Məhkəmə qərarları › İş №2-1(116)-711/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-711/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-711/2021 03.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı 16.03.2021-ci il tarixli ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vaxtilə sahibi olduğu mülk, dövlət tədbiri üçün, dövlət planına düşmüş və nəticədə onlara ayrılmış 30 m2 obyekt tikintisi üçün bələdiyyə tərəfindən verilmiş torpaq payının sənədləşdirilməsində bir sıra problemlərlə qarşılaşmışlar. Qonşusu olan X1 verilmiş çıxarış düzgün hesablanmamış və nəticədə onlara ayrılmış torpaq payının 30 m2 metirin 5 m2 metirliyinin üzərindən çıxarış verilmişdir. Amma hər iki tikinti düzgün və razılaşma qaydasında tikilmişdir. Sadəcə sadaladıqları sənədləşdirmə üzərində düzgün aparılmamışdır. İkinci məsələ bundan ibarətdir ki, onlara ayrılmış 30 m2 torpaq payı, bələdiyyə balansından ödənişsiz olmuşdur. Tikintini sökməmişdən əvvəl icra orqanları tərəfindən əllərində olunan çıxarışlar alınmış və əvəzində bələdiyyə tərəfindən onlara ayrılmışdır. Göstərdiklərini nəzərə alaraq ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 09 mart 2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq ərizənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun olmaması bildirilmişdir. Belə ki, iddia ərizəsində iddiaçının ünvanının, cavabdehin hansı inzibati orqan olmasının, o cümlədən cavabdehin ünvanının və ona qarşı olan tələbin konkret göstərilməməsi, ərizənin imzalanmaması, anoloji tələblə cavabdehə edilən müraciətdən cavabdehin imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədlərin əlavə edilməməsi iddiaçının nəzərinə çatdırılmışdır. Həmçinin, iddiaçının konkret hansı inzibati orqana qarşı iddia qaldırması və tələbinin nədən ibarət olması iddia ərizənizin məzmunundan başa düşülməsə də ona izah edilmişdir ki, ona verilmiş torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar yaranmış mübahisə ilə bağlı mübahisəli daşınmaz əmlakın kimə məxsus olmasından asılı olaraq iddiaçı kimi özünün və ya atasının adını və ünvanını, cavabdeh olaraq isə tələbinin yönəldiyi inzibati orqanın (müvafiq bələdiyyə və ya daşınmaz əmlakın dövlət reyestri xidmətinin ərazi üzrə idarəsi) adını qeyd etməli, ilk növbədə məhkəməyə ünvanladığı tələblə həmin inzibati orqanlardan birinə (tələbin xarakterinə uyğun olaraq) müraciət etməli, müraciəti təmin edilmədiyi və ya cavabsız saxlanıldığı halda isə Şəki İnzibati Məhkəməsinə müraciət etməli, eyni zamanda məhkəməyə təqdim edilən sənədlərin əslini və ya notarial qaydada təsdiq edilmiş surətlərini əlavə etməli və iddia ərizəsini imzalamalıdır. Qeyd olunan nöqsanlara aradan qaldırılması və iddia tələbini dəqiqləşdirərək təqdim etməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 29.03.2021-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, lakin verilmiş müddət müddət ərzində iddiaçı tərəfindən nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: Səfərov İddiaçı ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar