Məhkəmə qərarları › İş №2-1(116)-701/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-701/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-701/2024 30.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaqların elektron uçotu informasiya sistemində qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-701/2024 nömrəli qərardadı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2013-cü il tarixli 3M-01-77 reyestr saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28,0 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək) ona icarəyə verilmişdir. Həmin müqavilə əsasında icarə hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına aldıraraq, bu barədə adına xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İcarəsinə verilmiş həmin torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyasına görə örüş sahəsi kimi göstərilsə də, ərazi faktiki olaraq xüsusiyyətlərinə görə kənd təsərrüfatı məhsullarının istehsal edilməsinə daha uyğun olduğundan, həmin ərazidə nar bağı salmışdır, həmin bağa aqrotexniki qulluq göstərmişdir. Hazırda həmin ərazidə böyük nar bağı mövcuddur. Müraciəti əsasında həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilmiş, lakin həmin sənədin “Torpaq sahəsinin kadastr ölçüləri" hissəsində torpaq sahəsinin keyfiyyət qrupu İİİ, bonitet balı 53, eləcə də uqodiyası “örüş” kimi göstərilmişdir. Buradan məlum olur ki, Yevlax Ərazi idarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanarkən torpaqların elektron uçotu informasiya sistemində qeyd edilmiş məlumatlara uyğun deyil, islahat xəritəsinə uyğun məlumatlar əsasında tərtib olunmuşdur. Bundan sonra o cavabdeh inzibati orqana müraciət edilərək, xx.xx.2023-cü il tarixli **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçülən qrafasında müvafiq dəyişikliklər aparılaraq, torpaqların elektron uçotu informasiya sistemində qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan 31 avqust 2023-cü il tarixli 3-21-3-35/2-0-0011 -39 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı Ağdaş rayonu, Kükəl kəndində yerləşən xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Torpaq sahəsinin kadastr ölçüləri qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaqların elektron uçotu informasiya sistemində qeyd edilmiş məlumatlara uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Aparılan araşdırma nəticəsində, iddiaçının icarəsində olan 28.0 ha torpaq sahəsinin Kükəl bələdiyyəsinin xəritə materiallarında (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) kənd təssərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalı torpaqlar olması müəyyən edilmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə və Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanına əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Ağdaş rayonu, Kükəl bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış Ağdaş rayonu, Kükəl bələdiyyəsinin ("X1 Uçotu informasiya Sistemi’ndə olan) xəritəsi eynilik təşkil edir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı təmiz örüş uqodiyalı torpaq sahəsidir Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin mövcud tələblərinə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı ilə Ağdaş rayonu Kükəl bələdiyyəsi arasında notarial qaydada bağlanmış xx.xx.2013-cü il tarixli 3M- 01-77 reyestr saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən 28,0 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək) İddiaçı icarəsinə verilmişdir. Həmin müqavilə əsasında İddiaçı icarə hüquqları Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq, bu barədə xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı, **********84 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olmuşdur. Lakin həmin torpaq sahəsi əkin və meyvə bağları ilə əhatə olunan torpaq sahələri ilə həmsərhəd ərazidə yerləşiyi üçün örüş kimi faktiki olaraq istifadə olunmamışdır. Çünki, qonşular örüş sahəsi kimi nəzərdə tutulmuş sahəyə mal-qaranın keçərək, onların əkin və bağlarına ziyan vurulmasından narazı olmuşlar və buna görə də, kompromis variant kimi sahədən örüş məqsədləri üçün istifadə edilməməsi qərara alınmışdır. Torpaq boş, istifadəsiz qalmasın, insanlara fayda versin, kənd təsərrüfatı məhsulları istehsalına töhfə versin deyə, bağ sahəsinin salınmasına razılıq verilmişdir. Yəni, həmin sahə, həm də qonşu sahələrin hüquq sahibləri ilə bələdiyyə arasında ümumi razılıq əldə olunmuşdur ki, heç bir şəxsə, yaxud heç bir şəxsin mənafelərinə ziyan dəyməsin. Sahənin bu şəkildə istifadə olunmasına heç kim etiraz etməmişdir. Bundan sonra, örüş sahəsi kimi qeyd olunan torpaq sahəsi hüquq sahibi İddiaçı tərəfindən yararlı hala gətirilmiş, zəruri aqrotexniki işlər görülmüş, 2019-cu ildə nümunəvi bağ sahəsi salınmışdır. Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Ağdaş rayonu Kükəl kəndi ərazisində torpaq sahələrinin elektron uçot işləri aparılarkən, qeyd edilən 28 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq, uqodiyası çoxillik əkmələr kimi işlənmişdir. Lakin İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin uqodiyası TEKUİS məlumatlarına əsasən çoxillik əkmələr kimi deyil, 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmış xəritə materiallarına (DVJ) əsasən örüş sahəsi kimi göstərilmişdir. Halbuki, faktiki istifadə vəziyyətinə görə də, yeni elektron daşıyıcıya edilmiş qeydlərə əsasən də həmin torpaq sahəsinin uqodiyası örüş sahəsi deyil, çoxillik əkmələr xarakterlidir. Eyni zamanda, qeyd etməyi zəruri hesab edirəm ki, 28 ha torpaq sahəsi ilə həmsərhəd, eləcə də qonşuluqda olan torpaq sahələrinin hamısı bağ və əkin sahələridir. Kənd əhalisinin kifayət qədər geniş başqa örüş sahələri olduğu üçün, eləcə də, 28 ha torpaq sahəsi kənddən xeyli uzaq olduğuna görə, həmin torpaq sahəsinin örüş kimi istifadə olunmasına hər hansı zərurət yoxdur. Digər tərəfdən, qonşu torpaq sahələri sahiblərinin bununla bağlı hər hansı narazılığı yoxdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli tarixli imtina məktubu, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (28 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun xx.xx.2012-ci ildən 15 il müddətinə dövlət qeydiyyatına alınması barədə), B037004 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi (torpaq sahəsinin kadastr göstəricilərində uqodiyası örüş qeyd edilmişdir), Ağdaş rayonu Kükəl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 nömrəli iclas protokolundan çıxarış (28 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə iddiaçının icarəsinə verilməsi barədədir), cavabdehin xx.xx.2024-cü il tarixli məktubu (iddiaçıya ünvanlanmış məktubda torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, TEKUİS-də uqodiyası və alt uqodiyası çoxillik əkmələr qeyd edilib). Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin plan-ölçü sənədində uqodiyanın “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Yuxarıda istinad olunmuş normativ hüquqi aktlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, X1 uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərində qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən X1 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X1 uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili torpaq sahəsinin uqodiyasının örüş olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan bildirir ki, DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən torpaq sahəsi kənd təssərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş uqodiyalıdır. Həmin məlumatlar “X1 Uçotu informasiya Sistemi”ndə olan məlumatlarla eynilik təşkil edir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı təmiz örüş uqodiyalı torpaq sahəsidir. Cavabdeh orqanın mövqeyinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı inzibati mübahisə torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı yox, uqodiyanın düzgün qeyd edilməsi ilə bağlıdır. Yəni, hər bir halda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı olmaqla davam edir. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mübahisə ilə bağlı hər hansı inzibati fəaliyyətin həyata keçirilməsi zərurəti yoxdur. Cavabdeh orqan torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi ilə “X1 Uçotu informasiya Sistemi”ndə olan məlumatların eynilik təşkil etdiyini və hər iki bazada torpaq sahəsinin uqodiyasının örüş olduğunu bildirsə də, iş materiallarında olan, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda sözügedən torpaq sahəsinin islahat uqodiyası təmiz örüş, uqodiyası və alt uqodiyası çoxillik əkmələr olaraq göstərilmişdir. Yəni, faktiki olaraq cavabdeh orqan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasını təmin edərək torpaq sahəsinin uqodiyasını çoxillik əkmələr olaraq müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, X1 uçotu informasiya sisteminə torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi istinad olunan Fərmanın başlıca məqsədlərindən biridir. Torpaq sahəsinin aid olduğu Ağdaş rayonu Kükəl bələdiyyəsi də, sözügedən torpaq sahəsinin əvvəllər örüş sahəsi olsa da, sonradan əkin və meyvə bağları ilə əhatə olunan torpaq sahələri ilə həmsərhəd ərazidə yerləşiyindən və kənddən xeyli uzaq olduğuna görə həmin torpaq sahəsinin örüş kimi istifadə olunmasına hər hansı zərurət olmadığından faktiki olaraq örüş kimi istifadə olunmamasını, bununla bağlı qonşu sahələrin hüquq sahibləri ilə bələdiyyə arasında ümumi razılığın əldə olunmasını, faktiki istifadə vəziyyətinə görə yeni elektron daşıyıcıya edilmiş qeydlərə əsasən həmin torpaq sahəsinin uqodiyasının çoxillik əkmələr olmasını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan torpaq sahəsinin çoxillik əkmələr olması ilə bağlı torpaqların kadastr uçotu informasiya sistemində dürüstləşdirilmiş məlumata malik olduğu halda, torpaq sahəsinin islahat uqodiyasına istinad etməklə imtina cavabı verməkdə haqlı olmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Ağdaş rayonu Kükəl kəndində yerləşən 28 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli, **********84 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin “Torpaq sahəsinin kadastr ölçüləri” qrafasında müvafiq dəyişikliklər aparılaraq torpaq sahəsinin uqodiyasının “əkin” qeyd edilməsi və həmin düzəlişə uyğun plan-ölçü sənədinin İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar