Məhkəmə qərarları › İş №2-1(116)-705/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-705/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-705/2022 27.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "13.06.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (iddia ərizəsində "Agentlik" əvəzinə səhvən "Xidmət" yazılmışdır) qarşı "13.06.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən, qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydanın 3.4-cü bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçı ona əlillik müəyyən edilməsindən imtina barədə cavabdehin qərarının qanunsuz hesab edilərək əlilliyinin müəyyən olunmasını arzu etdiyinə görə hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. Belə olan halda, iddiaçının hazırkı iddiası üçün iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə ona müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün təşkil edir. İş materialları ilə müəyyən edildi ki, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə cavabdehin qərarı 10.06.2021-ci ildə qəbul edilmişdir. Həmin qərarla İddiaçı əlillik təyin olunmasından imtina edilmiş və bu qərar barədə yazılı məlumat 14.06.2021-ci ildə iddiaçının mobil telefonuna SMS vasitəsilə göndərilmişdir. Hazırkı iddia isə məhkəməyə 22.12.2021-ci ildə verilmişdir. Göründüyü kimi, İddiaçı qanunda nəzərdə tutulan iddia müddətinə riayət etrməmiş və iddianı 30 gün müddətində verməli olduğu halda, bunu 6 ay 6 gün sonra etmişdir. Məhkəmənin 14.01.2022-ci il və təkrarən 15.03.2022-ci il tarixli məktubları ilə iddiaçıya iddia müddətinin buraxılmasının iddianın mümkün sayılmasını istisna etməsi bildirilmiş, lakin o, məhkəmənin məktublarına yazılı cavab verməmişdir. Bundan sonra məhkəmənin 25.04.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, əlilliyin müəyyən edilməsindən imtina barədə cavabdehin qərarının tarixi 10.06.2021-ci il olduğu halda, iddia ərizəsində səhvən 13.06.2021-ci il kimi göstərilmişdir. Bundan başqa, cavabdehin məktubunda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin 03.06.2021-ci il tarixli 0218003AAJK1 nömrəli göndərişi əsasında TSEK tərəfindən 10.06.2021-ci ildə elektron qiymətləndirilmiş, göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, TSERAS tərəfindən iddiaçıya 14.06.2021-ci ildə göndərilmiş SMS-də 0218003AAJK1 nömrəli göndərişin natamam doldurulma səbəbindən səhiyyə müəssisəsinə geri qaytarıldığı göstərilmişdir. Məhkəmənin məktubunda iddiaçıya izah edilmişdir ki, işdə olan sənədlər onun iddia müddətini buraxdığını təsdiq edir, bu isə iddianın mümkün sayılmasını istisna edir. Əgər iddia müddətini buraxmamışdırsa, bunu əsaslandırılmış şəkildə və yazılı formada məhkəməyə bildirməlidir. İddia müddəti onun təqsiri olmadan buraxılmışdırsa isə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, müddətin bərpası üçün Şəki İnzibati Məhkəməsinə yazılı ərizə verə bilər. Sadalanan çatışmazlıqların aradan qaldırılması üçün 5 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu iddiaçıya poçt vasitəsilə göndərilmiş və 05.05.2022ci ildə imza etdirilməklə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində, nə də ondan sonra ötən günlərdə iddiaçı məhkəməyə yazılı cavab verməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "13.06.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar