Məhkəmə qərarları › İş №2-1(116)-707/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-707/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-707/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən naturada faktiki istifadədə olan 1.24 ha pay torpaq sahəsinin X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.94 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.63 ha hissəsində münasibətdə **********2 reyestr nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın həmin hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən naturada faktiki istifadədə olan 1.24 ha pay torpaq sahəsinin X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.94 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.63 ha hissəsində münasibətdə **********2 reyestr nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın həmin hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-3094/2023 saylı qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddia olunan 1.24 ha torpaq sahəsi idarənin xüsusi istifadəsində olan TEKUİS məlumat bazasında iki cizgidə 160E/0.54 ha və 160E/0.70 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının hazırda faktiki istifadə və iddia etdiyi torpaq sahəsi onun mülkiyyətinə verilən torpaq sahəsi deyildir. Belə ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,24 ha torpaq sahəsi verildiyi halda hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 1.01 ha olub, onun da 0.63 ha hissəsi X1 və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********2 olan çıxarışda göstərilən 0.94 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Mütəxəssis rəyinə əlavə olunan sxemdən də görünüdüyü kimi iddiaçının mülkiyyətinə verilən torpaq sahəsinin 0,54 ha hissəsi hazırda onun faktiki istifadəsində deyildir. Ümumilikdə iddiaçının mülkiyyətinə verilmiş 1,24 ha torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,70 ha hissəsi üst-üstə düşür. Nəticə etibarı ilə iddia olunan torpaq sahəsinin qalan hissəsi onun mülkiyyətinə verilməmişdir. Həmin torpaq sahəsini islahat dövründən bugünkü günə qədər istifadə edirik. Torpaq sahəsi tam olmaqla, bir yerdə yerləşir. Ailəsi boş torpaq sahəsində fındıq bağı salmışdır. Otuz ildən çoxdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1.24 ha torpaq sahəsini idarə edirlər. Bu günə qədər X3 və onun ailə üzvləri bizə qarşı hər hansı pretenziya etməmişlər. Ona görə ki, X3 və ailə üzvləri Azərbaycan Respublikasında yaşamamışdır.Torpaq islahatının subyektləri olmamışlar. Torpaq sahəmiz tam olmaqla, bir yerdə yerləşir. Həmin torpaq sahəsini islahat dövründən bugünkü günə qədər biz istifadə edirlər. İddiaçı cavabdehə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən naturada faktiki istifadəmizdə olan 1.24 ha pay torpaq sahəsinin 0,63 ha hissəsinə dair verilmiş **********2 reyestr nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsü sənədinin və çıxarışın həmin hissədə ləğv edilməsini xahiş etmiş, lakin, cavabdeh tərəfindən ona təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda ərizəmin icrasından imtina edilmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını sözügedən torpaq sahələrinə dair qanunla müəyyən edilmiş sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmçinin ərazi idarəsinin arxiv fondunda, xidməti istifadədə olan elektron xəritələrdə və Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılan torpaq islahatı nəticəsində torpaq sahəsi verilməsinə dair siyahılaıda iddiaçıya və onun ailə üzvlərinə sözügedən 1,24 ha torpaq sahəsinin verilməsi barədə hər-hansı bir məlumat aşkar edilməməsi ilə əsaslandırmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxs gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e 2-1(116)-498/2023 saylı qərarı.

3. Azərbaycan Racon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı.

4. Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli Zaqatala rayon Əliabad qəsəbədində “Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid cədvəl.

5. **********42 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbədində yerləşən 0.94 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır.

6. **********42 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbədində yerləşən 1.20 ha torpaq sahəsi X1 qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-557/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində Əliabad kolxozunda torpaq sahəsi ayrılan subyektlərin siyahısından və Zaqatala rayonu Əliabad qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1539/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi .

Əsaslandırma hissəsi:

Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının 1.24 ha pay torpaq sahəsinin X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.94 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.63 ha hissəsinə münasibətdə **********2 reyestr nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın həmin hissədə ləğvindən ibarətdir. İddiaçı həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanunsuz olaraq verildiyini, bu baxımdan da çıxarışın ləğvini tələb edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 0,07 ha, xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən 0,23 və 0,50 ha torpaq sahələri verilmişdir. İşin hallarından görünür ki,iddiaçı və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verilməsinə əsas "Zaqatala rayonu, Əliabad qəsəbəsində keçmiş "Qələbə” və "Əliabad” təsərrüfatında torpaq islahatı ilə əlaqədar görülmüş işlər haqqında” Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli Sərəncamı və həmin sərəncama dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 13 aprel 2018-ci il tarixli "Zaqatala rayonu, Əliabad qəsəbəsində "Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid” elektron siyahısı və həmin siyahıda göstərilmiş torpaq sahələrinə, o cümlədən 1,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hazırlanmış elektron uçot xəritəsi olmuşdur. Məhkəmənin icraatında olmuş 2-1(116)-498/2023 saylı inzibati işin araşdırılması məqsədi ilə əldə olunmuş rəydən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddia olunan 1.24 ha torpaq sahəsi idarənin xüsusi istifadəsində olan TEKUİS məlumat bazasında iki cizgidə 160E/0.54 ha və 160E2/0.70 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının hazırda faktiki istifadə və iddia etdiyi torpaq sahəsi onun mülkiyyətinə verilən torpaq sahəsi deyildir.Belə ki,iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,24 ha torpaq sahəsi verildiyi halda hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 1.01 ha olub,onun da 0.63 ha hissəsi X1 və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********2 olan çıxarışda göstərilən 0.94 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Mütəxəssis rəyinə əlavə olunan sxemdə iddiaçının mülkiyyətinə verilən torpaq sahəsi iki cizgidə 160E/0.54 ha və 160E2/0.70 olaraq göstərilmişdir.Yəni yuxarıda qeyd olunan Sərəncama əsasən iddiaçıya ayrılan torpaq sahəsinin yeri verilən koda əsasən müəyyən edilmişdir.İddiaçı isə hazırda 160E2 kodunda olan 0.70 ha torpaq sahəsindən ümumiyyətlə istifadə etmir,istifadəsində olan 1,01 torpaq sahəsinin də bir hissəsi ona verilən 160E koduna olan 0.54 ha hissəsini əhatə edir,qalan torpaq sahəsi isə onlara deyil,üçüncü şəxslərin mülkiyyətinə verilmişdir.Nəticə etibarı ilə iddiaçı ona ayrılmamış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün üçüncü şəxsə ayrılmış və çıxarışla təkrar qeyd alınan mülkiyyət hüququnu mübahisələndirir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən naturada faktiki istifadədə olan 1.24 ha pay torpaq sahəsinin X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.94 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.63 ha hissəsində münasibətdə **********2 reyestr nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın həmin hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar