Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-708/2025 01.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “02 noyabr 1977-ci ildən 02 sentyabr 1986-cı ilə kimi Yevlax rayonu İliç adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 01 dekabr 1987-ci ildən 01 dekabr 2003-cü ilə kimi Yevlax rayonu Aşağı Qarxun kənd orta məktəbində texniki işçi kimi işlədiyi illərin və 1986-cı ilin oktyab, noyabr, dekabr aylarında Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbində X2 rəhbəri işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, “02 noyabr 1977-ci ildən 02 sentyabr 1986-cı ilə kimi Yevlax rayonu İliç adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 01 dekabr 1987-ci ildən 01 dekabr 2003-cü ilə kimi Yevlax rayonu Aşağı Qarxun kənd orta məktəbində texniki işçi kimi işlədiyi illərin və 1986-cı ilin oktyab, noyabr, dekabr aylarında Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbində X2 rəhbəri işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinə əsasən , İddiaçı xx xxxx 1960-cı ildə Yevlax rayonu Aşağı Qarxun kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. 2023-cü ilin mart ayının 6da 63 yaşı tamam olduğu üçün yaşa görə pensiya almaq hüququ yarandı. Lakin DSMFnun Yevlax rayon şöbəsi tərəfindən mənim işlədiyi bütün illər stajıma daxil edilməyərək ona cəmi 220 manat (sosial pensiya) təyin edildi. Hansı ki, əmək fəaliyyəti 25 ildən də çoxdur. Belə ki, ərizəyə əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, iddiaçı 02 noyabr 1977-ci ildən 02 sentyabr 1986-cı ilə kimi Yevlax rayonu İliç adına kolxozda kolxozçu kimi işləmişdir (8 İl 10 ay). Həmçinin 01 dekabr 1987-ci ildən 01 dekabr 2003-cü ilə kimi Yevlax rayonu Aşağı Qarxun kənd orta məktəbində texniki işçi işləmişdir (16 il). Bu fəaliyyəti cəmi 24 il 10 ay edir (8 il 10 ay + 16 il = 24 il 10 ay). Lakin bütün əmək fəaliyyəti bununla kifayətlənmir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiX5 Təhsil İdarəsinin 10 iyun 2024-cü il tarixli arayışından görünür ki, mən 1986-cı ilin oktyabr, noyabr və dekabr aylarında da Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbində X2 rəhbəri işləmişdir. Hansı ki, bu 3 aylıq müddət əmək kitabçasında öz əksini tapmamışdır. Bu 3 ay nəzərə alındığı halda ümumi əmək fəaliyyəti 25 il 1 ay təşkil edir (24 il 10 ay + 3 ay = 25 il 1 ay).Beləliklə əgər işədiyi bütün illər nəzərə alınsa, tam iş stajlı şəxs kimi pensiya alar. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də. cavabdeh Orqanın 29 aprel 2024-cü il tarixli məktubu ilə bandan imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinin əsasən sığorta stajı (xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 21 il 3 ay 28 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan 02.11,1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Yevlax rayon İlic kolxozunda və X5 Təhsil idarəsinin xx.xx.2023-cü il tarixli arayışının surətində qeyd olunmuş 1985-1986-cı illər üzrə Yevlax rayon Aşağı Qarxun kənd tam orta məktəbində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı X5 filialının Yevlax rayon Aşağı Qarxun kənd orta məktəbinin direktoru ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.1987-ci il tarixdən 01,12.2003-cü il tarixədək, həmçinin X4 filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta və təqdim etdiyi X4 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək əmək fəaliyyəti zamanı adına əmək haqqı hesablanan aylar sığorta stajında nəzərə alınmışdır. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya proaktiv qaydada xx.xx.2023- cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • AZE ******** nömrəli Şəxsiyyət Vəsiqəsi • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu. • İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçası. • Əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti. • Əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surəti. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının 21 il 3 ay 28 gün sığorta stajının olması işin mübahisəsiz halıdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 02 noyabr 1977-ci ildən 02 sentyabr 1986-cı ilə kimi Yevlax rayonu İliç adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 01 dekabr 1987-ci ildən 01 dekabr 2003-cü ilə kimi Yevlax rayonu Aşağı Qarxun kənd orta məktəbində texniki işçi kimi işlədiyi illərin və 1986-cı ilin oktyab, noyabr, dekabr aylarında Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbində X2 rəhbəri işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Cavabdehin imtinası xx.xx.1977-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Yevlax rayon llic kolxozunda və X5 Təhsil idarəsinin xx.xx.2023-cü il tarixli arayışının surətində qeyd olunmuş 1985-1986-cı illər üzrə Yevlax rayon Aşağı Qarxun kənd tam orta məktəbində əmək fəaliyyəti dövrünüzün araşdırılması ilə bağlıdır. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. İddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı 02 noyabr 1977-ci ildən 02 sentyabr 1986-cı ilə kimi Yevlax rayonu İliç adına kolxozda kolxozçu kimi işləmişdir (8 İl 10 ay). Həmçinin 01 dekabr 1987-ci ildən 01 dekabr 2003-cü ilə kimi Yevlax rayonu Aşağı Qarxun kənd orta məktəbində texniki işçi işləmişdir Bununl yanaşı Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiX5 Təhsil İdarəsinin 10 iyun 2024-cü il tarixli arayışından görünür ki, o 1986-cı ilin oktyabr, noyabr və dekabr aylarında da Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbində X2 rəhbəri işləmişdir. Qeyd olunan iş illərininin sığorta stajı kimi nəzərə alınmaması iddiaçını pensiyası təminatı hüququndan məhrum edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında və təqdim etdiyi arayışda olan qeydlərin mötəbərsizliyinin sübuta yetirməsi öhdəliyi cavabdehin üzərinə düşür. Təsadüfi deyil ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən əmək fəaliyyəti dövrləri araşdırılmış və iddiaçının əmək stajının 25 il 1 ay olması müəyyən edilmişdir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 02 noyabr 1977-ci ildən 02 sentyabr 1986-cı ilə kimi Yevlax rayonu İliç adına kolxozda kolxozçu kimi işlədiyi illərin, 01 dekabr 1987-ci ildən 01 dekabr 2003-cü ilə kimi Yevlax rayonu Aşağı Qarxun kənd orta məktəbində texniki işçi kimi işlədiyi illərin və 1986-cı ilin oktyab, noyabr, dekabr aylarında Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbində X2 rəhbəri işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev