Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-699/2021 02.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 07.10.1992-ci il tarixdən 15.12.N-cü il tarixədək Qarabağ uğrunda gedən döyüşlərdə N və N saylı hərbi hissələrdə xidmət etmişdir. Həmin hərbi hissələrdə 15.12.Ncü il tarixədək xidmət etmişdir. Eyni zamanda o, Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, Dilağardı postunda və digər ərazilərdə xidmətdə olmuşdur. Lakin ona məxsus olan hərbi biletdə heç bir qeyd aparılmamışdır. Eyni zamanda həmin vaxt ölkədə hərcimərcilik olduğundan məlum səbəblərə görə onun xidməti barədə heç bir qeyd aparılmamışdır. Lakin, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 11.10.2018-ci il tarixli, 9/2- 16049 saylı məktubunda onun N saylı hərbi hissədə xidməti barədə məlumat vardır. Hazırda o, müharibə iştirakçısı kimi dövlət tərəfindən verilən müəyyən imtiyazlardan istifadə etmək istəyir. Lakin ona müharibə iştirakçısı adı verilməmişdir. O, müharibə veteranı vəsiqəsi almaq üçün Müdafiə Nazirliyinə müraciət etməsinə baxmayaraq Müdafiə Nazirliyinin müvafiq məktubu ilə ona veteran adının verilməsindən imtina olunmuşdur. Göstərilənlər nəzərə alaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alıb, veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 1992-ci ildə səfərbərliklə əlaqədar ordu sıralarına aparıldıqdan 3 ay sonra 30 nəfərlə birgə geri qayıtmışdır. Geri qayıtmasına səbəb hərbi hissədən ona və digər əsgərlərə “kim istəyirsə geri qayıtsın” ifadəsinin bildirilməsi olmuşdur. Buna görə də o, geri – Qax rayonuna qayıtmışdır. Geri qayıtdıqdan sonra Qax rayonunda işlədiyinə görə hərbi hissəyə qayıtmamışdır. Qax rayonunda işə gedən zaman onu polis əməkdaşları tutaraq, yenidən hərbi hissəyə qayıtmalı olduğunu bildirmiş və daha sonra isə Mingəçevir şəhərində yerləşən hərbi hissəyə aparmışlar. Lakin, o, 1 gün orada qaldıqdan sonra özü ilə maraqlanan olmadığını görərək yenidən geriyə - Qax rayonuna qayıtmışdır. Növbəti dəfə Qax rayonunda işə gedən zaman polis əməkdaşları yenə onu saxlayaraq hərbi hissəyə geri qaytarmaq üçün Perekeşkül qəsəbəsində yerləşən hərbi hissəyə aparmışlar. N gün hərbi hissədə qaldıqdan sonra o, yenidən onunla maraqlanan olmadığını görərək Qax rayonuna geri dönmüş və bir daha heç vaxt hərbi hissəyə qayıtmamışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 28.04.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsində, 07.10.1992-ci il tarixdən Qarabağ uğrunda gedən döyüşlərdə N və N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 07.04.2021-ci il tarixli 9/2-2888 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin 09.10.1992-ci il tarixli 56 nömrəli əmrilə Azərbaycan Respublikası Hərbi komissarlığından göndərilmiş İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 10.10.1992- 14.04.N-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1992-ci il, may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () nömrəli hərbi hissə komandirinin 1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 12.04.2021-ci il tarixli 1/E-9070 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə 01.05.1992-12.05.1994-cü il tarixlərdə, N nömrəli hərbi hissə 03.03.1992-01.07.1992-ci il tarixlərdə, 20.03.1992- 01.07.1992-ci il (860 nömrəli hərbi hissənin tərkibində) tarixlərdə, 01.07.1992-12.05.1994cü il tarixlərdə (N nömrəli hərbi hissənin tərkibində) döyüş əməliyyatlarında iştirak edib. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.08.2020-ci il tarixli məktubu, - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 11.10.2018-ci il tarixli 9/2-16049 nömrəli məktubu, - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14.06.2021-ci il tarixli məktubu, - Tərtər Hərbi Prokurorluğunun 31.03.2021-ci il tarixli 22HP1544 nömrəli məktubu, - Qarabağ Hərbi Prokurorluğunun 07.04.2021-ci il tarixli 18/1469 nömrəli məktubu, - Şəki Şəhər Rayon Polis Şöbəsinin 06.04.2021-ci il tarixli 189-9074-1121 nömrəli məktubuna əlavə edilmiş tələbnamə, - Füzuli Hərbi Prokurorluğunun 08.05.2021-ci il tarixli 16/2375 nömrəli məktubu. - SHXÇDX-nin Qax Rayon Şöbəsinin 05.05.2020-ci il tarixli arayışı, 15.04.2021-ci il tarixli 244 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının surəti və H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 31.03.2021-ci il tarixli 22HP1544 nömrəli məktubundan görünür ki, 1970-ci il təvəllüdlü, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. İş materiallarında olan, SHXÇDX-nin Qax Rayon Şöbəsinin 05.05.2020-ci il tarixli arayışı, 15.04.2021-ci il tarixli 244 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının surəti və H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 07.10.1992-ci il tarixdə səfərbərliklə əlaqədar olaraq ordu sıralarına göndərilmişdir. 1994-сü ildə özbaşına olaraq təlim mərkəzini tərk etmişdir, geri qaytarılması ilə bağlı aparılan axtarış əməliyyatları heç bir nəticə verməmişdir. Hərbi biletdə iddiaçının xidməti barədə heç bir məlumat yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.08.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının 11.10.2018-ci il tarixli 9/2- 16049 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin şəxsi heyət əlifba qeydiyyat kitabında xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 11.10.2018-ci il tarixli 9/2-16049 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin 09.10.1992-ci il tarixli 56 nömrəli əmrində İddiaçı şəxsi heyətin siyahısına bütün növ təminatlara salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında əsgər İddiaçı Kamil oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 06.04.2021-ci il tarixli 189-9074-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 07.04.2021-ci il tarixli 18/1469 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 08.05.2021-ci il tarixli 16/2375 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 11.10.2018-ci il tarixli 9/2-16049 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçı 09.10.1992-ci il tarixdə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilsə də, onun sonrakı xidməti barədə məlumat aşkar edilmir. İddiaçının hərbi xidmətdən yayınması və sonrakı xidmətinin faktiki olaraq olmaması məhkəmə araşdırması zamanı izahatı alınarkən də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə, iddiaçının məhkəmə iclasında verdiyi izahatına hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının hərbi xidmətdən yayınması və dəfələrlə onun ordu sıralarına geri qaytarılmasına edilən cəhdlərdən hər dəfə yayınaraq, son nəticədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməkdən boyun qaçırması onu göstərir ki, iddiaçının hərbi biletində müvafiq qeydlərin olmamasına və Müdafiə Nazirliyinin arxivində müvafiq məlumatların olmamasına səbəb həmin dövrdə qeydlərin natamam aparılması və ya ümumiyyətlə aparılmaması deyil, iddiaçının özünün də etiraf etdiyi kimi hərbi xidmətdən dəfələrlə yayınması olmuşdur. Həmçinin SHXÇDX-nin Qax Rayon Şöbəsinin 15.04.2021-ci il tarixli 244 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasında da iddiaçının özbaşına olaraq təlim mərkəzini tərk etməsi və xidmət yerinə geri qaytarılması ilə bağlı axtarış əməliyyatlarının aparılması ilə bağlı aparılan qeydlər iddiaçının faktiki olaraq döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidmətdən yayındığını əks etdirir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Lakin, nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-699/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-699/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver