Məhkəmə qərarları › İş №2-1(116)-701/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-701/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-701/2021 29.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20.12.1999-cu il tarixli 20 saylı qərarı ilə Qəbələ rayon Yemişanlı kəndində ona JN-210A Kod 40615048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20.12.1999-cu il tarixli 20 saylı qərarı ilə Qəbələ rayon Yemişanlı kəndində ona JN-210A Kod 40615048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20.12.1999-cu il tarixli 20 saylı qərarı ilə iddiaçıya Qəbələ rayonu Yemişanlı kəndindən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-210A Kod 40615048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilməklə 18989 nömrə ilə kitabda qeydə alınmışdır. İddiaçı həmin 0,10 hektar həyətyanı torpaq sahəsinə sənəd almaq üçün adına verilmiş JN-210A KOD 40615048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə birlikdə cavabdehə müraciət etmişdir ki, torpağa dövlət reyestrindən çıxarış verilsin. Həmin idarə ona 24.02.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ona verilən şəhadətnamə ərazi idarəsinin elektron kadastr məlumat bazasında mövcud deyil, həmçinin ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, faktiki torpaq sahəsinin bir hissəsi başqa vətəndaşlara (vətəndaşların adı və soyadı göstərilməyib) məxsus torpaq sahələri ilə üstüstə düşür. Digər hissəsi isə elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Bu səbəblərdən torpağa çıxarış verilməsindən imtina edilib. Həmin torpaq sahəsi onun istifadəsində olmaqla yanaşı, torpağa sənəd verən orqanın nəyi səhv etdiyi, harda hansı sənəddə torpağın baza məlumatlarını işləmədiyi onun vəzifələri deyildir. İmtinanın qanunsuz olduğunu hesab edərək məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin 24.02.2021-ci il tarixli **********89 nömrəli imtinasında göstərilmişdir ki, sənədlərin kadastr ekspertizası zamanı məlun olmuşdur ki, JN-210A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, faktiki torpaq sahəsinin bir hissəsi başqa vətəndaşlara məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür. Digər hissəsi isə elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət ieyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmənin sorğusuna cavabdehdeyin 29.03.2021-ci il tarixli **********58 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Qəbələ rayonu Yemişanlı kəndində yerləşən JN-210A kod 40615048 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsindən başqa Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə 7 nəfərə verilmiş Qəbələ rayon Tikanlı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsi (JN 030 İ, kod 40615018 olan şəhadətnamə) və Qəbələ rayon AİK-in 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə 7 nəfərə verilmiş Qəbələ rayon Abrıx kəndində yerləşən 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 0007, kod 40615028 olan dövlət aktı) vardır. Cavabdeh həmçinin iddiaya 01.04.2021-ci il tarixli etirazında bildirir ki, iddiaçının müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən əraidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-210 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmamışdır. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsi 0,16 hektardır. Torpaq sahəsinin bir hissəsi 0,0550 ha kənd təsərrüfatı təyinatlı örüş əraziyə, 0,01 ha hissəsi JN-173 saylı Dövlət aktı ilə Qəbələ rayon Yemişanlı kənd sakini X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş pay torpaq sahəsinin üzərinə, 0,008 ha hissəsi JN-179 saylı Dövlət aktı ilə Qəbələ rayon Yemişanlı kənd sakini X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş pay torpaq sahəsinin üzərinə, 0,0870 ha hissəsi JN-265 saylı Dövlət aktı ilə Qəbələ rayon Yemişanlı kənd sakini X4 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş pay torpaq sahəsinin üzərinə düşür. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə 16.06.2021-ci il tarixli **********88 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə araşdırma nəticəsi olaraq göstərilmişdir ki, Şəki LTİ-nin mütəxəssisləri 07.04.2021-ci il tarixdə Qəbələ rayonu Yemişanlı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsilə sözügedən torpaq sahəsində ölçü işləri aparmışlar. Mərkəzin elektron məlumat bazasında oz əksini tapan Qəbələ rayonu Yemişanlı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində, İddiaçı adına JN-210A Kod 40615048 nömrəli şəhadətnamə əsasında qeydiyyata alınmış 0,10 hektar torpaq sahəsinə aid məlumat mövcud deyildir. İddiaçı tərəfindən göstərilən və istifadəsində olan faktiki naturada ölçülmuş torpaq sahəsi 0,9774 hektardır, Qəbələ rayonu Yemişanlı bələdiyyəsinin mülkiyyətinə aid uqodiyası əkin olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Sözügedən torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək təmin olunmamasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Yemişanlı kəndində ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində iddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi, adına verilmiş şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsinə dair məlumat mövcud deyildir. İddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü şəhadətnamədə göstərilənlə eynilik təşkil etməməklə Qəbələ rayonu Yemişanlı bələdiyyəsinin mülkiyyətinə aid uqodiyası əkin olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Belə olan halda məhkəmə hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının adına həyətyanı təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınması qanunvericiliyin tələbləri baxımından yolverilməz olmuşdur. Eyni zamanda torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması onun iddiaçının adına qeydə alınmasını və çıxarışla rəsmiləşdirilməsini istisna edən əsas amillərdəndir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının adına Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə 7 nəfərə verilmiş Qəbələ rayon Tikanlı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsi (JN 030 İ, kod 40615018 olan şəhadətnamə) vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20.12.1999-cu il tarixli 20 saylı qərarı ilə Qəbələ rayon Yemişanlı kəndində ona JN-210A Kod 40615048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilsin. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, "xxxx" MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar