Məhkəmə qərarları › İş №2-1(116)-71/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-71/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-71/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “yaşadığı və qeydiyyatda olduğu mənzilə mülkiyyət hüququnun tam həcmdə dövlət reyestrində qeydiyyata alınması, adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışda düzəliş edib mənzil üzərində tam həcmdə, yəni mənzilin hər iki otağının göstərilməsi ilə mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alıb yeni çıxarışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşadığı və qeydiyyatda olduğu mənzilə mülkiyyət hüququnun tam həcmdə dövlət reyestrində qeydiyyata alınması, adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışda düzəliş edib mənzil üzərində tam həcmdə, yəni mənzilin hər iki otağının göstərilməsi ilə mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alıb yeni çıxarışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-71/2024 nömrəli qərardadı ilə X8, X12, X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1991-ci ildən yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla yaşayır. Bu mənzil X6 Sovetinin İcraiyyə Komitəsinin 152 nömrəli 29 aprel 1976-cı il tarixli qərarı ilə mərhum X2 5 nəfər ailə tərkibi ilə (anası, üç oğlu və qızı) verilib, iddiaçının anasının adına 5452 nömrəli xx.xx.1976-cı il tarixli order yazılıb. Züleyxa Hacıyeva xx.xx.2005-ci il tarixdə vəfat edib. Yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhəri M.F.Axundov küçəsindəki 3 nömrəli evin 2 otaqlı yaşayış sahəsi 39,8 kv.metr olan 8 nömrəli mənzilini iddiaçı 2015-ci ildə öz adıma xüsusiləşdirmiş və adına ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Çıxarışla birlikdə iddiaçıya mənzilin texniki pasportu verilmiş və texniki pasportda mənzilin otaqlarının və yardımçı sahələrinin ölçüləri göstərilməklə sxemi də çəkilmişdir. Lakin iddiaçıya verilən çıxarışda mənzilin ümumi sahəsi 38,6 kv.metr, yaşayış otaqlarının sayı 1 (bir) ölçüsü 19,6 kv.metr göstərilmişdir. Mənzilin digər otağı texniki pasportda göstərilsə də Dövlət reyestrindən çıxarışda göstərilməmişdir. Mənzilin texniki pasportunda otağın birinin ölçüsü 19,0, o birinin ölçüsü 20,8 kv.metr göstərilsə də adına olan çıxarışda bir otağın ölçüsü 19,6 kv.metr göstərilmişdir. Qeyd edirəm ki, bu mənzildə iddiaçının ailəsindən başqa heç kim heç vaxt qeydiyyatda olmamış və yaşamamışdır. Mənzilin bir girişi var, iddiaçının ailəsi bu mənzilin hər iki otağından istifadə edir. O bu çatışmazlığın aradan qaldırılması və iddiaçıya verilmiş çıxarışa düzəliş edilib adına yeni çıxarışın verilməsi məqsədi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Mingəçevir şəhəri, M.F.Axundov küçəsində yerləşən 3 saylı binada yerləşən 8 saylı mənzilə dair qeydiyyata alınmış mülkiyyət hüququ Mingəçevir XDS tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli 5452 saylı order əsasında aparılmışdır. Həmin orderə əsasən iddiaçıya verilmiş mənzil 1 otaqlı göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaka dair hər hansı bir düzəlişin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Bu səbəblərdəndə iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxslər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 23585 inventar nömrəli xx.xx.2015-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasportu”.

3. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X4 surətindən görünür ki, Mingəçevir şəhəri, M.F.Axundov küçəsində yerləşən 3 saylı binada yerləşən 8 saylı mənzil X3 mülkiyyətindədir.

4. Mingəçevir şəhər XDS-nin Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.1976-cı il tarıixli, 5452 nömrəli orderindən görünür ki, Mingəçevir şəhəri, M.F.Axundov küçəsində yerləşən 3 saylı binada yerləşən 8 saylı mənzil X5 və 4 nəfər ailə üzvünə verilmişdir.

5. Az-İİ 160191 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.2005-ci il il tarixdə vəfat etmişdir;

6. X1 mülkiyyət hüququnun qeydə alındığı xx.xx.2012-ci il tarixli çıxarış.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Hazırkı mübahisənin yaranma əsası iddiaçı tərəfindən özəlləşdirilmiş mənzilə dair çıxıarışın faktiki vəziyyətə uyğun qeyd olunmaması ilə bağlıdır.Belə ki, X3 mülkiyyətində olan Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 3 saylı binada yerləşən 8 saylı mənzilə dair verilən xx.xx.2015-ci il tarixli çıxarışda “mənzilin ümumi sahəsi 38,6 kv.m,yaşayış sahəsi 19 kv.m,yardımçı sahəsi 19,6 kv.m olmaqla, yaşayış otaqlarının sayı 1” kimi göstərilmişdir. Həmin mənzilə dair texniki pasportda isə faktiki olaraq mənzilin ikiotaqlı olduğu və 20.8 kv.m yaşayış sahəsi olan digər otağın mövcud olduğu təsbit edilmişdir. Cavabdehin imtina əsası çıxarışın ilkin hüququmüəyyənedici sənəd əsasında verildiyi,həmin orderdə də otaqların sayının bir olaraq yazılıdığı bildirilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki,iddiaçının mülkiyyətində olan mənzil faktiki olaraq 39.8 kv.m yaşayış sahəsi, 19,6 kv.m yardımçı sahədən, cəmi 59,4 kv.m olmaqla iki otaqlıdır.Tərtib edilmiş orderdə otaların sayının iki deyil,bir olaraq qeyd edilməsi texniki yanlışlıq olmaqla, həmin vaxt verilmiş mənzilin faktiki vəziyyətinə uyğun olmamışdır.Yəni,üzərində mülkiyyət hüququ qeydə alınmış mənzil order verilən vaxtdan texniki pasportda qeyd edilən göstəricilərə malik olmuş,sonradan hər hansı artırılma işləri aparılmamışdır. Araşdırma zamanı iddia olunan mənzilin yerləşdiyi binanın birinci mərtəbəsində olan mənzilə dair sənədlər tələb edilmişdir.Təqdim olunan X1 mülkiyyət hüququnun qeydə alındığı xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki,həmin mənzilin ümumi sahəsi 59.18 kv.m,o cümlədən yaşayış sahəsi 40,25 kv.m olmaqla iki yaşayış otaqlı kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının dəlillərini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Mingəçevir şəhəri, M.F.Axundov küçəsində 3 saylı binada yerləşən 8 saylı mənzilin faktiki vəziyyətinə uyğun yeni çıxarışın iddiaçıya verilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,RX seriyalı ******* nömrəli çıxarışa düzəliş edilərək (mənzilin ümumi sahəsi 59,4 kv.m, yaşayış sahəsi 39.8 kv.m, yardımçı sahəsi 19,6 kv.m,otaqların sayı iki qeyd olunmaqla) yeni çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar