Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-707/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "1971-1973, 1977-1997-ci illərdə Zərdab rayonu "Şirvan" kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Zərdab rayonunun Seyidlər kəndində anadan olmuş və hazırda Zərdab rayonunun Bıçaqçı kəndində yaşayır. O, 1971-1973, 1977-1997-ci illərdə Zərdab rayonunun "Şirvan" kolxozunda işləmiş, 02.06.1974-cü ildən 10.05.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı pensiya yaşına (64 il 6 ay) 01.01.2020-ci ildə çatmışdır. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 31.01.2020-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə bildirmişdir ki, 1971- 1973, 1977-1997-ci illərdə "Şirvan" kolxozunda işləməyinə dair əmək kitabçası təqdim etmədiyi üçün ona əmək pensiyası təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, kolxozda işlədiyi müddətlə bağlı əmək kitabçası olmasa da, iş stajını təsdiq edən arxiv arayışı vardır. Cavabdeh iddiaya qarşı 17.03.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçının pensiya hüququ 01.01.2020-ci ildə yaranmışdır. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün 28800 manat pensiya kapitalı və ya 25 il sığorta stajı tələb olunur. Zərdab Rayon Dövlər Arxivi tərəfindən verilmiş 27.01.2020-ci il tarixli 20 nömrəli arayışda iddiaçının stajı 23 il 2 ay qəbul edilmişdir. Sabiq "Şirvan" kolxozunda kişilər üçün minimum adam günü norması 1971-1982-ci illərdə 240 adam günü, 1983-1997-ci illərdə 200 adam günü müəyyən olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 02.06.1974-cü ildən 10.05.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, qanunla müəyyən edilmiş hərbi xidmət müddətini keçmişdir. - İşdə olan, Zərdab Rayon Dövlət Arxivinin 27.01.2020-ci il tarixli 20 nömrəli arxiv arayışından görünür ki, İddiaçı sabiq "Şirvan" kolxozunda 1971-ci ildə 192 adam/gün, 1972-ci ildə 278 adam/gün, 1973-cü ildə 106 adam/gün, 1977-ci ildə 339 adam/gün, 1978-ci ildə 280 adam/gün, 1979-cu ildə 259 adam/gün, 1980-cı ildə 244 adam/gün, 1981-ci ildə 308 adam/gün, 1982-ci ildə 271 adam/gün, 1983cü ildə 327 adam/gün, 1984-cü ildə 359 adam/gün, 1985-ci ildə 305 adam/gün, 1986-cı ildə 317 adam/gün, 1987-ci ildə 322 adam/gün, 1988-ci ildə 277 adam/gün, 1989-cu ildə 355 adam/gün, 1990-cı ildə 289 adam/gün, 1991-ci ildə 303 adam/gün, 1992-ci ildə 335 adam/gün, 1993-cü ildə 316 adam/gün, 1994-cü ildə 296 adam/gün, 1995-ci ildə 329 adam/gün, 1996-cı ildə 254 adam/gün, 1997-ci ildə 214 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1971-1982-ci illərdə 240 adam günü, 1983-1997-ci illərdə 200 adam günü müəyyən olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 31.01.2020-ci il tarixli **********2 nömrəli imtina məktubundan görünür ki, 1971-1973, 1977-1997-ci illərdə sabiq "Şirvan" kolxozunda işləməyinə dair əmək kitabçası təqdim edilmədiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüzdür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Zərdab Rayon Dövlət Arxivinin 27.01.2020-ci il tarixli 20 nömrəli arxiv arayışı ilə müəyyən edilir ki, iddiaçı Zərdab rayonunun "Şirvan" kolxozunda işləmiş, 1972-ci və 1977-1997-ci illərdə (22 il) əmək iştirakı minimumunu yerinə yetirmişdir. İddiaçı 1971-ci ildə 192 adam/gün, 1973-cü ildə 106 adam/gün işləmişdir ki, bunun da cəmi 1 il 2 ay, ümumilikdə kolxozda işlədiyi müddətin cəmi isə 23 il 2ay təşkil edir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalara uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddət onun əmək kitabçasında göstərilməsə də, arxivdə olan sənədlərlə təsdiq edildiyinə görə onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının hərbi bileti ilə müəyyən edilir ki, o, 02.06.1974-cü ildən 10.05.1976-cı ilədək (1 il 11 ay 8 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, iddiaçının adına olan arxiv arayışında (23 il 2 ay) və hərbi biletində (1 il 11 ay 8 gün) göstərilən müddətləri topladıqda məlum oldu ki, onun sosial sığorta stajının cəmi 25 il 1 ay 8 gün təşkil edir. Bu isə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayətdir. Ona görə də iddia təmin edilməli, iddiaçının 1971-1973, 1977-1997-ci illərdə Zərdab rayonu "Şirvan" kolxozunda müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla işlədiyi 23 il 2 ay müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1971-1973, 1977-1997-ci illərdə Zərdab rayonu "Şirvan" kolxozunda müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla işlədiyi 23 il 2 ay müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-707/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-707/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver