Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-700/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0,0074 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki şəhəri X7 prospektində yerləşən 0,0074 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 18.02.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. "X10" MMC tərəfindən 25.09.2019-cu ildə "Şəki şəhəri X7 prospektində tikintisi nəzərdə tutulan İddiaçı məxsus qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin direktoru M.Xəlilov tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Sənəddə baş memarın imzalamasının və möhürlə təsdiq etməsinin tarixi yazılmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən və mülkiyyətində olan 0,0074 ha torpaq sahəsində inşa etdiyi qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 28.10.2019-cu il tarixli **********08 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (01.01.2013-cü ildən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, cavabdehin imtinasında qeyd olunan hallar onun tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyinə şübhə edilməsinə əsas olmamaqla hüquqların dövlət qeydiyyatından imtina üçün qanunvericilikdə sadalanan əsaslarla eynilik təşkil etmir və onun qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün maneə deyildir. Cavabdeh yetərincə araşdırma aparmadan bəhanə ilə çıxarış verməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı 18.03.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəki şəhəri X7 prospektində yerləşən 0,0074 ha torpaq sahəsinə İddiaçı tam mülkiyyət hüququ 18.02.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 28.10.2019-cu il tarixli imtina məktubundan görünür ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (01.01.2013-cü ildən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə İddiaçı ərizəsinin icrası mümkün olmamışdır; - İşdə olan, "Şəki şəhəri X7 prospektində tikintisi nəzərdə tutulan İddiaçı məxsus qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli" adlanan sənədin surətindən görünür ki, həmin sənəd "X10" MMC tərəfindən 25.09.2019-cu ildə tərtib edilmişdir; - İşdə olan, Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının 31.05.2020-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə başlamazdan əvvəl tikintiyə icazə verilməsi məqsədilə yerli icra hakimiyyəti orqanına müraciət edilməli, tikintiyə icazə icraatına başlamaq üçün layihə sənədlərinə baxılaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, fəaliyyət sferalarına toxunulan aidiyyatı dövlət orqanlarından müvafiq rəylər alınmalı və bundan sonra obyektin tikintisinə icazə verilməli idi. Həmçinin tikinti obyektinin istismarına icazə verilməsi üçün də tikintiyə icazə ilə bərabər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən "istismara hazırlıq aktı" və Tikintilərin dövlət reyestrindən informativ və statistik kod alınmalı idi. Qeyd edilən prosedur qaydalara iddiaçı tərəfindən riayət edilmədiyinə görə obyektin tikintisinə və istismarına icazə sənədinin verilməsi mümkün deyil; - İşdə olan, Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iddiaçıya yazılmış 30.10.2019-cu il tarixli 364 nömrəli məktubda deyilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində inşa etdiyi 0,0074 ha sahədə yerləşən qeyri-yaşayış obyektinə sanitar baxış keçirilmiş, obyekt sanitar-gigiyenik tələblərə uyğun inşa edilib, açılıb istifadəyə verilməsinə Şəki GEM etiraz etmir; - İşdə olan, X6 tərəfindən iddiaçıya verilmiş 11.09.2018-ci il tarixli 21-19/0020 nömrəli arayışda deyilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən,İddiaçı məxsus qeyri-yaşayış obyektinin üzərindən keçən xətt yararsız vəziyyətdədir və işləmir, tikiliyə də heç bir maneçilik törətmir; - İşdə olan, "xxxx" QSC-nin Zaqatala RQİİ tərəfindən iddiaçıya yazılmış 01.11.2019-cu il tarixli 01/SB-4936/71 nömrəli məktubda deyilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında mühafizə zonası pozulmuş qaz xətti yoxdur. Əsaslandırma hissəsi: İddia ərizəsindən göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı qeydiyyata alınmasını tələb etdiyi hüququn növünü iddia ərizəsində göstərməsə də, şifahi məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək bildirdi ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyatı tələb olunur. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Cavabdehin imtina məktubundan görünür ki, o, qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtinasını aşağıdakı sənədlərin təqdim olunmaması ilə əsaslandırmışdır: 1) Qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar, 2) Tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 5.1.4-cü və 5.1.10-cu maddələrinə əsasən, tikintiyə icazə verilməsi və tikinti obyektlərinin istismarına icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərindəndir. Həmin Məcəllənin 5.2-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndində müəyyən edilmişdir ki, həmin Məcəllənin 5.2ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sadalanan normalardan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (01.01.2013-cü ildən) sonra inşa edilmiş qeyri-yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:
1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
2. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi,
3. tikintiyə icazə verilməsi barədə qərar,
4. tikinti obyektinin istismarına icazə. İddiaçı cavabdehə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi və binanın memarlıq-planlaşdırma həllini təqdim etsə də, tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim etməmişdir. Məhkəmənin 26.02.2020-ci il tarixli sərəncamı və eyni tarixli məktubu ilə iddiaçıya həmin sənədləri vardırsa, onları məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin iddiaçı heç bir sənəd təqdim edə bilməmişdir. Əksinə, onun məhkəməyə təqdim etdiyi Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının 31.05.2020-ci il tarixli 2/H- 86-011 nömrəli məktubu ilə müəyyən edildi ki, iddiaçı tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilməsi məqsədilə yerli icra hakimiyyəti orqanına, ümumiyyətlə, müraciət etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.11.5-ci və 4.11.12-ci bəndlərinə görə, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyəti yerli icra hakimiyyəti başçısına məxsusdur. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Göründüyü kimi, tikintiyə icazə verilməsi barədə qərar dedikdə, yerli icra hakimiyyəti başçısının müvafiq sərəncamı başa düşülür. Lakin iddiaçı ilə bağlı belə bir sərəncam verilməmişdir. "X10" MMC tərəfindən tərtib edilmiş "Şəki şəhəri X7 prospektində tikintisi nəzərdə tutulan İddiaçı məxsus qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli" adlanan sənədin Şəki ŞİH-in baş memarı tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi tikintiyə icazə verilməsi barədə qərar kimi qəbul edilə bilməz. Belə ki, həmin imza və möhür yalnız tikinti layihəsinin təsdiqi üçün icra edilmişdir. Tikintiyə icazə barədə sərəncam həmin layihənin memar tərəfindən təsdiq edilməsindən sonra verilməli idi. Bundan başqa, iddiaçı məhkəməyə Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, X5 və "xxxx" QSC-nin Zaqatala RQİİ-nin arayışlarını təqdim etmişdir. Həmin arayışlarda iddiaçının inşa etdiyi tikilinin sanitar-gigiyenik tələblərə uyğun inşa edildiyi, qeyri-yaşayış obyektinin üzərindən keçən elektrik xəttinin tikiliyə heç bir maneçilik törətməməsi, həmçinin qeyri-yaşayış sahəsinin yaxınlığında mühafizə zonası pozulmuş qaz xəttinin olmaması göstərilmişdir. Məhkəmə həmin arayışlarla bağlı qeyd edir ki, bu sənədlər tikinti obyektinin istismarına icazəni əvəz edə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, tikinti obyektlərinin istismarına icazə verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məxsusdur. Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, X5 və "xxxx" QSC-nin Zaqatala RQİİ-nin nə binanın tikintisinə, nə də istismarına icazə vermək səlahiyyəti yoxdur. Bu səbəbdən də göstərilən arayışlar hazırkı işin həli üçün heç bir əhəmiyyət kəsb etmir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir. Eyni zamanda, məhkəmə bunu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsində deyilir ki, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin normalara uyğun olaraq, iddiaçıya məxsus torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası özbaşına tikintidir və iddiaçı həmin tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Mövcud olmayan hüquq isə qeydiyyata alına bilməz. İddiaçının həmin özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması üçün ümumi məhkəməyə müraciət etmək hüququ var. Tikintiyə onun mülkiyyət hüququ tanınacağı halda, o, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün yenidən cavabdehə müraciət edə bilər.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0,0074 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.