Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-71/2022 31.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayon Aran Bələdiyyəsinə qarşı “Yevlax rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Yevlax rayon Aran Bələdiyyəsinə qarşı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax rayon Aran Bələdiyyəsinin 03.01.2002ci il tarixli 03 saylı protokol qərarı ilə Aran bələdiyyəsinin mülkiyyətində olan 50 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin 30 il müddətinə X2 istifadəsinə verilməsi qərara alınmış və icarə müqaviləsi bağlanmışdır. Ceyran Cəfərova 02.06.2011-ci il tarixdə vəfat etmiş, 19.08.2019-cu il tarixli, 2V-961 və 2V-960 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Bərdə Regional Ədliyyə İdarəsi 31.03.2021-ci il tarixdə Yevlax rayon Aran bələdiyyəsinə təklif ünvanlayaraq X4 50 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsini təklif etmiş, sonuncu, 05.04.2021-ci il tarixdə müvafiq təklif əsasında, X2 adına 50 ha örüş torpaq sahəsinə 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyə qərarını ləğv etmişdir. Buna görə də İddiaçı bələdiyyənin 05.04.2021-ci il tarixli qərarını mübahisələndirmiş və hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu Yevlax rayon Aran bələdiyyəsinin ona olan qərəzli münasibəti, 03.01.2002-ci il tarixli qərarı qəbulundan 19 ildən artıq müddətin keçməsi, bununla da ümumi iddia müddətinin ötürülməsi, Aran bələdiyyəsinin digər şəxslərlə bağlı da anoloji qərarlarının mövcud olması, lakin, həmin şəxslərə münasibətdə qərarların ləğv edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X7, iddiaçının vəkili Sevda Bəkirova ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı protokol qərarından və həmin qərar əsasında bağlanmış 06.01.2002-ci il tarixli 02 saylı icarə müqaviləsindən görünür ki, Aran bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 ha torpaq sahəsi 30 il müddətinə Aran qəsəbə sakini, Ermənistan Respublikası Göyçə mahalından gəlmiş məcburi köçkün X2 istifadəsinə verilərək icarə müqaviləsi bağlanmışdır. - Bərdə Regional Ədliyyə İdarəsinin 31.03.2021-ci il tarixdə Yevlax rayon Aran bələdiyyəsinə ünvanladığı təklifdən görünür ki, X4 50 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi, təklifin 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirəyə çıxarılması, göstərilən torpaq sahəsinə dair yuxarıda qeyd edilən icrarə müqaviləsinin ləğvi və hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. - Yevlax rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli 8 saylı protokol qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin Aran bələdiyyəsinə göndərdiyi 31.03.2021-ci il tarixli tövsiyə məktubuna əsasən X2 adına 50 ha örüş torpaq sahəsinə 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002ci il tarixli bələdiyyənin qərarı verilərkən qanunvericiliyin tələblərinin pozulması nəzərə alınaraq, X2 50 ha örüş torpaq sahəsini 30 il müddətinə icarəyə götürülməsinə dair 03.01.2002-ci il tarixli qərar ləğv edilmişdir. - 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Yevlax rayon Aran bələdiyyəsinə məxsus 37 ha torpaq sahəsi üzrə 19.08.2019-cu il tarixli, 2V-961 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti 19.08.2019-06.01.2032-ci il, torpaq sahəsinin kateqoriyası – kənd təsərrüfatı təyinatlı (örüş otlaq) qeyd edilmişdir. - 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Yevlax rayon Aran bələdiyyəsinə məxsus 13 ha torpaq sahəsi üzrə 19.08.2019-cu il tarixli, 2V-960 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti 19.08.2019-06.01.2032-ci il, torpaq sahəsinin kateqoriyası – kənd təsərrüfatı təyinatlı (örüş otlaq) qeyd edilmişdir. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 22.12.2021-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi 2 hissədə 37.0 ha və 13.0 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş üçün nəzərdə tutulmuşdur və Yevlax rayon Aran bələdiyyəsinin mülkiyyətindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh inzibati işin şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili vasitəsilə təmsil olunmuşdur. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32-ci maddələri) qismində mümkün iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar 05.04.2021-ci il tarixində qəbul edilmişdir. İddiaçı isə həmin qərarın mübahisələndirildiyi iddia ərizəsini 19.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi 30 günlük iddia müddəti ərzində məhkəməyə təqdim edildiyindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının subyektiv hüququ mövcuddur. Belə ki, mübahisələndirilən qərar iddiaçının icarəsində olan torpaq sahəsi ilə bağlı qəbul edilmişdir. Mübahisələndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı – icarəsində olan 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair bələdiyyənin 03.01.2002-ci il tarixli qərarının ləğvi ilə bağlı qəbul edilmiş Aran bələdiyyəsinin 05.04.2021-ci il tarixli 8 saylı qərarının ləğvinə nail olmaqdır. Lakin, iddia əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alındığı 50 ha örüş torpaq sahəsi iddiaçının mərhum anasına bələdiyyənin 03.01.2002-ci il tarixli qərarı ilə ayrılmışdır. Həmin torpaq sahəsinin uqodiyasının örüş torpaq sahəsinə aid olması işin mübahisəsiz halıdır. Müvafiq torpaq sahəsi iddiaçının mərhum anasına 30 il müddətinə icarəyə verilsə də, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilməli olması imperativ qaydada müəyyən edildiyindən, bələdiyyənin qəbul etdiyi müvafiq qərar mahiyyət etibarilə qanunsuz olmuşdur. Həmin qərar iddiaçıya münasibətdə qanunsuz əlverişli inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə hesab edir ki, bələdiyyə ehtiyat fondunun örüş torpaq sahəsinin iddiaçının icarəsinə on beş ildən artıq müddətə icarəyə verilməsi digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. Belə ki, örüş torpaq sahələrinə münasibətdə icarəyə verilmə müddətinin daha qısa müddətə müəyyən etməsində qanunvericinin məqsədi kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmin torpaq sahəsinin mühafizəsinin, normadan artıq yüklənməsinin və nəticəsində ot örtüyü seyrəkləşməsinin, həmçinin torpaq sahəsinin eroziyasının qarşısının alınmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X6 də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində mövcud vəziyyət təhlil olunaraq örüş torpaq sahələri ilə bağlı “otlaqların və örüşlərin heyvan sürüləri ilə normadan artıq yüklənməsi nəticəsində ot örtüyünün xeyli seyrəkləşməsi, qış otlaqlarının quru ot məhsuldarlığı 3–4 sentnerə qədər azalması, otlaq sahələrinin yüksək səviyyədə eroziyaya uğraması proseslərinin müşahidə olunması” probleminə toxunulmuşdur. Odur ki, örüş torpaq sahələrinin qanunvericiliyin tələbinə zidd (nəzərdə tutulmuş müddətdən artıq) istifadə edilməsi dövlət maraqları və ictimai maraqlara ziyan vurduğundan (müəyyən olunmuş müddətdən artıq istifadənin hər bir halda yuxarıda sadalanan problemlərə yol açması), həmçinin torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı tələblərə uyğun olmadığından məhkəmə hazırkı mübahisə üzrə iddiaçının bələdiyyənin 03.01.2002-ci il tarixli qərarının məzmununa etimad göstərməsi hüququnun mövcudluğunu istisna edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Yevlax rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı protokol qərarı ilə Aran bələdiyyəsinin mülkiyyətində olan 50 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin 30 il müddətinə X2 istifadəsinə verilməsi ilə bağlı qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə zidd qəbul olunduğundan cavabdeh haqlı olaraq həmin qərarın ləğvi ilə bağlı 05.04.2021-ci il tarixdə 8 qərar qəbul etmişdir və həmin qərarın ləğvi üçün heç bir hüquqi əsas mövcud deyildir. Torpaq Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 16-cı maddəsi (örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri):
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.( Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları) - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları: 1... Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.
13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun: - 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Yevlax rayon Aran Bələdiyyəsinə qarşı “Yevlax rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev