Məhkəmə qərarları › İş №2-1(116)-696/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-696/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-696/2022 07.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “25.12.1957 tarixdə Cavabdehndə tərtib edilmiş 944 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “25.12.1957 tarixdə Cavabdehndə tərtib edilmiş 944 nömrəli doğum haqqında akt qeydində göstərilmiş “24.07.1952-ci il təvəllüdlü X4”ndan 27.10.1952-ci təvəllüdlü “X3 dəyişdirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən hazırlıq iclasında işdə mövcud olan sənədlər iddiaçının nümayəndəsi iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, 24.07.1952-ci il təvəllüdlü X1 digər ailə üzvlərinə aid doğum akt qeydlərində müvafiq soyad “Sərvunuş” və “Sərvənuş” olaraq qeyd edilmişdir. İddiaçı isə həmin soyadın “Sərvanuş” soyadına düzəliş edilməsini tələb edir. Tələbdə qeyd edilən şəxsin ata adı digər ailə üzvlərinə aid əksər sənədlərdə “Yarməhəmməd” qeyd edildiyi halda, iddiaçı həmin ada düzəliş edilərək “Yarməmməd” qeyd edilməsini tələb edir. Həmçinin, iddiaçı doğum tarixinin 27.10.1952-ci il olaraq qeyd edilməsini tələb edir ki, ilkin akt qeydində ümumiyyətlə həmin tarixin müəyyən edilməsi, o cümlədən iddiaçının tələbində göstərilən qaydada yazılması müəyyən olunmur. İddiaçının tələblərindən biri də “Fəralı” adının “Fərari”-yə çevrilməsi ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, atasına “Fərari” adının qoyulmasının mənası olmuşdur. Belə ki, X1 atası Cənubi Azərbaycanda Pişəvəri hərəkatı zamanı ölkəni tərk etdiyindən sonradan doğulmuş övladına “Fərari” adını qoymuşdur. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən bütün tələblərin təmin olunaraq akt qeydində düzəliş edilməsi iddiaçıya müvafiq doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır və mövcud akt qeydindəki hazırkı məlumatların göstərildiyi şəhadətnamə iddiaçının pensiya hüququnun həyata keçirilməsinə mane olur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tələbin uğursuzluğunu iddiaçının nümayəndəsinə izah etmiş və dəyişiklik edilməsini tələb etdiyi məlumatlarla bağlı müvafiq dəyişikliklərin düzgünlüyünə dair sübutların təqdim edilməli olduğunu bildirmişdir. Həmçinin iddiaçının hüquqi marağına uyğun olaraq izah edilmişdir ki, iddiaçı, yanlış məlumatların göstərildiyini hesab etdiyi müvafiq akt qeydi əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamənin 24.07.1952-ci il təvəllüdlü X2 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə ümumi rayon məhkəməsinə müraciət edə bilər ki, iddianın uğurlu olacağı halda o, arzuladığı məqsədə çata biləcəkdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin geri götürülməsini xahiş etdiyini bildirdi. Məhkəmənin 07.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini geri götürmək istəyir. Yəni, iddiaçı hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “25.12.1957 tarixdə Cavabdehndə tərtib edilmiş 944 nömrəli doğum haqqında akt qeydində göstərilmiş “24.07.1952-ci il təvəllüdlü X5”ndan 27.10.1952-ci təvəllüdlü “X3 dəyişdirilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar