Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-711/2020 18.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx xxxxxx 1978-ci il tarixdən xx xxx 1993-cü il tarixədək Zaqatala Qrenzavodunda fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci ildə Qax rayonu, Qax qəsəbəsində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx xxx 1993-cü il tarixədək Zaqatala rayon Qrenzavodunda fəhlə vəzifəsində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası almaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının Zaqatala Qrenzavodunda işlədiyi iş stajının Zaqatala rayon Dövlət Arxivində yoxlanması zamanı həmin zavodun əmr kitablarında işə girməyi barədə əmrin nömrəsi olmadığı və həmin əmr zavodun möhürü ilə təsdiq edilmədiyindən, işdən çıxmağı barədə əmr möhürlə təsdiq edilmədiyindən və həmin zavodun əmək haqqı cədvəlləri rayon arxivində saxlanmadığından pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasını alması üçün yaşı xx.xx.2019-cu il tarixində tamamlanmışdır. «X5» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, xx.xx.2019-cü il tarixdən «X5» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçının fərdi hesabın sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmamışdır. «X5» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərinin yerində qarşılıqlı yoxlanması tələb olunur. Yoxlama zamanı T. Mustafayevanın 1978-1993-cü illərdə Zaqatala Qrenzavodunda işlədiyi iş stajının düzgünlüyü təsdiq edilməmişdir. Belə ki, Zaqatala Dövlət Arxivində saxlanılan Zaqatala Qrenzavoduna aid əmr kitablarında onun işə girməsi olan əmrin nömrəsi olmadığı və həmin əmrin həmin zavodun möhürü ilə təsdiq edilmədiyi və eyni gündə yazılmış əmrlər başqa başqa xətlərlə yazılması aşkar edilmişdir. İddiaçının işdən çıxması barədə olan əmri isə həmin zavodun möhürü ilə təsdiq edilməmiş və başqa xətlə yazılması aşkar edilmişdir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 11 il 7 ay 15 gün (həmin sığorta stajı 8363 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının əmək kitabçasının surətində aparılmış qeydlərə əsasən sığorta stajı 25 il 11 ay 28 gün təşkil edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə saləhiyyətli nümayəndəsi iddiaçının əmək kitabçasının onun pensiya yaşına çatmasına az müddət qalmış doldurulduğunu, iddiaçının həmin dövrdə 2-ci katib olan xalası Rahilə Əhmədovanın xahiş ilə ora işə düzəldiyini, işə mütəmadi getmədiyini, iddiaçının pensiya yaşına az qalmış qrenzavodun keçmiş direktoru Köngülovun yanına getdiyini, ondan əmək kitabçasını yazmasını xahiş etdiyini və Köngülovun özündə olan köhnə əmək kitabçasını yazaraq ona verdiyini, iddiaçının ikinci işlədiyi müəssisənin ona məxsus olduğunu bildirib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Zaqatala rayon X9 əmək haqqı kitabları rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin əmrdə iddiaçının xx.xx.1978-ci i l tarixdən daimi işə qəbul edilməsi göstərilsə də, əmr nömrəsi qeyd edilməmiş, əmrlər zavodun möhürü ilə təsdiq edilməmişdir. İş materiallarında olan Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının X10 iş stajı yoxlanılmış və onun iş stajının düzgünlüyü təsdiq edilməmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019cu il tarixli **********6 nömrəli imtina məktubu, iddiaçının ******* nömrəli əmək kitabçasının əsli, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 08 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədlərinin təsdiq edilmiş surəti, 13 saylı X6 xx.xx.2020-ci il tarixli **********846900 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, işdə olan Aktın təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X5 Qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan göründüyü kimi iddiaçının mübahisələndirilməyən stajı əmək kitabçasına əsasən 11 il 7 ay 15 gün təşkil edir. İddiaçının əmək kitabçasında aparılmış qeydlərə əsasən ümumi sığorta stajı 25 il 11 ay 28 gündür. İddiaçının əmək kitabçasında onun xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “X11” zavodunda işlədiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işə qəbul olunması əmrinin nömrəsi onun əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin arxiv arayışı və ona əlavə edilmiş əmrlərin təsdiq edilmiş surətindən göründüyü kimi iddiaçının işə qəbul edilmə əmrinin nömrəsi, ümumiyyətlə zavod rəhbərliyinin əmrləri zavodun müvafiq möhürü ilə təsdiq edilməmişdir. Əmək kitabçasının birinci səhifəsində doldurulma tarixi xx.xx.1997-ci il qeyd edilmiş, 2-3 və 4-5-ci səhifələrdə olan qeydlərdə direktor Q.Məmmədova və direktor Z.Qedirov yazısının önündə imza edilməmiş, möhür əkslərində yazılar latın qrafikası ilə yazılmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan əri X3 da izahatında iddiaçının əmək kitabçasının onun pensiya yaşına çatmasına az müddət qalmış doldurulduğunu, iddiaçının həmin dövrdə 2-ci katib olan xalası Rahilə Əhmədovanın xahiş ilə ora işə düzəldiyini, işə mütəmadi getmədiyini, iddiaçının pensiya yaşına az qalmış qrenzavodun keçmiş direktoru Köngülovun yanına getdiyini, ondan əmək kitabçasını yazmasını xahiş etdiyini və Köngülovun özündə olan köhnə əmək kitabçasını yazaraq ona verdiyini, iddiaçının ikinci işlədiyi müəssisənin ona məxsus olduğunu bildirmişdir. Bu da məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının əmək kitabçası sonradan doldurulmaqla heç bir ilkin sənədlərə (əmr kitabları və s.) əsaslanmadan yazılmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 1978-1993-cü illərdə “X11” zavodunda işlədiyi müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx xxxxxx 1978-ci il tarixdən xx xxx 1993-cü il tarixədək Zaqatala Qrenzavodunda fəhlə işlədiyi müddətin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-711/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-711/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver