Məhkəmə qərarları › İş №2-1(116)-7/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-7/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-7/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 18.10.2017-ci il tarixli 92 saylı sərəncamının ləğv edilməsi və cavabdehin 05.03.2019-cu il tarixli 19 saylı sərəncamının qismən yəni, X2 icarəyə verilmiş torpaq sahəsinin İddiaçı icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 140 ha hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 18.10.2017-ci il tarixli 92 saylı sərəncamının ləğv edilməsini” xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(116)-534/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmiş, Məhkəmənin 06.05.2022-ci il tarixli qərardadı ilə onun inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. Məhkəmənin 16.03.2021-ci il tarixli 2-1(116)-60/2021 nömrəli qərardadı ilə iş üzrə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X7” MMC-yə həvalə edilmişdir. Məhkəmənin 25.05.2021-ci il tarixli 2-1(116)-60/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı “iddia tələbinin həcminin artırılması barədə” ərizə təqdim edərək “cavabdehin 18.10.2017-ci il tarixli 92 saylı və 05.03.2019-cu il tarixli 19 saylı sərəncamlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin 23.08.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı 22.12.2021-ci il tarixdə məhkəmə hazırlıq icraatında “iddia tələbinin həcminin artırılması barədə” ərizə təqdim etmiş, müəyyən edilmişdir ki, təqdim edilmiş ərizədə qeyd edilən tələb iddiaçının 18.08.2021-ci il tarixdə təqdim etdiyi “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə eynidir. 18.08.2021-ci il tarixdə təqdim edilmiş ərizə Məhkəmənin 23.08.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul edildiyindən, Məhkəmənin 22.12.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə əvvəlki ərizə ilə eyni məzmunlu ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı, məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Cavabdeh başçısının 18.10.2017-ci il tarixli 92 saylı sərəncamının ləğv edilməsi və cavabdehin 05.03.2019-cu il tarixli 19 saylı sərəncamının qismən yəni, X2 icarəyə verilmiş torpaq sahəsinin İddiaçı icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 140 ha hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin vəsatət verərək mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin hesabına ödədiyi 1011 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. Məhkəmənin 06.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdeh başçısının 09.03.2012-ci il tarixli 25 №-li sərəncamı ilə iddiaçıya heyvandarlığın inkişafı üçün 20 il müddətinə 400 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış və 09.03.2012-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin torpaq sahəsinə A seriyalı 497142 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilərək Dövlət torpaq kadastrı kitabında 23.06.2014-cü ildə 720 nömrəsi ilə uçota alınmışdır. Daha sonra Zərdab RİH-in başçısı iddiaçı tərəfindən torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi və pambıqçılığın inkişafı zərurəti əsas götürülərək 18.07.2017-ci il tarixli 92 nömrəli sərəncam verilmiş, iddiaçının icarəsinə 400 ha torpaq sahəsinin verilməsi ilə bağlı 09.03.2012-ci il tarixli 25 nömrəli sərəncam və icarə müqaviləsi ləğv edilmişdir. Bundan sonra Zərdab RİHin başçısının 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncamı ilə əvvəllər iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin bir hissəsinin daxil olduğu 513 ha torpaq sahəsi üçüncü şəxs X2 icarəyə verilmişdir. İddiaçı Cavabdeh başçısının 18.07.2017-ci il tarixli 92 nömrəli sərəncamını tam, Zərdab RİH-in başçısının 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncamını qismən (ona ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşən 140 ha hissəsində) mübahisələndirmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, müvafiq sərəncamların ümumiyyətlə ona verilməməsi, Zərdab RİH-in başçısının 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncamının onun hüquqların toxunduğunu isə iş üzrə mütəxəssis cəlb edildikdən sonra öyrəndiyini bildirmiş, tələb hüququnu müvafiq sərəncamların qanunsuz olması, mübahisəli torpaq sahəsindən icarə hüququ əsasında istifadə etməsi, ona icarəyə verilmiş 400 ha torpaq sahəsi qış otlaq sahəsi olduğu və təyinatı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dəyişdirilmədiyi halda, cavabdehin sərəncamı ilə ondan pambıqçılığın inkişafı məqsədilə geri alınaraq, yenidən heyvandarlığın inkişafı məqsədilə üçüncü şəxsə verilməsi, cavabdeh tərəfindən icarə müqaviləsinin ondan xəbərsiz olaraq birtərəfli qaydada ləğv edilməsi, lakin özünün və ailə üzvlərinin hazırda da həmin torpaq sahəsindən istifadə edərək, heyvandarlığın inkişafı ilə məşğul olmaları ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan, məhkəməyə ünvanladığı iddia tələbinə etirazında qeyd etmişdir ki, ünvan 1rda Zərdab rayonu Bəyimli qəsəbəsində məskunlaşmış İddiaçı Zərdab RİH başçısının 09.03.2012-ci il tarixli 25 №-li sərəncamı ilə X10ş otlaq ərazisinin “Zakatala yeri” adlanan hissəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 400 hektar torpaq sahəsi icarəyə verilmişdir. Lakin, İddiaçı ona ayrılmış icarə torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. O, icarəsində olan 400 hektar torpaq sahəsində heyvandarlıqla məşğul olmaq əvəzinə torpağın təyinatından kənara çıxaraq 10 hektar sahədə bostan, 10 hektar sahədə pambıq, 15 hektardan çox sahədə taxıl səpini aparmışdır. Bununla bağlı 09.03.2011-ci il tarixdə İddiaçı heyvandarlığın inkişafı üçün icarəsinə verilmiş 400 hektar torpaq sahəsinə baxış keçirərilərkən icarədarın torpaqdan təyinatı üzrə istifadə etmədiyi müəyyən edildiyi üçün Zərdab RİH-nin səlahiyyətli nümayəndələrinin və icarədarın iştirakı ilə akt tərtib edilərək ona şifahi xəbərdarlıq edilmişdir. İddiaçı heç bir səbəb göstərmədən həmin aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü (torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə) və 6-cı (istifadə və ya icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə) abzaslarına əsasən torpaq sahəsindən istifadə və icarə hüququna xitam verilmişdir. Qeyd olunanlara əsasən tələbin əsassız olduğundan baxılmamış saxlanılması və 18.10.2017-ci il tarixli 92 saylı sərəncamının qüvvədə saxlanılması xahiş edilmişdir. Həmçinin cavabdeh orqan, işdə olan ekspert rəyinə və iddia tələbinin həcminin artırılması ilə bağlı ərizəyə münasibətdə bildirmişdir ki, vaxtı ilə İddiaçı icarəyə verilmiş 400 ha torpaq sahəsinin ƏMDK Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən yerquruluşu planı ləğv edildiyi üçün ekspertin verdiyi rəy düzgün deyildir. Çünki, İddiaçı adına olan icarə müqaviləsi ləğv edildiyi üçün ƏMDK-nin bazasında həmin torpaq sahəsinin 140 ha hisssəsi Şahin Mustafayevə məxsusdur. Qeyd olunanları nəzərə alaraq 18.10.2017-ci il tarixli 92 saylı sərəncamın ləğv edilməsi barədə tələbin və tələbin həcminin artırılmasına dair iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh başçısının 09.03.2012-ci il tarixli 25 №-li sərəncamından görünür ki, Zərdab rayonu Bəyimli qəsəbəsində məskunlaşan Laçın rayonu Bülüldüz kənd sakini İddiaçı X11 daxil olan qış otlaq ərazisinin Zaqatala adlanan hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında heyvandarlığın inkişafı üçün 20 il müddətinə 400 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. - 09.03.2012-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"dən görünür ki, həmin müqavilə göstərilən sərəncama əsasən, Zərdab RİH ilə İddiaçı arasında 400 ha torpaq sahəsi ilə bağlı 20 il müddətinə bağlanmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 497142 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd İddiaçı adına 400 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında 23.06.2014-cü ildə 720 nömrəsi ilə uçota alınmışdır. - Zərdab RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini N.Rüstəmov və digər şəxslər tərəfindən tərtib edilmiş 06.10.2017-ci il tarixli aktda göstərilmişdir ki, iddiaçıya icarəyə ayrılmış 400 ha torpaq sahəsinin təxminən 5-10 ha bostan, 5-10 hektarında pambıq, 15-20 hektarında taxıl əkməsi müəyyən edilmiş, sahədə böyük su arxı, eyni zamanda, böyük həcmli su nasosu qoyulması aşkar edilmişdir. Dəfələrələ İddiaçı torpaq sahəsinin təyinatını dəyişdirməməsi və üst münbit qatının korlanmaması izah edilmiş, lakin icarəçi çox sahəli şumlama aparmaqla torpağın təyinatını dəyişmişdir. - Zərdab RİH-in başçısının 18.07.2017-ci il tarixli 92 nömrəli sərəncamından və sərəncamların qeydiyyatı kitabından çıxarışdan görünür ki, İddiaçı 20 il müddətinə icarəyə verilmiş 400 ha torpaq sahəsi ilə bağlı Zərdab RİH-in başçısının 09.03.2012-ci il tarixli 25 nömrəli sərəncamının və icarə müqaviləsinin ləğv edilməsi, ləğv edilmiş 400 ha torpaq sahəsinin boş və istifadəsiz ərazi olaraq Zərdab Rayon X12un balansına qaytarılması qərara alınmışdır. - DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 20.07.2020-ci il tarixli və Əmlak Məsələləri Dövlət Xidmətinin 11.09.2020-ci il tarixli məktublarından görünür ki, Zərdab RİH-in başçısının 18.07.2017-ci il tarixli 92 nömrəli sərəncamı və 09.03.2012-ci il tarixli icarə müqaviləsi əsasında DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş AN 497142 nömrəli planı-ölçü sənədi üzərində reyestrdə hər hansı əməliyyat aparılmamışdır. Sözügedən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. - Zərdab RİH-in başçısının 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncamından görünür ki, X2 “Sovxoz yeri” adlanan ərazidən heyvandarlığın inkişafı üçün ayrılmış 513 hektar torpaq sahəsinin 3000 hektar Aqropark üçün ayrılmış əraziyə düşdüyünə görə rayonun digər ərazisindən ona X8 aid “Zaqatala yeri” adlanan ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 300 hektar torpaq sahəsinin ayrılması barədə ərizəsinin nəzərə alınması, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin torpaq sahəsinin sərhədləri müəyyən olunduqdan sonra müvafiq sənədlərin Qəbələ rayonu Soltan-Nuxa kənd sakini X2 verilməsini təmin etməsi qərara alınmışdır. - “X7” MMC-nin16.05.2021-ci il tarixli 178 nömrəli rəyindən görünür ki, Zərdab rayonu inzibati ərazisində yerləşən X12un Zaqatala adlanan hissəsindən İddiaçı icarəyə verilmiş 400 ha torpaq sahəsi ərazinin ümumi xəritə materiallarına və torpaq sahəsinin ümumi coğrafi vəziyyətini nəzərə alaraq sözgedən torpaq sahəsi ilə iş materiallarına əlavə edilmiş Zərdab RİH-nin 05.03.2019-cu il tarixli 19 №-li sərəncamı ilə X5 icarəyə verilmiş və ƏMDK Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən yerquruluşu planı tərtib edilmiş 300.0 ha torpaq sahəsi ilə ümumi ərazinin şimal hissəsində 140.0 ha ölçüdə üstüstə düşməsi müəyyən olunmuşdur. İddiaçıya icarəyə verilmiş 400 hektar torpaq sahəsinə dair tərtib olunmuş A seriyalı 497142 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. - 24510 №-li, 23.08.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin "xxxx" ASC-də olan hesabına mütəxəssis rəyinin təqdim edilməsi üçün 1011 manat pul məbləği ödənilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13.09.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, X4 adına tərtib edilmiş ********** nömrəli yerquruluşu planında göstərilən 300.0 ha torpaq sahəsi, İddiaçı adına tərtib edilmiş, A 497142 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar daxilindəki 400.0 ha torpaq sahəsi ilə 140.0 ha hissədə üst-üstə düşür. X1 və İddiaçı icarələrinə verilmiş 400.0 ha və 300.0 ha torpaq sahələri elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı olmaqla örüş torpaq sahələrində yerləşir. Əsaslandırma hissəsi : Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar üçün 30 günlük iddia müddəti müəyyən edilmiş və bu müddətin başlanğıcı inzibati aktın təqdim (elan) olunduğu, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxt nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin sərəncamlarının ləğvi üçün şikayət instansiyasına şikayət verməmiş, eləcə də sərəncamların ona təqdim (elan) olunması barədə sübut yoxdur. Məhkəmə hesab edir ki, belə olan halda, iddia müddəti buraxılmamışdır. İddianın mümkün sayılmaması üçün digər əsaslar da yoxdur. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, İddiaçı icarəyə verilmiş 400 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüş sahəsidir. İddiada mübahisələndirilən 18.10.2017-ci il tarixli 92 nömrəli sərəncam, iddiaçının icarəsinə torpaq sahəsinin verilməsi barədə 09.03.2012-ci il tarixli 25 nömrəli sərəncamın və onun əsasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncam isə müvafiq olaraq X2 300 ha torpaq sahəsinin icarəyə verilməsi barədədir. Cavabdeh özünün 18.10.2017-ci il tarixli 92 nömrəli sərəncamını belə əsaslandırmışdır ki, 17.09.2016-cı ildə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair Respublika müşavirəsində cənab Prezident tərəfindən növbəti illərin hədəfləri qeyd edilərkən öhdəlik olaraq Zərdab rayonunda 3000 ha, növbəti illərdə isə pambıq əkini üçün daha çox torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq tapşırıq verilmişdir. Rayon ərazisində əkin dövriyyəsini artırmaq, eyni zamanda pambıqçılığın inkişafı ilə bağlı torpaqdan məqsədli təyinatına görə istifadə etməyən torpaq icarədarları vardır. İddiaçı icarəsində olan 400 ha torpaq sahəsinə pambıqçılığın inkişafı ilə bağlı zəruri ehtiyac yarandığı üçün torpaq sahəsinin geri alınması, torpaq sahəsinin istifadə və icarə hüquqlarına xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Sərəncamda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü (torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə), 6-cı (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə) və 10-cu (dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda) abzasları, həmçinin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.3.4-cü bəndi rəhbər tutulmuşdur. Göründüyü kimi, 18.10.2017-ci il tarixli 92 nömrəli sərəncamda icarə barədə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi üçün iki müxtəlif əsasa istinad edilmişdir: 1) İddiaçı heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsinin növbəti illərdə pambıq əkini üçün ayrılması zərurəti, 2) iddiaçının icarəyə götürdüyü həmin torpaqdan məqsədli təyinatına uyğun istifadə etməməsi. Sərəncamda qeyd olunan 1-ci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 6-cı bəndində deyilir ki, yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Göründüyü kimi, iddiaçıya icarəyə verilmiş 400 ha torpaq sahəsi örüş torpaq sahəsi olduğuna görə Zərdab RİH-in həmin torpaq sahəsində pambıq əkilməsinə heç bir halda icazə vermək səlahiyyəti yoxdur. Deməli, torpaq sahəsini geri alarkən həmin sahənin pambıq əkininə ayrılması zərurətinə istinad etməsi qanunsuzdur. Həmçinin müəyyən olunur ki, cavabdeh Zərdab RİH növbəti illərdə pambıq əkininə ayırmaq üçün iddiaçıdan geri aldığı torpaq sahəsini pambıq əkini üçün deyil, yenidən heyvandarlığın inkişaf etdirilməsi üçün iddiaçıya deyil, üçüncü şəxsə ayırmışdır. Sərəncamda qeyd olunan 2-ci əsasla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində deyilir ki, bu maddənin 1ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Cavabdeh öz sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 5ci abzasında göstərilən "torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə", 7-ci abzasında göstərilən "istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə" və 11-ci abzasında göstərilən "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" əsaslarına istinad etsə də, abzasların nömrələrini səhvən müvafiq olaraq 4-cü, 6-cı və 10cu abzaslar kimi göstərmişdir. Məhkəmə bunu texniki səhv kimi qiymətləndirsə də, qeyd edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh Zərdab RİH-in belə bir səlahiyyəti yoxdur. Bundan başqa, həmin iki halda, torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə, bu barədə iddiaçıya xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını ondan tələb edərək ona müəyyən bir müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin hazırkı işdə nöqsanların aşkar edilməsi barədə cavabdehin tərtib etdiyi akt mövcud olsa da, nöqsanların aradan qaldırılması üçün iddiaçıya xəbərdarlıq edilməsi və bunun üçün konkret müddət təyin edilməsi barədə sübut yoxdur. Cavabdehin yeganə sübutu iddiaçı tərəfindən imzalanmamış aktdan ibarətdir ki, bu aktda da nöqsanların aradan qaldırılması üçün müddət müəyyən edilməsi göstərilməmişdir. Sərəncamda istinad olunan "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" halına gəldikdə isə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsində deyilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Göründüyü kimi, torpağın alına biləcəyi dövlət ehtiyaclarının dəqiq siyahısı Qanunda göstərilmişdir və bu siyahının genişləndirici təfsirinə yol verilmir. Cavabdeh Zərdab RİH-in istinad etdiyi hal (iddiaçıya heyvandarlığın inkişafı üçün icarəyə verilmiş torpaq sahəsinin növbəti illərdə pambıq əkini üçün ayrılması zərurəti) isə torpağın alına biləcəyi dövlət ehtiyaclarının siyahısında yoxdur. Ona görə də məhkəmə cavabdehin sərəncamında Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 11-ci abzasında göstərilən "dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda" əsasına istinadı qanunsuz hesab edir. Beləliklə, cavabdeh mübahisələndirilən 18.10.2017-ci il tarixli 92 №-li sərəncamı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, cavabdeh Zərdab RİH-in başçısının 18.10.2017-ci il tarixli 92 №-li sərəncamı iddiaçını icarə hüququndan məhrum etməklə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməlidir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-2700/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.10.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Məhkəmə iddiada mübahisələndirilən digər 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncamla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin maddənin 6-cı bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. "İnzibati icraat haqqında" Qanunun 67.3-cü maddəsinə uyğun olaraq, cavabdehin qanunsuz əlverişsiz inzibati aktının, yəni 18.10.2017-ci il tarixli 92 nömrəli sərəncamının ləğv olunması həmin sərəncamın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığına görə bu sərəncamda göstərilmiş 400 ha torpaq sahəsi üzərində iddiaçının pozulmuş icarə hüququ bərpa edilməlidir. Belə olan halda, iddianın qeyd olunan hissəsinin həlli üçün ilk növbədə mübahisələndirilmiş digər sərəncamla üçüncü şəxsə ayrılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməlidir. Bunun üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək 13.09.2021 mütəxəssis rəyi və sxem alınmışdır. Müvafiq rəy əsasında müəyyən edilmişdir ki, X4 adına tərtib edilmiş ********** nömrəli yerquruluşu planında göstərilən 300.0 ha torpaq sahəsi, İddiaçı adına tərtib edilmiş, A 497142 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar daxilindəki 400.0 ha torpaq sahəsi ilə 140.0 ha hissədə üst-üstə düşür. "İnzibati icraat haqqında" Qanunun 2.0.10-cu maddəsinə görə, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanununun 67.8-ci maddəsində deyilir ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi, cavabdeh Zərdab RİH-in başçısının 05.03.2019-cu il tarixli 19 nömrəli sərəncamı üçüncü şəxsə münasibətdə qanunsuz əlverişli inzibati aktdır. Həmin sərəncam onda göstərilmiş torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində iddiaçının hüquqlarına ziyan vurur. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 05.03.2019-cu il tarixli 19 №-li sərəncam qismən, yəni X2 icarəyə verilmiş torpaq sahəsinin İddiaçı icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 140 ha hissəsində, 18.10.2017-ci il tarixli 92 nömrəli sərəncam isə tam ləğv edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.2. Proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. 111.5. Proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər. Belə ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi hazırkı inzibati mübahisənin yaranmasına səbəb cavabdehin qəbul etdiyi qanunsuz inzibati aktlar olmuşdur. Buna görə də mübahisə üzrə cavabdehin təqsiri üzündən meydana gəlmiş prossesual xərcin də iddiaçıya ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, məhkəmə iddiaçı tərəfindən verilmiş, “mütəxəssis xərci olaraq ödənilmiş 1011 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə” vəsatəti əsaslı hesab edir. İnzibati Prossesual Məcəllənin: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının 18.10.2017-ci il tarixli 92 saylı sərəncamı tam ləğv edilsin. Cavabdeh başçısının 05.03.2019-cu il tarixli 19 saylı sərəncamı qismən, yəni, X2 icarəyə verilmiş torpaq sahəsinin İddiaçı icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 140 ha hissəsində ləğv edilsin. İddiaçı tərəfindən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin "xxxx" ASC-də olan hesabına mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 1011 manat pul məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar