Məhkəmə qərarları › İş №2-1(116)-70/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-70/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-70/2021 15.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) “Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən olunmasından imtina barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş oğlu Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların xx xxxxxx 2011-ci il tarixdə Kərimli Nurullah Sahib oğlu adına övladı doğulmuşdur. Uşaq anadangəlmə eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli neyrosensor ağıreşitmə 4-cü dərəcə diaqnozu ilə xəstə doğulmuşdur. Beləki, uşaq anadangəlmə lal-kardır. İddiaçılar uşağı indiyədək müalicə etdirmişlər. Lakin pensiya təyin edilməsi üçün müraciət etməmişlər. İddiaçılar uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi almaq, pensiya təyin olunması üçün həkim komissiyalarından keçirmişlər. Lakin cavabdeh orqan N.Kərimova əlillik təyin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi “diaqnoz: eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli neyrosensor ağıreşitmə 4-cü dərəcə” İmtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: ixtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicənın davamı məsləhət görülür” qeyd edilmişdir. İddiaçılar ərizəsində bildirir ki, cavabdeh orqan uşağın sağlamlıq imkanının məhdudluğunu müəyyən etməmiş və beləliklə məntiqsiz cavab vermişdir. Belə ki, anadangəlmə lal-kar doğulmuş uşağın müalicə vasitəsilə normal insana çevrilməsi qeyrimümkündür. Yəni, lal-kar doğulmuş uşaq müalicə nəticəsində danışa və eşidə bilməz. İddiaçı1 xx.xx.2020-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən olunmasından imtina barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi və Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. Sənədlərin təhlili göstərir ki, səhiyyə müəssisəsinin Nurullah Kərimliyə aid 0256003AAJ2J nömrəli göndərişi xx.xx.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, ixtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görüldüyündən əlilliyin təyinindən imtina edilmişdir. İddia ərizəsi ilə əlaqədar Agentliyə göndərilən xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 672/2020 nömrəli müraciətlə bağlı qeyd edilir ki, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi xəstəliyinin müalicəsi mümkün deyil. X1 aid göndərişin əsas diaqnoz hissəsində xəstəliyin anadangəlmə olması ilə bağlı məlumat qeyd edilməmişdir. Bundan başqa xəstənin 8 yaşı olmasına baxmayaraq göndərişdə nitqi haqqında da heç bir məlumat qeyd edilməyib. Ona görə də ixtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicənin davam etdirilməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Müraciətə əlavə edilən audiometriyanın diaqnoz hissəsinə diqqət yetirdikdə orada “ikitərəfli İV dərəcəli neyrosensor ağıreşitmə, İki tərəfli koxlear nevrit. Anadangəlmə nitqin pozulması” yazıldığını görürük. Həmin diaqnoz Nurullah Kərimliyə aid 0256003AAJ2J nömrəli göndərişin müvafiq hissəsində dolğun şəkildə öz əksini tapmadığına (qeyd olunmadığına), bu da öz növbəsində xəstəliyin anadangəlmə deyil sonradan əmələ gəldiyini düşünməyə əsas verdiyinə görə ixtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülmüşdür. Məlumat üçün qeyd edilir ki, eşitmənin anadangəlmə tam itirilməsi halında həmin qənaətə gəlmək üçün müayinəyə, müxtəlif xəstəliklər səbəbindən lll-İV dərəcə neyrosensor itirilməsi halında isə həm müayinəyə həm müalicəyə ehtiyac var. 0256003AAJ2J nömrəli göndərişdə eşitmənin itirilməsinin səbəbinin anadangəlmə və ya müxtəlif xəstəliklər səbəbindən olması öz əksini tapmadığı üçün sağlamlıq imkanları məhdudluğunun təyin edilməsindən imtina əsaslıdır. Nurullah Kərimliyə sağlamlıq imkanları məhdud uşaq olmasının təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. İş üzrə üçüncü şəxsin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 131 nömrəli məktubunda qeyd edilir ki, Kərimli Nurullah Sahib oğlu, 2011-ci il təvəllüdlü, Çobankol kənd sakini “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi; ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcə” diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində xəstənin sənədləri onlayn şəkildə TSEK-na göndərilmiş və imtina cavabı veriİmişdir. İmtinada “Əlavə müalicəyə ehtiyacı olması, ixtisaslaşmış müalicə müəssisələrində müayinə və müalicənin davamı məsləhət görülür” yazılmışdır. RMX PHŞ-nin Həkim Məsləhət Komissiyası olaraq bildirilir ki, bu diaqnoz anadangəlmədir və müasir təbabətdə müalicəsi mümkün deyildir, buna görə də Kərimli Nurullah Sahib oğlu sağlamlıq imkanları məhdud uşaq sayılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 609367 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Kərimli Nurullah Sahib oğlu xx.xx.2011-ci il tarixdə Zaqatalata rayonunda anadan olmuşdur. Atası İddiaçı2, anası İddiaçı1dır. İş materiallarında olan 550338 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Kərimli Nurullah Sahib oğlu ilə Kərimova (İsayeva) Xəyalə Ömərxəlifə qızı arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 0256003AAJLG nömrəli, xx.xx.2019-cu il tarixli göndərişin surətindən müəyyən edilir ki, iş üzrə üçüncü şəxs tərəfindən N.Kərimli barədə göndəriş tərtib edilərək onlayn formada sistemə yerləşdirilmiş, lakin cavabdeh orqanın xx.xx.2019cu il müayinə tarixli qərarı ilə N.Kərimliyə əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyin edilməmiş, imtinaya səbəb kimi göndərişin natamam doldurulması qeyd edilmişdir. İş materiallarında olan 0256003AAJ2J nömrəli, xx.xx.2019-cu il tarixli göndərişin surətindən müəyyən edilir ki, iş üzrə üçüncü şəxs tərəfindən N.Kərimli barədə göndəriş tərtib edilərək onlayn formada sistemə yerləşdirilmiş, lakin cavabdeh orqanın xx.xx.2019cu il müayinə tarixli qərarı ilə N.Kərimliyə əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyin edilməmiş, diaqnoz olaraq əlavə müalicəyə ehtiyacının olması, ixtisaslaşmış müalicə müəssisəsində müayinə və müalicənin davamı məsləhət görülmüşdür. İş materiallarında olan üçüncü şəxsin xx.xx.2020-ci il tarixli, 364 nömrəli məktubunda qeyd edilir ki, Zaqatala rayon Çobankol kənd sakini, 2011-ci il təvəllüdlü Kərimli Nurullah Sahib oğlu “İkitərəfli Neyrosensor ağır eşitmə İV dərəcə, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində sənədləri onlayn qaydada TSEK-na göndərilmişdir. Hər iki halda imtina cavabı verilmişdir. Zaqatala RMX PHŞ-sı olaraq bildirilir ki,əlilliyin və sağlamlıq imkanları məhdudluğun təyin olunması HMK-nın səlahiyyətləri çərçivəsində deyil. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs xx.xx.2020-ci il tarixli 87 nömrəli məktubla inzibati işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qızının hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçılar hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı qanunvericiliyin tələbi baxımından xx.xx.2011-ci il təvəllüdlü Kərimli Nurullah Sahib oğlunun valideyni olmaqla sonuncunun mənafelərinin müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir (Mülki Məcəllə maddə - 33.2). İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan normalardan göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü Kərimli Nurullah Sahib oğluna “İkitərəfli Neyrosensor ağır eşitmə İV dərəcə, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” H90.3 diaqnozu qoyulmuşdur. Bu da onu deməyə əsas verir ki, qanunvericiliyin tələbi baxımından Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanı məhduddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1.26-cı bəndinə əsasən anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9, H90-H90.5) olduqda uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.4-cü bəndinə əsasən bu Əsasnamənin 3.1.1 – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göründüyü kimi, əlillərə münasibət sahəsində Dövlətin apardığı sosial siyasət onların cəmiyyətə inteqrasiyasına, sosial rifah hallarının və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir ki, Dövlətin bu sahədə olan siyasətini həyata keçirən cavabdehin fəaliyyəti tibbi etika və deontologiya prinsiplərinə əsasən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh formal və hər hansı qanuni əsasa söykənməyən hərəkətləri ilə anadangəlmə əlil olan iddiaçının oğlunun sağlamlıq imkanlarının mıhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, onun bu hərəkətləri Dövlətin bu sahəsdə həyata keçirdiyi siyasətin prinsiplərinə zidd olmaqla tibbi etika və deontologiya prinsipləri ilə də uzlaşmır. Əlillərə və ya sağlamlıq imkanları məhdud olan uşaqlara bu cür münasibət qəbul edilməz olduğu kimi insapərvərliyə belə sığmır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməklə, cavabdehin üzərinə xx.xx.2011-ci il tarixdə doğulmuş Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə xx.xx.2011-ci il tarixdə doğulmuş Kərimli Nurullah Sahib oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar