Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-703/2021 01.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti (İsmayıllı RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı “cavabdehin üzərinə 04.07.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi vəzifəsinin qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı Cavabdehnə (üçüncü şəxs İsmayıllı RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı “04.07.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi ilə ona həmin adla, soyadının, ata və ana adlarının isə dəyişdirilmədən saxlanması ilə “doğum haqqında şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 28.04.2021-ci il tarixdə hüquqi yardım edilərək Cavabdeh iddia tələbinə cavab verməli olan inzibati orqan olmadığı, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə icazə verən orqanın yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları olması izah edilmişdir. Həmçinin izah edilmişdir ki, iddia tələbinin “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsi 04.07.2014-cü il təvəllüdlü övladının adının dəyişdirilməsi ilə bağlı hazırki iddia uğurlu olacağı halda Cavabdehnə qarşı irəli sürülə bilər. Bunun üçün isə hazırki iddia uğurlu olacağı halda ilk növbədə iddiaçı Cavabdehnə müvafiq tələblə müraciət edilməli, müraciət təmin edilmədiyi və ya cavabsız saxlanıldığı halda isə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməlidir. İddiaçı iddia ərizəsini dəqiqləşdirərək cavabdeh inzibati orqanı İsmayıllı Rayon İcra Hakimiyyəti (İsmayıllı RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası) olaraq qeyd edərək məhkəmədən “cavabdehin üzərinə 04.07.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müvafiq ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 04.06.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 14.06.2021-ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Səmədov X2 Mətanət Şakir qızı ilə birgə nikahından 04.07.2014-cü il tarixdə doğulmuş övladı X1 adının dəyişdirilərək “Ramzan” olaraq qeyd edilməsi üçün İsmayıllı rayonu İcra Hakimiyyəti yanında qəyyumluq və himayə orqanına müraciət etmiş, lakin sonuncu tərəfindən “Ramazan” adının uşağın mənafeyinə zidd olmadığı bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə müraciət etmiş, müraciətini uşağın adının ilkin olaraq akt qeydində “Ramzan” olaraq qeyd edilməsi, həmçinin uşağın adının dəyişdirilməsi ilə bağlı arzusunun olması ilə əsaslandırmışdır. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti iddia tələbinə münasibətində qeyd etmişdir ki, “Ramazan” adı uşağın mənafeyinə xələ gətirmədiyi, cinsinə uyğun gəldiyi və gülüş doğurmadığı üçün İsmayıllı RİH yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası iddiaçının müraciətini təmin etməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZ–T seriyalı, 113564 nömrəli, 09.09.2019-cu il tarixdə verilmiş, “Doğum haqqında” Şəhadətnamənin surəti, - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı aparatının 04/2285 nömrəli, 07.09.2020-ci il tarixli məktubu, - Cavabdeh 05/Q-639 nömrəli 06.10.2020-ci il tarixli məktubu, - Şəki İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(116)-1546/2020 nömrəli qərardadı, - Cavabdeh 30.03.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş 08.10.2014-cü il tarixli akt qeydinin təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti (İsmayıllı RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı “cavabdehin üzərinə 04.07.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh 05/Q-639 nömrəli 06.10.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı övladının adının “Ramazan” adından “Ramzan” adına dəyişdirilməsi üçün həmin orqana müraciət etmiş, lakin, inzibati orqan müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçıya yerli icra hakimiyyəti orqanına müraciət etməsini tövsiyə etmişdir. İş materiallarına əlavə edilmiş AZ–T seriyalı, 113564 nömrəli, 09.09.2019-cu il tarixdə verilmiş, “Doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, iddiaçının övladı X5 04.07.2014-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08.10.2014-cü il tarixdə 630 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı aparatının 04/2285 nömrəli, 07.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı, övladının adının “Ramazan” adından “Ramzan” adına dəyişdirilməsi üçün həmin orqana müraciət etmiş, lakin, cavabdeh orqan uşağın hazırki adının onun mənafeyinə zidd olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, Şəki İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2- 1(116)-1546/2020 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı “04.07.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi ilə ona həmin adla, soyadının, ata və ana adlarının isə dəyişdirilmədən saxlanması ilə “doğum haqqında şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh 30.03.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş 08.10.2014-cü il tarixli akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 04.07.2014-cü ildə doğulmuş uşağın adı “Ramazan” olaraq qeyd edilmiş, həmin akt qeydi əsasında ilkin olaraq 08.10.2014-cü il tarixdə 1AZ-İİİ seriyalı 415809 nömrəli, 09.09.2019cu il tarixdə isə AZ-T seriyalı 113564 nömrəli “doğum haqqında” şəhadətnamələr tərtib edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı oğlu X1 adının dəyişdirilərək “Ramzan” olaraq qeydə alınmasına nail olmaqdır. Lakin, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmə tərəfindən inzibati qaydada baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2000-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirməsi müəyyən edilmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı, yəni yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı icazə vermədiyi təqdirdə belə, qəyyumluq və himayəçilik orqanına qarşı irəli sürülməli olan iddalara inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə İsmayıllı rayon İcra Hakimiyyətinin inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti “İnzibati İcraat haqqında” qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. İsmayıllı rayon İcra Hakimiyyətinin iddiaçının müraciəti əsasında qəbul etdiyi sənəd inzibati akt deyil, ünvanlandlığı şəxs üçün hər hansı nəticə yaratmır və məcburilik xüsusiyyətlərinə malik deyil. Məhkəmə əlavə olaraq iddia tələbində qeyd olunmuş, uşağın adının doğum haqqında şəhadətnamə alınarkən ilk əvvəl “Ramzan”, lakin sonradan dəyişdirilərək “Ramazan” olaraq qeyd olunması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, müvafiq hal iş materialları ilə təsdiq edilmir. Belə ki, Cavabdeh tərəfindən təqdim edilmiş, 08.10.2014-cü il tarixli ilkin akt qeydində 04.07.2014-cü il tarixdə doğulmuş uşağın adı “Ramazan” olaraq qeyd edilmişdir. İddiaçının surətini təqdim etdiyi (müvafiq sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti əlavə edilməmişdir), uşağın adının “Ramzan” olaraq qeyd edildiyi AZ-İİİ 415991 nömrəli “doğum haqqında” şəhadətnamədən isə görünür ki, həmin sənəd 07.11.2014-cü il tarixdə tərtib edilmiş və 08.10.2014-cü il tarixli ilkin akt qeydinə istinad olunmuşdur. İlkin akt qeydində uşağın adı “Ramazan” olaraq qeyd edildiyindən, uşağın adının “Ramzan” olaraq qeyd edildiyi 07.11.2014-cü il tarixdə verilmiş AZ-İİİ 415991 nömrəli “doğum haqqında” şəhadətnamə iş üzrə mötəbər dəlil kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının surətini təqdim etdiyi 07.11.2014-cü il tarixdə tərtib olunan AZ-İİİ 415991 nömrəli “doğum haqqında” şəhadətnamə ilkin verilən şəhadətnamə olmayıb. Belə ki, ilkin akt qeydi əsasında 08.10.2014-cü il tarixdə 1AZ-İİİ seriyalı 415809 nömrəli, 09.09.2019-cu il tarixdə isə AZ-T seriyalı 113564 nömrəli “doğum haqqında” şəhadətnamələr tərtib edilmişdir. Buna görə də məhkəmə tərəfindən iddiaçıya “doğum haqqında akt qeydiyyatı” kitabında doğuma dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilməsi ilə bağlı “həmin qeydlərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) düzgün olmamasının müəyyən edilməsi” qaydasında, mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməsi ilə bağlı hüquqi yardım edilməmişdir. Belə ki, hər bir halda ilkin doğum haqqında akt qeydində 04.07.2014-cü il tarixdə doğulmuş uşağın adı “Ramazan” olaraq qeyd edilmiş, iddiaçının sübut qismində surətini təqdim etdiyi AZ-İİİ 415991 nömrəli “doğum haqqında” şəhadətnamə də həmin akt qeydinə istinad olunmaqla tərtib edilmiş və ilkin sənəd olmamışdır. Bundan başqa iddiaçının surətini təqdim etdiyi X4 Mərkəzinin 20.07.2017-ci il tarixli “stasionar xəstənin tibb kartasına” münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sənəddə uşağın adı iddiaçının surətini təqdim etdiyi AZ-İİİ 415991 nömrəli “doğum haqqında” şəhadətnamə əsasında “Ramzan” olaraq qeyd edilmişdir və iş üzrə uşağın adının ilkin akt qeydində “Ramzan” olması qənaətinə gəlməyə əsas verən dəlil kimi qəbul edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin mümkünsüzlüyü həm də iş üzrə Şəki İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(116)-1546/2020 nömrəli qanuni qüvvəyə minmiş qərardadının olması ilə bağlıdır. Belə ki, anoloji tələblə iddiaçının tələbi məhkəmənin həmin qərardadı ilə mümkün sayılmamış, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olması izah edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından, və mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. İddiaçıya izah edilir ki, hazırki iddia tələbində qeyd olunan tələblə bağlı, yəni İsmayıllı RİH-nin qəyyumluq və himayəçilik orqanı tərəfindən uşağın adının dəyişdirilməsinə icazə verilmədiyi təqdirdə həmin orqana qarşı iddia ilə cavabdehin olduğu yer üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət etməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti (İsmayıllı RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyası) qarşı “cavabdehin üzərinə 04.07.2014-cü il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamədə adı “Ramazan” olaraq qeyd olunmuş uşağın adının “Ramzan” adına dəyişdirilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-703/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-703/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver