Məhkəmə qərarları › İş №2-1(116)-700/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-700/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-700/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu ildən veteran adı almış şəxslərə təyin olunmuş 80 manat təqaüdün xx.xx.2019-cu ildən 2023-cu ilin mart ayının 14-nə kimi ona düşən, lakin almadığı təqaüdün hesablanaraq verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2019-cu ildən veteran adı almış şəxslərə təyin olunmuş 80 manat təqaüdün xx.xx.2019-cu ildən 2023-cu ilin mart ayının 14-nə kimi ona düşən, lakin almadığı təqaüdün hesablanaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, iddia,; xx.xx.1976-c; ildə Zaqatala rayonu Muxax kəndində anadan olmuşdur. 1992-ci ildə 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməlliyyatlarənda iştirak etmişdir. Ona görə də müharibə veteranıdır. Və bu barədə vəsiqəni xx.xx.2023-cü il tarixdə almışdır.İddiaçı 2019-cu ildən veteran adı almış şəxslərə təyin olunmuş 80 manat təqaüdün xx.xx.2019-cu ildən 2023-cu ilin mart ayının 14-nə kimi ona düşən, lakin almadığı təqaüdün hesablanaraq verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, İddiaçı veteranlar üçün nəzərdə tutulmuş təqaüdün təyin edilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçıya veteran vəsiqəsinin verildiyi xx.xx.2023- cü il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində prezident təqaüdü təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdən əvvəlki dövrlərin ona ödənilməsi üçün təkrar cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2024cü il tarixli 3-17-1/2-H-10122/2024 nömrəli cavab məktubunda veteranlar üçün sosial müavinət növünün ləğv edildiyi, həmin müavinətin prezident təqaüdü ilə əvəz edildiyi və bu səbəbdən həmin tarixlərə görə ödənişin edilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006cı il yanvarın 1- dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dən etibarən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Beləliklə, təqaüdün sosial müavinətin bir növü olmadığı və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının xx.xx.2023-cü il tarixdən əvvəlki dövrlər üzrə müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-445/2022 nömrəli qərarında qeyd olunur ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1 (102)-1206/2020 nömrəli 22 iyul 2020-ci il tarixli 2-1 (102)-1764/2020 nömrəli 30 sentyabr 2020-ci il tarixli 2-1 (102)-1769/2020 nömrəli və 14 oktyabr 2020-ci il tarixli 2- 1(102)- 1875/2020 nömrəli qərarlarında “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad edərək Fərman imzalandıqdan sonra müharibə veteranı adı və vəsiqəsi əldə etmiş şəxslərə əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2023-cü il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçıya veteran vəsiqəsini aldığı xx.xx.2023cü il tarixdən müvafiq prezident təqaüdü təyin edilmişdir. Lakin xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulan müavinət prezident təqaüdü ilə əvəzləşdirilmiş və qanunvericilikdə prezident təqaüdünün müraciət edilməzdən əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı norma nəzərdə tutulmadığından iddiaçıya verilən imtina qanunauyğun olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir.İddiaçı məhkəmə iclasına Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. • İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir; • Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları. Əsaslandırma hissəsi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Zaqatala rayonu Muxax kəndidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müharibə vetranları üçün nəzərdə tutulan “Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü xx.xx.2023-cü il tarixdən əvvəlki dövr üzrə ödənilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə qərara alınmışdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının xx.xx.2023-cü il tarixdə “müharibə veteranı” adı və vəsiqəsi alması və ona Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş “Prezident təqaüdü”nün verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya həmin təqaüdün təyin edildiyi vaxtdan əvvəlki dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş “Prezident təqaüdü”nün məbləğinin ödənilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2023-cü il tarixdə verilsə də, o, müvafiq statusa həmin vaxtdan əvvəlki dövr üzrə xidmətlərinə görə malikdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçıya həmin vəsiqə verilən tarixdə artıq qanunvericiliklə müharibə veteranlarına “müavinət” verilmirdi, 2023-cü ilin may ayından başlayaraq “Prezident təqaüdü” verilməsinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanında isə, təqaüdə münasibətdə müraciət etməzdən əvvəlki dövr üzrə ödənilməmiş məbləğlərin verilməsi nəzərdə tutulmamışdır. Həmin təqaüd sosial müavinət sayılmadığından, onun əvvəlki dövr üzrə ödənilməsi də qanunvericiliyə uyğun deyildir. İddiaçının müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünü almaq hüququ “müharibə veteranı” vəsiqəsini aldığı xx.xx.2023-cü il tarixdən yaranır. İddiada əvvəlki dövr üzrə təqaüdün ödənilməsi tələbi irəli sürülsə də, məhkəmə vurğulayır ki, iddiaçının müharibə veteranı adı və vəsiqəsi aldığı tarixdən əvvəki dövr üzrə həmin təqaüdü almaq üçün hüququ yaranmış olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulan “Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün və sosial müavinətin keçmiş dövr üzrə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlı deyil və iddia əsassızdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üzrə ödənişin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu ildən veteran adı almış şəxslərə təyin olunmuş 80 manat təqaüdün xx.xx.2019-cu ildən 2023-cu ilin mart ayının 14-nə kimi ona düşən, lakin almadığı təqaüdün hesablanaraq verilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar