Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-707/2025 22.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çxıarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 1986-cı il tarixli 241 nömrəli qərarı ilə “Az.DRES” də yaradılmış “Borçalı” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 1996-cı ildə ayrılmış 500 kv.m bağçılıq üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxıarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “iddiaçı Mingəçevir şəhəri, Azərb DRES, Bozdağ ətəyi zonası ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin mülkiyyətçisiydir və 30 ilə yaxındır ki, həmin torpaq sahəsini ailə üzvləri ilə birgə faktiki istifadə edirlər. Həmin həyətyanı torpaq sahəsinin abadlaşdırılmasında, yaşıllaşdırılmasında, təmizliyinin saxlanılmasında daim fəal iştirak etmişlər. Həmin torpaq sahəsindən bağ təsərrüfatı kimi istifadə edir və müxtəlif ağaclar əkmişlər. Həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya məxsusdur. Belə ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 1986-cı il tarixli 241 nömrəli qərarı ilə “AZDRES”də X1 yaradılması məqsədilə torpaq sahəsi ayrılmış və həmin torpaq sahələrində “Borçalı” Bağ Təsərrüfatı yaradılmışdır. 1996-cı ilin may ayında isə həmin torpaq sahəsinə dair Texniki pasport tərtib edilərək iddiaçı verilmişdir. Mingəçevir Şəhər icra hakimiyyəti Başçısının 2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsi “fərdi bağ sahəsi” təyinatı ilə yenidən iddiaçının adına rəsmiləşdirilmişdir. Bütün bu müddətlərdə iddiaçı və ailə üzvləri həmin torpaq sahəsinə baş çəkmiş, orda bağçılıq aparmış, müxtəlif ağaclar əkmişdir, bir sözlə həmin torpaq sahəsindən istifadə etmişlər. Həmin torpaq sahəsi yalnız iddiaçının mülkiyyətində olub və faktiki olaraq iddiaçı istifadə edir. Hal-hazırda da iddiaçı həmin torpaq sahəsindən istifadə edir. Hazırda həmin torpaq sahəsini dövlət qeydiyyatına almaq və çıxarış əldə etmək istəyir. 2024-cü ilin may ayında iddiaçı öz torpaq sahəsini dövlət qeydiyyatına almaq və faktiki olaraq 30 ilə yaxın istifadədə olan torpaq sahəsinə Çıxarış almaq üçün DƏDRX 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər Şöbəsinə müraciət etdi. Lakin 17 saylı Ərazi İdarəsi 27 may 2024-cü il tarixli cavab məktubunda iddiaçıya rəsmi qaydada imtina vermişdir. İmtina səbəbi kimi, “Borçalı” X1 Adlı Siyahısında iddiaçının adının olmaması qeyd edilmişdir. İddiaçı, aşağıdakılara görə bu imtina səbəbləri ilə qətiyyən razı deyil. Birincisi qeyd edir ki, torpağın iddiaçının verilməsini təsdiq edən bütün zəruri sənədlər mövcuddur və DƏDRX Arxivində və sistemində var, sadəcə İdarə əməkdaşları öz vəzifələrini düzgün icra etmirlər və iddiaçıdan əlavə və gərəksiz yerə sənədlər istəyirlər. Ən azından təqdim etdiyi pasport, arxiv arayışları və qərar torpağın iddiaçı məxsus olmasını sübuta yetirir. İkincisi, iddiaçıya adlı siyahıda adının olmamasına görə imtina verilir, lakin həmin adlı siyahının özü də mövcud deyil. Eyni zamanda, bu məsələnin həlli üçün məhkəməyə müraciət etməyi də tövsiyə etmişlər.”. Cavabdeh orqan iddia tələbinə etirazında belə əsaslandırmışdır ki,”iddiaçının Mingəçevir şəhərində yerləşən 0.05 ha bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizə ilə müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Müvafiq ərizə ilə bağlı idarənin arxiv materiallarına əsasən təqdim edilən sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfində xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “Borçalı” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X2 filialının xx.xx.2024-cü il tarixli Arxiv arayışı; - 1996-cı il tarixli 01/68 inventar nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportunun surəti. - A 155447 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə İddiaçı Mövlüd oğlunun mülkiyyətinə 499.37 kv.m torpaq sahəsi verilmişdir. - Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamının surəti. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 1986-cı il tarixli 241 nömrəli qərarı ilə “Az.DRES” də yaradılmış “Borçalı” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 1996-cı ildə ayrılmış 500 kv.m bağçılıq üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çxıarışın verilməsinə nail olmaqdır. Bu mövqeyi iddiaçı belə əsaslandırı ki, hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi kollektiv bağçılıq təşkilatının pasportu sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. Cavabdeh imtinasının əsası kimi ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfində xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “Borçalı” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adının qeyd edilməməsinə istiand etmişdir. Məhkəmə cavabdehin imtinası ilə razılaşır. Yuxarıda qeyd edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7ci maddəsinin dispozisiya şərtlərinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinin üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı sənədlərin mövcudluğu zəruridir: icarə müqavilələri; sərəncamlar; orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası; üzvlərin iclasının protokolundan çıxarış. İddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamaqla yanaşı, bağ təsərrüfatı idarəsi tərəfindən torpağın ayırılması ilə bağlı yuxarıda qeyd olunan sənədlərin də mövcudluğu iş üzrə müəyyən edilmir. Hazırkı halda iddiaçının istinad etdiyi sənədlər qeyd olunan maddədə hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 1986-cı il tarixli 241 nömrəli qərarı ilə “Az.DRES” də yaradılmış “Borçalı” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 1996-cı ildə ayrılmış 500 kv.m bağçılıq üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çxıarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-707/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-707/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver