqələrindən görünür ki, ilkin uçot qeydlərdinə X18 təsərrüfat başçısı, X22, X12, X14, X20 və X19 təsərrüfat üzvləri olaraq qeyd edilmişlər. Sonrakı qeydlərdə isə təsərrüfat başçısı - X22, təsərrüfatda qeydiyyatda olanlar isə X20, X14, X23, X24 və X31 qeyd edilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, DT və XK Qax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli təklifi nəzərə alınmış, Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmiş, müvafiq sənədlərə uyğun olaraq kadastr planının işlənməsinə köməklik göstərmək DT və XK-dən xahiş edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarətdir:

1. Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının ləğvi, 2 həmin qərar əsasında tərtib edilmiş A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin ləğvi. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X8 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X37 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X8 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Odur ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007ci il tarixli 02 nömrəli qərarının ləğvi ilə bağlı tələbə münasibətdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi iddia tələbinə cavab verməli inzibati orqan deyildir. Yəni, iddiaçı cavabdeh orqandan onun səlahiyyətinə aid olmayan məsələnin həllini tələb edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının gündəliyində olan məsələlər üzrə 6-cı bənddə Qax şəhərinin kadastr planının işlənməsi qeyd edilmiş və həmin məsələyə baxılaraq Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilməsi və digər məsələlər qərara alınmış, Qax rayon AİK-nın sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı inzibati aktdır və həmin qərarın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Bu zaman müddətlərin tətbiqi məsələsinə Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Mübahisələndirilən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 qərarının qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddiaçılar, sözügedən qərardan məlumatsız olduqlarını bildirsələr də, iddiaçılar faktiki istifadələrində olan torpaq sahəsinin hüquqi taleyi ilə bağlı tərtib edilmiş sənədlərdən və həmin sənədlərin tərtib edilməsinə əsas olmuş digər sənədlərin məzmunundan mübahisəli daşınmaz əmlaka 2007-ci ildən faktiki sahibliyi həyata keçirdiklərinə görə məlumatları olmalı idi. Belə ki, iddiaçılar faktiki olaraq 2007-ci ildən sonra üçüncü şəxslərin həmin ünvanda yaşamadıqlarını və öz zəbtlərində olduğunu bildirirlər. Belə olan halda faktiki istifadə etdikləri torpaq sahəsinə dair tərtib edilmiş sənədlərin məzmunu ilə iddiaçıların 16 il ərzində maraqlanmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların hüquq və azadlığının pozulduğunu bilməli olduğu tarix onların həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirdiyi tarix hesab olunmalı və iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. “Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı əsasında tərtib edilmiş A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin ləğvi” tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri qeyd edilir. Yəni, istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından hüquqmüəyyənedici sənəd qismində inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. İddiaçılar A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin ləğvi” tələbini irəli sürülməsini həmin sənəddə hüquq subyekti olaraq X5 adının qeyd edilməsi ilə əsaslandırırlar. Sözügedən sənəddə hüquq subyekti olaraq X5 adı qeyd edilsə də, nəzərə alınmalıdır ki, Mahir Məmmədovun adının plan-ölçü sənədində qeyd edilməsi həmin torpaq sahəsinin ancaq onun mülkiyyətində olması kimi başa düşülməməlidir. İddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarıdır. Məhz həmin qərar əsasında həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmişdir (təsdiq edilmiş subyektlər siyahısında X13, X22, X15 və X10 adları və torpaq sahəsinin ölçüsü öz əksini tapmışdır). Sözügedən plan-ölçü sənədinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı əsasında tərtib edilməsi məhkəmə tərəfindən işdə olan subyektlər siyahısı və 1995-2010-cu illərə aid ünvan 3 ünvanına dair uçot vərəqələri əsasında yoxlanılmış və müəyyən edilmişdir ki, həqiqətən də sözügedən ünvan üzrə təsərrüfat üzvləri Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında adları qeyd edilmiş şəxslər olmuş və cavabdeh orqan Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına istinad etməklə ümumibirgə mülkiyyətçilərdən biri olan Mahir Məmmədovun adını plan-ölçü sənədinə daxil etmişdir. Odur ki, A seriyalı 067436 nömrəli “torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı qüvvədə olduğundan həmin qərar ləğv edilmədən onun əsasında verilmiş sənədlərin ləğvi məsələsinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023 və xx.xx.2023-cü il tarixli hüquqi yardım məktublarında iddiaçılara izah edilmiş, həmçinin inzibati işin şifahi məhkəmə baxışı iclasında onların iştirakı ilə hüquqi müzakirə aparılaraq iddiaçıların dinlənilmə hüququ təmin edilmişdir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mübahisə predmeti olan xx.xx.2008-ci il tarixdə 2521 nömrəsi ilə Dövlət Kadastr kitabında qeydə alınmış A seriyalı 067436 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsinə əsas olmuş Qax rayon AİK-in xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında tərtib edilmiş sözügedən torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar