Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-713/2021 26.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsi X4rşı “cavabdehin 12.03.2021-ci il tarixli 01-01/H-005/018 nömrəli imtinasının qanunsuz hesab edilməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış sayğacın qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsi X4rşı “cavabdehin 12.03.2021-ci il tarixli 01-01/H-005/018 nömrəli imtinasının qanunsuz hesab edilməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış sayğacın qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı qanuni sahibliyində olan, ünvan 2 ünvanına 14.08.2009-cu il tarixdə quraşdırılmış elektrik sayğacının qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh sayğacın "xxxx" ASC-nin fəaliyyəti dövründə quraşdırıldığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, quraşdırılan sayğac faktiki olaraq şəbəkəyə qoşulmuşdur və ona elektrik enerjisi verilir. Lakin, buna baxmayaraq abonent kodu ala bilmir və istifadə etdiyi elektrik enerjisinin dəyərini də ödəyə bilmir. Abonent kodunun verilməsi üçün ondan 160 manat pul vəsaitinin ödənilməsi tələb olunur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı 09.04.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciəti qanunsuz olmuş və məhkəmə aidiyyəti ilə bağlı normalar pozulmuşdur. İddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 2.1-ci bəndinə əsasən yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi “Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları”na əsasən həyata keçirilir. Müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçirilir. Yalnız bundan sonra istehlakçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərtə əsasən elektrik sayğac dəsti quraşdırıla bilər. Texniki şərtlərin verilməsi “ASAN Xidmət” mərkəzlərində həyata keçirildiyindən texniki şərtin alınması üçün iddiaçı 09.02.2021-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə müraciət etmiş, iddiaçıya texniki şərtin verilməsi üçün bildiriş verilmiş, həmin bildirişə əsasən iddiaçıya ödəniş smetası təqdim olunmuşdur. İddiaçıya verilmiş bildirişə əsasən ödəniş edildikdən sonra onun mülkiyyətində olan Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinə elektrik uçot dəsti quraşdırılacağı bildirilmişdir. Elektrik sayğacının quraşdırılaraq qeydiyyata alınması vətəndaş tərəfindən ödəniş edildikdən sonra “ASAN Xidmət” mərkəzi tərəfindən həyata keçirilir. İddiaçının üçüncü şəxs qismində göstərdiyi X9, "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlətin mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASCyə məxsusdur. Şəbəkə müvafiq əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin şəbəkə "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışı və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki şəhər İcra Hakimiyyətinin “Nöyülbulaq” Məhəllə nümayəndəsinin 09.02.2021ci il tarixli 048 nömrəli arayışı, - "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsi X6 12.03.2021-ci il tarixli imtina məktubu, - “X12 Təchizatı” MMC-nin AAE 592406 №-li, 13.08.2009-cu il tarixli kassa mədaxil orderinin qəbzi, - “X10” MMC tərəfindən təsdiq edilmiş, 11.08.2009-cu il tarixli X8 şəbəkəsi tərəfindən tərtib edilmiş 1117-ƏH №-li naryad blankı, - Şəki şəhər XDS İcraiyyə Komitəsinin 21.10.1991-ci il tarixli 05 №-li iclas protokolundan çıxarış, - "xxxx" ASC tərəfindən iddiaçıya əhali abonentinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı barədə təqdim etdiyi bildiriş və yük hesabatının hazırlanması barədə bildiriş, - "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsi X6 17.05.2021-ci il tarixli məktubu, - Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının 23.06.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan X5 Təchizatı və Satışı İdarəsi X6 12.03.2021-ci il tarixli məktubu birbaşa cavabdeh "xxxx" ASC tərəfindən verilməsə də, müvafiq qurum "xxxx" ASC-nin tabeliyində olduğundan və cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə etirazda X6 hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərməsini, Şəbəkənin əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının "xxxx" ASC-yə məxsus olmasını, şəbəkənin "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışı və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahidi olmasını və maliyyətəsərrüfat balansı "xxxx" ASC-nin balansına aid olmasını bildirdiyindən, məhkəmə iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehdən yazılı qaydada imtina cavabını alması qənaətinə gəlir (cavabdeh "xxxx" ASC özü də iddia tələbinə etirazda iddiaya cavabdeh olmasını mübahisələndirməmiş, X6 verdiyi imtina məktubunda qeyd olunan hüquqi mövqeni təkrarlamışdır). Eyni zamanda iddia düzgün cavabdehə qarşı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, bu sahədə yeni texnologiyaların tətbiqini, madditexniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək cəmiyyətin əsas məqsədləri olaraq qeyd edilmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olmasını bildirsə də, iş materialları ilə qeyd olunan fərdi yaşayış evinin onun qanuni sahibliyində olması müəyyən edilir. Bu isə hazırki iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun yaranması üçün kifayət edir. İddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, cavabdeh "xxxx" ASC inzibati orqan sayılmasa da, hazırki mübahisənin yaranmasına səbəb cavabdehin təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki hərəkətsizliyi olmuşdur. Həmçinin cavabdehlə iddiaçı arasında müqavilə münasibətləri yoxdur. İddia tələbinə baxılması ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin səlahiyyətindədir. Belə ki, iddianın növü “öhdəliyin icrası haqqında” olmasına baxmayaraq, iddiaçının tələb hüququ, yəni qeydiyyata alınması tələb edilən sayğac Şəki rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı olduğundan, məhkəmə hesab edir ki, İPM-nin 8.1.1-ci maddəsinə əsasən inzibati mübahisəyə daşınmaz əmlakın aid olduğu yerin məhkəməsində baxılmalıdır. İPM-nin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan, Şəki şəhər İcra Hakimiyyətinin “Nöyülbulaq” Məhəllə nümayəndəsinin 09.02.2021-ci il tarixli 048 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı Şəki şəhəri N.Nərimanov küçəsində yaşayır və özünə məxsus torpaq sahəsində ev tikmişdir və həmin evdə yaşayır. İş materiallarında olan, "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsi X6 12.03.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş, əsas olaraq isə müvafiq sayğacın "xxxx" ASC-nin fəaliyyəti dövründə quraşdırılması bildirilmişdir. Həmçinin texniki şərt alındıqdan sonra yeni sayğac dəstinin quraşdırılmasının mümkünlüyü izah edilmişdir. İş materiallarında olan, “X12 Təchizatı” MMC-nin AAE 592406 №-li, 13.08.2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə sayğac quraşdırılması üçün 62.95 manat pul məbləği ödəmişdir. İş materiallarında olan, “X10” MMC tərəfindən təsdiq edilmiş, 11.08.2009-cu il tarixli, X8 şəbəkəsi tərəfindən tərtib edilmiş 1117-ƏH №-li naryad blankından görünür ki, 14.08.2009-cu il tarixdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə **********09936 zavod nömrəli yeni elektrik sayğac dəsti quraşdırılmışdır. İş materiallarında olan, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 21.10.1991-ci il tarixli 05№-li iclas protokolundan çıxarışdan görünür ki, iddiaçı X2 X1 Müəssisəsinin 15.12.1980-ci il il tarixli qərarı ilə istifadəsinə ayrılmış 600 kv.m torpaq sahəsində iki otaqlı ev tikməyə icazə verilmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən iddiaçıya əhali abonentinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı barədə təqdim etdiyi bildirişdən və yük hesabatının hazırlanması barədə bildirişdən görünür ki, cavadeh, Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün iddiaçıya 160 manat pul məbləğinin ödənilməsi barədə bildiriş təqdim etmiş, yük hesabatı 5 kVt olaraq müəyyən edilmişdir. İş materiallarında olan, "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsi X6 17.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzrə iddiaçının abonent kodu mövcud deyildir. İddiaçı ilə şəbəkə arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalanmamışdır. Sayğac "xxxx" ASC-nin fəaliyyəti müddətindən əvvəl, "xxxx" ASC-nin fəaliyyəti dövründə quraşdırılmış, lakin qeydiyyata alınmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının 23.06.2021-ci il tarixli məktubundan görünür ki, texniki şərt olmadan yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”-nda nəzərdə tutulmamışdır. Bir qayda olaraq texniki şərtlər enerji təchizatı müəssisəsi tərəfindən verilir və sayğacın quraşdırılması da həmin müəssisə tərəfindən həyata keçirilir. Beləliklə iş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı qanuni istifadəsində olan fərdi yaşayış evinə 14.08.2009-cu il tarixdə X8 şəbəkəsi tərəfindən quraşdırılmış sayğacın cavabdeh tərəfindən qeydiyyata alınmasına nail olmaqdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, hazırki mübahisəyə hüquqi qiymət verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş ”Elektrik enerjisindən istifadə Qaydaları”-nın mübahisələndirilən sayğacın quraşdırıldığı vaxt (14.08.2009) qüvvədə olan redaksiyasına istinad olunmaıdır. Yaranmış mübahisə elektrik sayğacının quraşdırılması və şəbəkəyə qoşulması ilə bağlı olmadığı halda, cavabdeh "xxxx" ASC iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, eyni zamanda iddia tələbinə etiraz edərkən bildirmişdir ki, istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi “Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları”na əsasən həyata keçirilir və yalnız bundan sonra istehlakçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərtə əsasən elektrik sayğac dəsti quraşdırıla bilər. İşin mübahisəsiz halıdır ki, iddiaçının qanuni istifadəsində olan fərdi yaşayış evində faktiki olaraq elektrik sayğacı 14.08.2009-cu il tarixdə buna səlahiyyəti olan müvafiq qurum: Azərenerji ASC-nin tərkibində fəaliyyət göstərmiş, Şəki, Zaqatala, Balakən, Qax və Oğuz paylayıcı elektrik şəbəkələrini birləşdirən, “X12 Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən quraşdırılmışdır. Məhkəmə iclasında izahat verərkən iddiaçı faktiki olaraq elektrik enerjisi ilə təchiz olunduğunu da etiraf edir. Belə olan halda artıq quraşdırılmış və şəbəkəyə qoşularaq enerji təchizatı aparılan sayğacın cavabdeh tərəfindən qeydiyyata alınmasından imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh imtinasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 2.1-ci bəndinə istinad edir. “Qaydaların” mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyasına əsasən yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi “Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları”na əsasən həyata keçirilir. Hazırki iş üzrə qeydiyyata alınması tələb edilən sayğac isə yeni sayğac olmadığından, həmçinin mübahisənin mahiyyəti sayğacın quraşdırılması və şəbəkəyə qoşulması ilə yox, artıq quraşdırılmış sayğacın qeydiyyata alınması ilə bağlı olduğundan yuxarıda qeyd olunan normanın hazırki mübahisə üzrə iddiaçının ziyanına olaraq şərh edilməsi yolverilməzdir. İstinad olunan “Qaydalar”ın 2.2.1, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndlərinə əsasən obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri (yarımstansiya, elektrik stansiyası və ya elektrik verilişi xətti), obyekti qidalandıran hava və ya kabel xətlərinin hansı gərginliyə hesablanması, qoşulma nöqtələrində gərginliyin gözlənilən səviyyəsi, ayn-ayrı hallarda istilik enerjisinin istehlakına tələbat olduqda, qidalandırıcı istilik şəbəkələri sxeminin variantlarının işlənilməsi (2.2.1), qısa qapanma cərəyanlarının hesabat hədləri (ustavka), rele mühafizəsinə, avtomatikaya, rabitəyə, izolyasiyaya və ifrat gərginlikdən mühafizəyə verilən tələblər (2.2.3), elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər (2.2.4), elektrik enerjisinin uçotuna olan tələblər (2.2.5) göstərilir. “Qaydalar”ın 2.3-cü bəndinə əsasən isə texniki şərtin yerinə yetirilməsi sifarişçi və layihəçilər üçün məcburidir. “Qaydalar”ın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarının 1.2.1-ci maddəsində texniki şərtlərə belə bir anlayış verilmişdir: texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi məhz “Qaydalar”-da göstərilən tələblərə uyğun mühəndis-texniki parametrlər nəzərə alındıqdan sonra mübahisələndirilən elektrik sayğacının quraşdırılması mümkün idi. Elektrik sayğacının quraşdırılması üçün texniki şərtin mövcudluğu hazırda zəruri olduğu kimi, 2009-cu ildə də zəruri idi. Bu isə onu deməyə əsas verir ki, müvafiq sayğacın faktiki olaraq quraşdırılması əslində texniki şərtin həmin dövrdə mövcud olduğunu təsdiq edir. Hətta texniki şərt olmadığı halda belə bunun iddiaçıdan tələb edilməsi tamamilə əsassızdır. Belə ki, texniki şərtin hazırlanması elektrik sayğacının quraşdırılması ilə bağlı iddiaçının müraciətini həmin dövrdə qəbul edən orqanın vəzifəsi olmuşdur. Həmin orqan mühəndis-texniki parametrləri nəzərə almaqla texniki şərti tərtib etdikdən sonra elektrik sayğac dəstinin quraşdırılması həyata keçirilməli, əks halda həmin sayğacın quraşdırılmasından imtina etməli idi. Belə ki, texniki şərt olmadan elektrik sayğacının quraşdırılması mümkün deyildi. Cavabdeh iddia tələbinə etirazının əsaslarından biri kimi quraşdırılmış sayğacın "xxxx" ASC-nin fəaliyyəti dövrünə təsadüf etdini bildirir. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək cəmiyyətin əsas məqsədidir. Həmin Nizamnamənin 3.2.1-ci maddəsinə əsasən istehlakçıların kəmiyyət və keyfiyyətcə (gərginlik, tezlik və təchizatın etibarlılığı) müntəzəm qaydada elektrik enerjisi ilə təchiz edilməsi və mövcud tarif qiymətinə uyğun olaraq haqqın yığımı cəmiyyətin fəaliyyət istiqamətlərindən biri olaraq müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, istər fəaliyyəti dövründə, istərsə də ondan əvvəlki dövrdə quraşdırılmış sayğaclarla bağlı istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək cəmiyyətin əsas məqsədi olduğundan, hazırki iş üzrə elektrik sayğacının 2009-cu ildə quraşdırılması cavabdehi həmin sayğacın qeydiyyata alınması ilə bağlı vəzifələrini yerinə yetirməkdən azad etmir. Həmçinin o da qeyd olunmalıdır ki, elektrik enerjisi sərfinə görə hesablaşmaların aparılmasını təmin etmək məqsədilə cavabdeh özü də həmin sayğacın qeydiyyata alınmasında maraqlı olmalıdır. Cavadbeh yuxarıda qeyd olunan “Qaydalar”-ın 2.1-ci maddəsinə istinad edərək texniki şərtin “ASAN Xidmət” mərkəzləri tərəfindən verildiyini bildirsə də məhkəmə hesab edir ki, müvafiq qayda əvvəllər quraşdırılmış sayğaclara münasibətdə tətbiq olunmadığından və artıq quraşdırılmış sayğac üçün texniki şərtin tələb edilməsi istinad olunan “Qaydalar”-ın tələblərinə zidd olduğundan, iddiaçıdan 160 manat pul məbləğinin ödənilməsinin tələb edilməsi qanunsuz olmuşdur. Qeyd edilən ünvanda elektrik sayğac dəstinin faktiki olaraq səlahiyyətli qurum tərəfindən quraşdırılması məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, iddiaçı həmin sayğacın qeydiyyata alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilir (sayğacın quraşdırılmasını cavabdeh özü də etiraf edir). Həmin sayğacın qeydiyyata alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdehin yeganə imtina dəlili mövcud sayğacın "xxxx" ASC-nin fəaliyyəti dövründə quraşdırılması ilə bağlıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən sayğacın qeydiyyata alınmasından imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Hər bir halda artıq quraşdırılmış bir sayğac üçün yenidən texniki şərtlərin tələb edilməsi və buna görə pul məbləğinin ödənilməsini tələb etməkdə cavabdeh haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh imtinası qanuni olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddiaçı həmin imtinanın qanunsuz hesab edilməsi və ünvan 4 ünvanında quraşdırılmış sayğacın qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının qanuni istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 13 və 14-cü bəndlərində qeyd edilmişdir ki, “nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsi X6 12.03.2021-ci il tarixli 01-01/H-005/018 nömrəli imtinası qanunsuz hesab edilir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı qanuni sahibliyində olan, ünvan 4 ünvanında quraşdırılmış elektrik sayğacının qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-713/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-713/2021
26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver