Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-707/2021 02.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinə 7 saylı çörək zavodunun ətrafından ayrılmış və 1986-cı ildən istifadəsində və sahibliyində olan 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinə 7 saylı çörək zavodunun ətrafından ayrılmış və 1986-cı ildən istifadəsində və sahibliyində olan 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X2 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir şəhəri Mənzil Təsərrüfatı İdarəsinin işçilərinə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü 7 saylı çörək zavodunun ətrafında, Mənzil Təsərrüfatı İdarəsinə torpaq sahələri ayrılmışdır. Eyni zamanda da həmin ərazidən iddiaçıya torpaq sahəsi ayrılmışdır. Bununla bağlı 12 fevral 2004-cü ildə Mingəçevir şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqı iclasının 2 nömrəli protokolu tərtib olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunan torpaq sahəsindən hazırkı vaxtadək istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı sözügedən torpaq sahəsini özəlləşdirmək üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 12.07.2019-cu il tarixli, **********32 nömrəli imtina məktubunda qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Əlavə olaraq qeyd edilir ki, iddiaçının ərizəsinə əsasən torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi sənədlər araşdırılmışdır. Müayinə zamanı məlum olmuşdir ki, torpaq sahəsinin üzərindən gücü 10 kv və şimal tərəfdən 14 metr yaxınlıqdan gücü 110 kv olan yüksək gərginlikli elektrik xətləri keçir. İddiaçının nəzərinizə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları¬na əsasən torpaq sahəsi ilə 10 kv-luq elektrik xətti arasında olan mühafizə zolağı 10 metr, 110 kv-luq elektrik xətti arasında olan mühafizə zolağı 20 metr təşkil edir. Bununla da torpaq sahəsi yüksək gərginlikli xətlərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 19.04.2021-ci il tarixli, **********69 nömrəli etiraz məktubunda qeyd edilir ki, Mingəçevir şəhər sakini İddiaçı ona ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin üzərindən gücü 10 kv və şimal tərəfdən 14 metr yaxınlıqdan gücü 110 kv olan yüksək gərginlikli elektrik xətləri keçir. Ərizəçi İddiaçı bildirildi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən tornan sahəsi ilə 10 kv-luq elektrik xətti arasında olan mühafizə zolağı 10 metr, 110 kv-luq elektrik xətti arasında olan mühafizə zolağı 20 metr təşkil edir. Bununla da torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda o da bildirilir ki, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 62-ci maddəsində qeyd olunduğu (Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər) kimi həmin torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən qısamüddətli istifadə və ya icarəyə verilə bilər. Prosessual baxımdan iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun deyil. Belə ki, İddiaçı 03.07.2019-cu il tarixdə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. 12.07.2019cu il tarixdə iddiaçıya torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmaması barədə rəsmi olaraq bildiriş ünvanlanmışdır. Üzərindən 17 ay keçdikdən sonra iddiaçı mövcud tələblə aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət etmişdir. Halbu ki, verilmiş imtina bildiriş məktubunun mübahisələndirmə müddəti 30 gün olmasına baxmayaraq iddiaçı bu müddəti kifayət qədər ötürmüşdür. Belə olan halda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci və 38.2-ci maddələrində qeyd olunduğu kimi mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində və məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən X1 filialının 27.06.2019-cu il tarixli, 30-Asan nömrəli məktubunda filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 15 may 1986-cı il tarixli, 134 saylı qərarla MTİ-yə bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cü il tarixli, 2 nömrəli iclas protokolunda qeyd edilir ki, X2 İcraiyyə Komitəsinin 1986-cı il 134 Saylı qərarı ilə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü Mənzil Təsərrüfatı İdarəsinə ayrılmış torpaq sahəsindən X4 onun adına ayrılmış torpaq sahəsindən istifadə etməkdən imtina etdiyi üçün həmin torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün İddiaçı adına verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. İddiaçı tərəfindən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ona ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi, sərəncam və order, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası məhkəməyə təqdim olunmamış, məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Həmçinin Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqının 12.02.2004-cü il tarixli, 2 nömrəli iclas protokolunda qeyd edilir ki, X2 İcraiyyə Komitəsinin 1986-cı il 134 Saylı qərarı ilə kollektiv bağçılıqla məşğul olmaqdan ötrü Mənzil Təsərrüfatı İdarəsinə ayrılmış torpaq sahəsindən X4 onun adına ayrılmış torpaq sahəsindən istifadə etməkdən imtina etdiyi üçün həmin torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün İddiaçı adına verilmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi X3 verilmişdir və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinin tələbi baxımından onun mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun həmin şəxs tərəfindən iddiaçıya özgəninkiləşdirilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 İcraiyyə Komitəsinin 1986-cı il tarixli 134 saylı qərarı ilə Mingəçevir Şəhər Mənzil Təsərrüfatı İdarəsinə 7 saylı çörək zavodunun ətrafından ayrılmış və 1986-cı ildən istifadəsində və sahibliyində olan 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-707/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-707/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver