Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-698/2023 30.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Oğuz rayonu Oğuz Bələdiyyəsinə qarşı “Oğuz şəhəri ünvanda yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə dair JN-041A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən, geri alınmış 135,3 kv.metr torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə aid digər ərazidən verilməsinə dair müvafiq qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Oğuz rayonu Oğuz bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhəri ünvanda yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə dair JN-041A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən, geri alınmış 135,3 kv.metr torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə aid digər ərazidən verilməsinə dair müvafiq qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Oğuz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən iddiaçının mərhum atası X1 mülkiyyətində olan fərdi yaşayış evinin 0,13 ha həyətyanı torpaq sahəsinə JN-041A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanaraq verilmişdir. Oğuz şəhəri üzrə abadlaşma işləri aparılan zaman həmin torpaq sahəsinin müəyyən hissəsi Oğuz rayon İcra Hakimiyyətinin qarşısında hovuz tikintisi üçün iddiaçıdan alınmışdır. Oğuz rayon İcra Hakimiyyəti tərəfindən alınan torpağın əvəzində digər ərazidən, bələdiyyə mülkiyyətindən torpaq sahəsi veriləcəyi bildirilmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də cavabdeh orqan 135,3 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid digər ərazidən verilməsi bələdiyyənin səlahiyyətində olmamasını bildirərək imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Oğuz rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 7/M-689 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınacaq torpaq sahəsinin və ya daşınmaz əmlakın qiymətləndirilməsi “Lisenziya” əsasında fəaliyyət göstərən ekspert təşkilatı tərəfindən həyata keçirilir və müvafiq dövlət təşkilatı tərəfindən həmin torpaq sahəsinin və ya daşınmaz əmlakın dəyəri ödənilməklə alınır. Təxminən 1980-cı illərdə Oğuz rayon İcra Hakimiyyəti binasının qarşı tərəfində abadlıq işləri aparılarkən iddiaçıdan alındığı iddia edilən 135 kv.m torpaq sahəsinin hansı dövlət qurumu tərəfindən alındığı barədə Oğuz rayon İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur. Bu səbəbdən də iddia edilən torpaq sahəsinin əvəzləşdirilməsi məsələsinə aydınlıq gətirilməsi mümkün olmamışdır. - xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam X2, 0,11647 ha torpaq sahəsi isə X2 və iddiaçının ümumibirgə mülkiyyətdədir. - JN-041A kod 40501004 nömrəli şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya və X3 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi: İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Tətbiq edilən hüquq. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanun: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü abzasına əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. İstinad olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sahələri alqısatqı əqdi bağlanmaqla verilir və əvəzsiz qaydada öz mülkiyyətində olan torpaq sahəsini digər subyektlərə ayırmasına bələdiyyənin səlahiyyəti yoxdur. İddiaçı özü də, əvvəllər faktiki mövcud olmuş torpaq sahəsinin 135 kv.m sahəsinin hələ bələdiyyələr yaranandək (1980-cı illərdə) məcburi qaydada alındığını bildirir. Belə olan halda ümumiyyətlə hazırkı tələb üzrə cavabdeh orqanın 135,3 kv.metr torpaq sahəsinin digər ərazidən verilməsi ilə bağlı öhdəliyi mövcud olmamışdır. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinə uyğun inzibati aktın qəbul edilməsindən imtina etmişdir. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Oğuz rayonu Oğuz Bələdiyyəsinə qarşı “Oğuz şəhəri ünvanda yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinə dair JN-041A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən, geri alınmış 135,3 kv.metr torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə aid digər ərazidən verilməsinə dair müvafiq qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-698/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-698/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver