Məhkəmə qərarları › İş №2-1(116)-706/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-706/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-706/2021 20.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydləri kitabında 701 nömrə ilə aparılmış qeyddə soyadı qrafasındakı “Osmanlı” soyadının “Alp-Osmanlı” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında 701 nömrə ilə aparılmış qeyddə soyadı qrafasındakı “Osmanlı” soyadının “Alp-Osmanlı” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında iddiaçının soyadı “Osmanlı” olaraq qeyd edilmişdir. İddia ərizəsində iddiaçı qeyd edir ki, kiçik yaşlarından hər kəs tərəfindən, həmçinin bütün sosial şəbəkələrdə “Alp-İddiaçı” kimi tanınmışdır. Bu səbəblə də onun hazırkı soyadına “Alp” hissəciyinin əlavə edilməsi zəruridir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, doğum haqqında akt qeydlərində soyadının “Alp- Osmanlı” kimi qeyd edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh orqanın iddiaçıya ünvanladığı 27.02.2021-ci il tarixli, 05/Q-694/15 nömrəli imtina məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarət olmalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi fiziki şəxsin adı adlardan və ya soyadlardan deyil, ad, ata adı və soyaddan ibarət olmalıdır. Bu səbəblə iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamış və iddiaçıya inzibati qaydada və (və ya) məhkəməyə şikayət verməsi imkanının olması bildirilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 21.04.2021-ci il tarixli, 05/Q-1335/13 nömrəli məktubda iddiaçıya ünvanladığı 27.02.2021-ci il tarixli, 05/Q-694/15 nömrəli imtina məktubunda qeyd edilənləri əsas gətirərək iddia tələbinə etirazını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına iddiaçının əlavə etdiyi 866241 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surəti və AZE seriyalı, ******** nömrəli, verilmə tarixi 20.08.2014-cü il olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun soyadı qeyd olunan sənədlərdə “Osmanlı”, adı “Gündüz”, ata adı isə “İlyas” olaraq qeyd edilmişdir. İş materiallarına cavabdeh orqan tərəfindən əlavə edilən iddiaçının doğum haqqında 701 nömrəli akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə onun soyadı “Osmanlı” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddia qismən əsaslıdır. Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi (Qaydaların 1.5 və 6.18-ci bəndləri). İddiaçının müraciəti əsasında yazılı formada inzibati aktın qəbul edilməli olması həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Həmin Qanunun müddəalarına görə: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Lakin işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında belə bir inzibati akt qəbul etməmiş və ona yalnız məktubla cavab vermişdir. Cavabdeh, həmçinin “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə riayət etməyərək qəbul etməli olduğu inzibati aktın əsaslandırılmasını da həyata keçirməmişdir. Belə ki,cavabdehin iddiaçıya ünvanladığı 27 fevral 2021-ci il tarixli, 05/Q-694/15 nömrəli məktub formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə (“İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsi) cavab verməməklə yanaşı, həmin məktubda hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda sadalanmış qanunvericilik iddiaçıya soyadını dəyişdirmək imkanını konstitusion hüquq kimi vermişdir. İnzibati orqan belə bir qərar qəbul etməkdən imtina edirsə, bunun hansı faktiki hallara əsaslandığını bildirməli və hüquqi istinadını göstərməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından müəyyən olunduğu kimi, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etdikdən sonra “İnzibati icraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh tərəfindən ümumiyyətlə həyata keçirilməmişdir. Halbuki, həmin Qanunun 28.1.1-ci maddəsinə görə, iddiaçının soydanın dəyişdirilməsi ilə bağlı ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Göstərilən Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Beləliklə, cavabdeh inzibati orqan olaraq iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına uyğun olaraq aparmalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli olduğu halda, bunu etməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 27 fevral 2021-ci il tarixli, 05/Q-694/15 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçı inzibati orqana 15.02.2021-ci il tarixdə müraciət etmiş, inzibati orqan tərəfindən hər hansı inzibati icraat aparılmadan, heç bir əsas gətirilmədən 27.02.2021-ci il tarixdə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Bundan başqa, Qaydaların: 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.15-ci bəndinə görə ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16-cı bəndinə görə rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17-ci bəndinə görə qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). Göründüyü kimi “Qaydalar”da hansı hallarda ərizə verən şəxsin soyadının dəyişdirilməsinə yol verilmədiyi açıq şəkildə qeyd olunmuşdur. Odur ki, cavabdeh inzibati orqan məhz həmin halları (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) müəyyən etmək üçün inzibati icraat üzrə zəruri araşdırmanı aparmalıdır. Yuxarıda da göstərildiyi kimi cavabdehin imtina məktubunda hər hansı əsaslandırma olmadığı üçün imtinanın faktiki və hüquqi halları qeyri-müəyyən olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbini təmin etmək işin hazırkı vəziyyətində mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar