Məhkəmə qərarları › İş №2-1(116)-71/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-71/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-71/2020 27.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X18 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X13, X16, X17) qarşı “Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən, İddiaçı, onun ailə üzvləri X3, X19, X14 mülkiyyətinə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onların adına bu barədə JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənəddə X3 adı səhvən X11, X19 adı səhvən X26, X14 adı səhvən X5 yazılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,38 ha torpaq sahəsinə özünün və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh 01.05.2019-cu il tarixli **********03 nömrəli məktubla imtina edərək bildirmişdir ki, JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunan 0,38 ha torpaq sahəsinin sənəd üzrə və faktiki sahələri arasında uyğunsuzluq vardır. Sənəd üzrə 0,38 ha torpaq sahəsinin 0,2909 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə, qalan 0,0891 ha hissəsi isə başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşür. Fiziki sərhədlər daxilində İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,2909 ha təşkil edir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, imtina məktubunda qeyd olunan torpaq sahəsinin 0,0891 ha hissəsinin başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşməsi hüquqi problem deyil, texniki məsələdir. Onun mülkiyyətində olan torpaq sahəsinin başqa şəxsin istifadəsində olması onun mülkiyyətindən məhrum edilməsinə əsas verə bilməz. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının və ailə üzvlərinin adına olan JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0,38 ha torpaq sahəsinin 0,0291 ha hissəsi X6 məxsus 0,40 ha torpaq sahəsinə düşür. Elektron baza (DWG) məlumatlarına görə, JN-095A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, 0,20 ha həyətyanı torpaq sahəsi X6, JN- 2020V nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən isə, 0,40 ha torpaq sahəsi X12 məxsusdur. İddiaçı və ailə üzvlərinin adına olan JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0,38 ha torpaq sahəsinin 0,029 ha hissəsi iddiaçının faktiki istifadəsindədir. Məhkəmənin 02.08.2019-cu il tarixli qərardadı ilə X10, 03.09.2019-cu il tarixli qərardadı ilə isə X13, X16, X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 0,38 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı, X3, X19 və X14 mülkiyyətinə verilmişdir. - İşdə olan, cavabdehin 01.05.2019-cu il tarixli **********03 nömrəli imtina məktubundan görünür ki, JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunan 0,38 ha torpaq sahəsinin sənəd üzrə və faktiki sahələri arasında uyğunsuzluq vardır, sənəd üzrə 0,38 ha torpaq sahəsinin 0,2909 ha hissəsi faktiki istifadə olunan torpaq sahəsinin üzərinə, qalan 0,0891 ha hissəsi başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşür. Fiziki sərhədlər daxilində İddiaçı istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,2909 ha təşkil edir. - İşdə olan, JN-095A kod 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ndan görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X21, X10, X13, X16 və X8 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Balakən rayon Qazbinə kəndində 0,20 ha həyətyanı torpaq sahəsinə X4, X7, X9 və X8 paylı mülkiyyət hüququ 22.01.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, 06.07.2006-cı ilədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və bu qeydiyyatla bağlı verilmiş aktlar reyestrdə qeydiyyat aparmaq üçün əsas hesab edilir. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə əsasən, dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 25.11.2019-cu il tarixli mütəxəssis rəyində deyilir ki, İddiaçı və ailə üzvlərinin adına işlənmiş JN-127 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,38 ha torpaq sahəsinin sənəd üzrə koordinatları X2 başqa kimə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin ərazidə cavabdehin və iddiaçının naturada istifadə etdikləri torpaq sahələri "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən cizgilərdə deyil, tam fərqli ölçülərlə istifadə edilir. Cavabdeh iddiaçının və ailə üzvlərinin adına olan JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,38 ha torpaq sahəsinə onların mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını belə əsaslandırır ki, JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunan 0,38 ha torpaq sahəsinin sənəd üzrə və faktiki sahələri arasında uyğunsuzluq vardır. Sənəd üzrə 0,38 ha torpaq sahəsinin 0,2909 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə, qalan 0,0891 ha hissəsi isə başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşür. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi dedikdə, onların faktiki istifadə etdikləri deyil, mülkiyyət hüququnu təsdiq edən sənəddə, yəni JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi nəzədə tutulur. İddiaçının reyestrdə qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi də məhz dövlət aktında göstərilmiş torpaq sahəsidir. Cavabdehin bildirdiyinə görə, həmin JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən koordinatlar elektron baza (DWG) məlumatlarından da bir qədər fərqlidir (iş vərəq 83). Məhkəmə bununla bağlı qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə uyğun olaraq, bu halda, iddiaçının təqdim etdiyi JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçının və ailə üzvlərinin adına olan JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş mülkiyyət hüququ hal-hazırda da qüvvədədir, həmin hüquqa xitam verilməmişdir. Ona görə də həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində deyilir ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlıiştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Məhkəmə qeyd edir ki, əgər cavabdeh üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı zamanı JN-127 kod 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş koordinatlarda yerləşən torpaq sahəsi ilə bağlı texniki səhvə yol vermişdirsə, bu səhvi həmin maddədə göstərilən qaydada aradan qaldıra bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Balakən Rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X3, X19, X14 ümumi mülkiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar