Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-703/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə,, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 18 sentyabr 1982-ci il tarixdə Türkmənistan Respublikasının Marı vilayətində Maqtumquli şəhərində doğulmuşdur (pasport l-MR 236864, xx.xx.2001-ci il tarixdə verilmişdir). Türkmənistan Respublikasında yaşamaqla, orada orta məktəbə getmiş, orta məktəbi bitirəndən sonra, həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra qohumları Azərbaycan Respublikasında yaşadıqlarına görə, onların yanına gəlmiş, burada sevdiyi insana rast gələrək, ailə qurmaq qərarına gəlmişdir. Belə ki, 29 iyul 2003cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə Göyçay rayon VVADQ şöbəsində 104 saylı akt qeydi bağlamaqla rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Çarıqeldi, xx.xx.2007-ci il təvəllüdlü Əli, xx.xx.2011-ci il təvəllüdlü Nuray adlı 3 övladı var. Göründüyü kimi 2003-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Buranı doğma vətəni hesab edir. Ailə və qohumluq bağlarını, gələcəyini əsaslı şəkildə bura ilə bağlamışdır. Ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi də təqdim olunmuşdur. Pasportunun müddəti başa çatdığından, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün yeni icazə vərəqəsi təqdim olunmur. Yuxarıda qeyd etdiyi faktiki hallarla bağlı həyat yoldaşı Vüsalə Qulova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X6 idarəsinə 6 iyun 2023-cü il tarixdə rəsmi şəkildə müraciət edərək, üzləşdiyi çətinliyi bildirmişdir. X6 İdarəsi 05 iyul 2023-cü ıl tarixli cavab məktubunda bildirmişdir ki, etibarlı pasport əldə etdikdən sonra Türkmənistan vətəndaşı kimi o, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Bundan sonra o, Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur Cavabdeh inzibatı orqan 21 avqust 2023-cü il tarixli məktubla faktiki olaraq müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İddiaçının faktiki olaraq qüvvədən düşmüş ümumvətəndaş pasportuna malik olmasına baxmayaraq, onun inzibati orqana ünvanladığı ərizələri humanizm prinsipi baxımından nəzərə alınaraq, ona bir neçə dəfə müvəqqəti yaşamaq üçün icazələr verilmişdir. Analoji hallarla bağlı Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinə notaları daxil olmuşdur (etiraza əlavə olunur). Hesab edilmişdir ki, iddiaçının inzibati orqana müvafiq müraciətin olmaması və dolayısı ilə mübahisələndirilən inzibati aktın mövcud olmaması səbəbindən iddia mümkün hesab edilməməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizəanketdən görünür ki, iddiaçının vətəndaşlıq mənsubiyyəti - Türkmənistan, pasportun və ya digər sərhədkeçmə sənədin (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) növüpasport, seriyası və nömrəsi- 236864, verilmə tarixi (gün, ay, il)- xx.xx.2001-ci il, etibarlılıq müddəti (gün, ay, il)- xx.xx.2051-ci ildir. - Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Respublikasının X5 ünvanladığı xx.xx.2019-cu il tarixli 5010/2019 nömrəli məktubundan görünür ki, Türkmənistan vətəndaşının 16 yaşına çatmağı ilə əlaqədar Türkmənistan pasportunu dəyişdirmək üçün X1 şöbəsi ilə əlaqə saxlamalı, əlavə edilmiş siyahıya uyğun olaraq sənədləri təqdim etməlidir. Həmin məktuba əlavə edilmiş Türkmənistan vətəndaşının pasportunun alınması qaydasında Azərbaycan Respublikası ərazisində daimi yaşayan Türkmənistan vətəndaşları Türkmənistan vətəndaşının milli pasportunun alınması ilə bağlı Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsinə müraciət etdikdə (...25 və 45 yaşlarına çatdıqda fotoşəkil yapışdırmaq üçün) təqdim edilməli olan sənədlərin siyahısı öz əksini tapmışdır. -Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Respublikasının X5 ünvanladığı xx.xx.2019-cu il tarixli 271/2019 nömrəli məktubundan görünür ki, Türkmənistan vətəndaşının pasportunun etibarlılığı vaxtla məhdudlaşmır. Daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçkası yapışdırırlar. Belə foto kartoçkası olmayan pasportlar etibarsızdır. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə “məcburetmə haqqında” iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi iə bağlı qəbul ediləcək qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia mümkünlük şərtlərinə cavab verir. Lakin, əsassızdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 53. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər 53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; ... Maddə 54. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) qaydası 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 54.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. Maddə 55. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 55.0.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 53.4-cü maddəsi nəzərə alınmaqla); ... İş materiallarından görünür ki, iddiaçı, Türkmənistan Respublikasının vətəndaşıdır və xx.xx.1982-ci ildə doğulmuşdur. İddiaçıya 2001-ci ildə, 19 yaşında Türkmənistan Respublikası tərəfindən pasport verilmişdir. 2002-ci ildə etibarən isə iddiaçı Azərbaycan Respublikasında yaşayır. Cavabdeh orqana müraciət edildiyi tarixdə iddiaçının 41 yaşı olmuşdur. İddiaçının vətəndaşı olduğu Türkmənistan Respublikasının qanunvericiliyinə əsasən Daxili işlər orqanları vətəndaşların 25 və 45 yaşına çatdıqda pasportlarına bu yaşa uyğun foto kartoçkası yapışdırdıqları halda pasportlar etibarlı sayılırlar. İddiaçı 25 yaşına çatdıqdan sonra onun pasportuna Türkmənistan Respublikasının Daxili işlər orqanları tərəfindən bu yaşa uyğun foto kartoçkası yapışdırılmamışdır. Buna görə də, hazırda onun malik olduğu pasport yaşına uyğun foto kartoçkası olmayan pasport olmaqla etibarsız hesab edilir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması üçün pasportu təqdim etməlidirlər. Bu zaman təqdim edilən və şəxsiyyəti təsdiq edən sənəd qismində çıxış edən pasport - iddiaçının vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun etibarlı sənəd xüsusiyyətlərini daşımalıdır. Belə ki, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması (hazırkı halda sənədin etibarsız olması) Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsindən imtina üçün birbaşa əsasdır. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə uyğun Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə uyğun ətraflı inzibati araşdırma aparılmasa da, məhkəmə hesab edir ki, iddiaçının malik olduğu Türkmənistan Respublikasının pasportu hər bir halda şəxsiyyəti təsdiq edən sənəd qismində etibarlı sənəd olmadığından, iddiaçının xeyrinə inzibati aktın qəbul edilməsi doğru olmayacaqdı. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında daimi yaşayış hüququnun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-703/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-703/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver