Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-708/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı “1972- 1997-ci illərdə Ağdaş rayon sabiq “N.Nərimanov” kolxozunda işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 20.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixində Ağdaş rayonu, Korarx kəndində anadan olmuşdur. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 1972-ci ildə Ağdaş rayonunda fəaliyyət göstərən sabiq “N.Nərimanov” kolxozunda kolxozçu kimi başlamış və 1997-ci ilədək fermada işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh orqan iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən Ağdaş rayonu Dövlət Arxivinin 159 saylı, 29.11.2019-cu il tarixli kolxozçunun əmək günü uçotu və hesablaşma kitablarından çıxarış əmək kitabçasında qeyd olunmadığı üçün arxiv arayışında qeyd olunan 1972-1997-ci illəri əhatə edən dövr sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “1972-1997-ci illərdə Ağdaş rayon sabiq “N.Nərimanov” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı 20.01.2020-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19.06.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1972-1997-ci illərdə Ağdaş rayon sabiq “N.Nərimanov” kolxozunda işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququmun yarandığı 20.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ 20 yanvar 2020-ci ildə yaranıb. İddiaçının mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayon Cüvə kənd sabiq “Nərimanov” kolxozunda 1972-1997-ci illərdə işlədiyi 23 il 11 ay, mübahisələndirilməyən sosial sığorta stajı 27.05.1974-14.05.1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu illərdir. İddiaçı Ağdaş rayon Cüvə kənd sabiq “Nərimanov” kolxozunda 1972-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə 25 il 10 ay sosial sığorta stajı təşkil edəcəkdir. İddiaçı təqdim etdiyi 30.01.2020-ci il tarixli, 11 saylı arxiv arayışında 1972-1973 və 1977- 1997-ci illərdə işlədiyi minimum adam günü normasına görə hər il üçün tam 1 (bir) il, 1974 və 1976-cı il üçün isə 11 (on bir) ay sosial sığorta stajı hesablanacaqdır. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin 05.02.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 31.01.2020-ci il tarixli 212 nömrəli arayışı, Ağdaş rayon Dövlət Arxivinin 30.01.2020-ci il tarixli 11 nömrəli arayışının əsli və uçot-hesablaşma kitablarının surəti, DSMF-nin Ağdaş rayon şöbəsinin 04.03.2020-ci il tarixli **********4 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1972-1997-ci illərdə Ağdaş rayon sabiq “N.Nərmanov” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Ağdaş Rayon Dövlət Arxivinin 30.01.2020-ci il tarixli 11 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. DSMF-nin Ağdaş rayon şöbəsinin 04.03.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ 20 yanvar 2020-ci ildə yaranıb. Ağdaş rayon Cüvə kənd sabiq “Nərimanov” kolxozunda 1972-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə 25 il 10 ay sosial sığorta stajı təşkil edəcəkdir. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1972-1997-ci illərdə Ağdaş rayon sabiq “N.Nərimanov” kolxozunda işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 20.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 1972-1997-ci illərdə Ağdaş rayon sabiq “N.Nərimanov” kolxozunda işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı 20.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-708/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-708/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver