Məhkəmə qərarları › İş №2-1(116)-713/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-713/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-713/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-044F Kod 40703028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən mülkiyyətdə olan 0,23 ha həyətyanı torpaq sahəsində mövcud olan 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum xx.xx.1981-ci ildə vəfat etmiş X2 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-044F Kod 40703028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən mülkiyyətdə olan 0.23 ha həyətyanı torpaq sahəsində mövcud olan 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə xx.xx.1981-ci ildə vəfat etmiş X1 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-713/2023 nömrəli qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-044F Kod 40703028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən mülkiyyətdə olan 0,23 ha həyətyanı torpaq sahəsində mövcud olan 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum xx.xx.1981-ci ildə vəfat etmiş X2 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - İddiaçının atasından İsmayıllı rayon Lahıc qəsəbəsində 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evi miras qalmışdır. İddiaçı 1980-cı illərdə öz vəsaiti ilə evi əsaslı təmir etdirmiş, damını bütünlüklə dəyişdirərək təzələmişdir. Respublikada aparılan məlum islahatlar zamanı atasına məxsus 0,23 ha həyətyanı torpaq sahəsi evdə yeganə qeydiyyatda qalan analığı X6 adına qeydə alınaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-044F Kod 40703028 olan şəhadətnamə yazılmışdır. Lakin atasının faktiki mülkiyyətində olan, 2 mərtəbəli, 9 otaqlı, yaşayış üçün tam yararlı olan fərdi yaşayış evi məlum olmayan səbəblərdən atasının adına qeydə alınmamışdır. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il tarixli ********* nömrəli poçt qəbzindən və cavabdeh orqanın iddia tələbinin etirazının məzmunundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. - İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2014-cü il tarixli 90 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbə İƏB-nün (XDS-nin) 1966-1982-ci illər üzrə Təsərrüfatbaşına kitabında mərhum atası X1 ailə başçısı olmaqla ailə tərkibi şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi və ev haqqında qeydlər aşağıdakı kimi göstərilmişdir: 1980-1982 -ci illər üzrə. Ailə başçısı: X4 1931-ci il təvəllüd. Arvadı: X14 1941 -ci il təvəllüd. Oğlu: X17 20 10.1961-ci il təvəllüd. Qızı: X7 03.02 1963-cü il təvəllüd. Qızı: X10 xx.xx.1968-ci il təvəllüd. Qızı: X11 xx.xx.1970-ci il təvəllüd. Qızı: X12 01 03.1972-ci il təvəllüd Həyətyanı torpaq sahəsi: 0.23 ha. Evin tikli tarixi: 1918-cı ildən qabaq. - İsmayıllı rayon Dövlət Arxivininin xx.xx.2022-ci il tarixli 165 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndi üzrə 1983-2005-ci illərdə X5 1981ci ildə vəfat etdikdən sonra təsərrüfatında qalan ailə üzvü X8r. - JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 74 nömrəli qərarı ilə X9 0,19 ha torpaq sahəsi ayrılmışdır. - İsmayıllı rayon İHB-nın Lahıc İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 235 nömrəli arayışından görünür ki, mərhum X15 xx.xx.1981-ci il tarixdə vəfat etmiş və vəfatına qədər İsmayıllı rayon Ərəgit kəndində özünə məxsus olan 0.23 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı və 2 əlavə tikilisi olan fərdi yaşayış evində yaşamışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddia tələbindən görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı 0,23 ha həyətyanı torpaq sahəsində mövcud olan 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum xx.xx.1981-ci ildə vəfat etmiş X2 məxsus olması barədə qeydiyyatın aparılmasına nail olmaqdır. İş materialları ilə müəyyən edilir ki, İsmayıllı rayonu Lahıc qəsəbə İƏB-nün (XDSnin) 1966-1982-ci illər üzrə Təsərrüfatbaşına kitabında mərhum X1 ailə başçısı olmuş və o, xx.xx.1981-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən təsərrüfatda ailə başçısı və təsərrüfat üzvü X16 olmuş, torpaq islahatı aparılan zaman fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də JN-044F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli 74 nömrəli qərarı ilə ona verilmişdir. İşin mübahisəsiz halıdır ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində 0.19 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi 1918-ci ildən əvvəl inşa edilmişdir. Belə olan halda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış məlumatları əsas götürülməklə fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların dövlət qeydiyyatı üçün zəruri sənəd olaraq qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyənləşdirilmiş hallarından görünür ki, İsmayıllı rayon Lahıc qəsəbəsi Ərəgit kəndi üzrə 1983-2005-ci illərdə X5 1981-ci ildə vəfat etdikdən sonra təsərrüfatında qalan ailə üzvü (təsərrüfat başçısı) X14 olduğundan və bu barədə təsərrüfatbaşına kitabdan çıxarışda müvafiq qeydlər olduğundan cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-044F Kod 40703028 olan şəhadətnamə üzrə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən mülkiyyətdə olan 0,23 ha həyətyanı torpaq sahəsində mövcud olan 2 mərtəbəli, 9 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum xx.xx.1981-ci ildə vəfat etmiş X2 məxsus olması barədə qeydiyyatın aparılması və arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar