Məhkəmə qərarları › İş №2-1(116)-715/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-715/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-715/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1, İddiaçı1 nümayəndəsi Vəkil, İddiaçı4 nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin İsmayıllı rayon XDS İK-nin 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsinə aid hissədə ləğv olunması və həmin hissə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İsmayıllı şəhəri M.C.Paşayev (əvvəlki Xanlar) küçəsi № 7 ünvanında olan bir mərtəbəli evin yerləşdiyi 0,13 ha həyətyanı torpaq sahəsi 1985-ci ildən də əvvəl X7 qanuni istifadəsində olmuşdur. İddiaçı1 29.09.1985-ci ildə X7 oğlu X8 ilə ailə qurmuş və yuxarıda qeyd olunan evə gəlin köçmüşdür. İsmayıllı rayon XDS İK-in 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə X7 istifadəsində olan həmin torpaq sahəsindən 0,04 ha hissəsinin ayrılıb X4 verilməsi qərara alınmışdır. Həmin həyətdə 2 mərtəbəli başqa ev də tikilmiş, lakin ayrılmış 0,04 ha torpaq sahəsinin sərhədləri hasarla bağlanmamışdır. İddiaçı1 və X3 nikahından xx.xx.1986-cı ildə İddiaçı3, xx.xx.1988-ci ildə İddiaçı2, xx.xx.1991-ci ildə isə İddiaçı4 adlı övladları doğulmuşdur. Ölkədə keçirilən torpaq islahatı zamanı qeyd olunan ünvanda X15 ilə yanaşı, X8 və iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 da yaşamışlar. Lakin "İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl" tərtib edilərkən 0,04 ha torpaq sahəsinin 1991-ci ildə ayrılıb X3 istifadəsinə verilməsi nəzərə alınmamış, nə onun, nə də iddiaçıların adları cədvələ daxil edilməmiş, əksinə, həmin cədvəldə X7 qanuni istifadəsində 0,1365 ha torpaq sahəsinin olması göstərilmişdir. Bu səbəbdən həmin cədvələ uyğun olaraq, 0,13 ha həyətyanı torpaq sahəsinin bütövlükdə X7 mülkiyyətinə verilməsi haqqında 03.03.2006-cı il tarixli JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İsmayıllı şəhəri ərazisində həyətyanı torpaq sahəsi verilmiş subyektlərin siyahısına X3 və onun ailə üzvləri olan iddiaçıların adları daxil edilməmişdir. X8 05.05.2009-cu ildə, X15 isə 09.04.2017-ci ildə vəfat etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehə ərizə ilə müraciət edərək, 0,13 ha torpaq sahəsinə dair JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsini və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu bundan imtina edərək 27.06.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan tələblər Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçılar cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə düzəliş edilərək İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X3 adlarının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onlar iddianı belə əsaslandırmışlar ki, 0,13 ha torpaq sahəsinin 0,04 ha hissəsi X3 mülkiyyətinə verilməsinə baxmayaraq, JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də nə X3, nə də İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 adları mülkiyyətçi kimi qeyd olunmamışdır. Ona görə də JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə düzəliş edilərək X3, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 adları mülkiyyətçi kimi daxil edilməlidir. Cavabdeh 12.09.2019-cu il tarixli **********33 nömrəli məktubla iddianı qəbul etməmiş və etirazını öz imtinasının dəlilləri ilə əsaslandırmışdır. Şəki İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-1(116)-118/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-1(116)-118/2020 nömrəli qərardadı ləğv edilərək iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.04.2019-cu il tarixli 1712 nömrəli arayışından məlum olmuşdur ki, İsmayıllı şəhəri M.Paşayev küçəsi ev 7 ünvanında İddiaçı1, X9, X5, X6, X12, X16 və X13 qeydiyyatdadırlar. Ona görə də məhkəmənin 01.04.2021-ci il tarixli qərardadı ilə X12, X16 və X14 üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs X16 20.04.2021-ci ildə məhkəməyə ərizə göndərərək İddiaçı1 məxsus 0,04 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Üçüncü şəxslər X12 və X14 isə iddiaya rəsmi münasibət (etiraz) bildirməmişlər. Bundan sonra məhkəmə tərəfindən iddiaçılara yardım edildikdən sonra onlar cavabdehə yenidən ərizə ilə müraciət edərək, 0,13 ha torpaq sahəsinin 0,04 ha hissəsinin adlarına qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 04.06.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan torpaq sahəsi ilə bağlı qeydiyyat üçün əsas olan hüquq müəyyənedici sənədlər təqdim edildikdən sonra torpaq sahəsi qanunvericiliyə uyğun olaraq iddiaçıların adına qeydiyyata alına bilər. Daha sonra iddiaçılar məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələblərinin "JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin İsmayıllı rayon XDS İK-nin 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsinə aid hissədə ləğv olunması və həmin hissə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması"ndan ibarət olduğunu bildirmişlər. Məhkəmənin 29.06.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasının protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etmədiyinə, üçüncü şəxslər isə gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan "Nikahın bağlanması haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı1 29.09.1985-ci ildə X8 ilə ailə qurmuşdur. - İşdə olan İsmayıllı Rayon Dövlət Arxivinin 04.11.2016-cı il tarixli 359 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayon XDS İK-in 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə X7 istifadəsində olan həmin torpaq sahəsindən 0,04 ha hissəsinin ayrılıb X4 verilməsi qərara alınmışdır. - İşdə olan İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 12.04.2021-ci il tarixli 52 nömrəli arayışından görünür ki, İsmayıllı şəhəri M.Paşayev küçəsi № 7 ünvanında 2 ev mövcuddur, onlardan biri 2 mərtəbəli, digəri isə 1 mərtəbəli qəzalı vəziyyətdədir. Həmin ünvanda olan evin torpaq sahəsi mərhum X7 adına verilmiş JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə əsasən 0,13 ha-dır. Hazırda həmin ünvanda İddiaçı1 tək yaşayır. X12, X16 və X14 M.Paşayev küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla hazırda İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yaşayırlar və M.Paşayev küçəsi ev 7 ünvanında mülkiyyətçidirlər. - İşdə olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin arayışlarından görünür ki, xx.xx.1986-cı ildə İddiaçı3, xx.xx.1988-ci ildə İddiaçı2, xx.xx.1991-ci ildə isə İddiaçı4 İddiaçı1 və X3 nikahından doğulmuşlar. - İşdə olan "İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"dən görünür ki, X7 qanuni istifadəsində 0,1365 ha torpaq sahəsinin olması göstərilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25.09.2019-cu il tarixli arayışından görünür ki, İsmayıllı şəhəri ərazisində həyətyanı və pay torpaq sahəsi verilmiş subyektlərin siyahısına X3 və onun ailə üzvləri olan iddiaçıların adları daxil edilməmiş, eləcə də, arxivdə İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 nömrəli qərarı aşkar edilməmişdir. - İşdə olan 03.03.2006-cı il tarixli JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, İsmayıllı şəhərində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. - İşdə olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin arayışlarından görünür ki, X8 05.05.2009-cu ildə, X15 isə 09.04.2017-ci ildə vəfat etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Müəyyən edildi ki, X7 adına olan 03.03.2006-cı il tarixli JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,13 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsi torpaq islahatından əvvəl İsmayıllı rayon XDS İK-in 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə ayrılıb X3 istifadəsinə verilmişdir. X8 həmin 0,04 ha torpaq sahəsində ev inşa etmiş və torpaq islahatı aparılan dövrdə də arvadı İddiaçı1, övladları İddiaçı3, İddiaçı2, İddiaçı4 ilə birlikdə həmin evdə yaşamışdır. Onun övladları İddiaçı3, İddiaçı2 və İddiaçı4 ailə qurub evdən köçmüş, özü isə vəfat etmişdir. Hazırda evdə İddiaçı1 tək yaşayır. Məhkəmə qeyd edir ki, torpaq islahatı zamanı 0,13 ha həyətyanı torpaq sahəsi bütövlükdə X7 qanuni istifadəsində olmadığına görə bütövlükdə onun mülkiyyətinə verilə bilməzdi. Həmin torpağın 0,04 ha hissəsi mərhum X3 və iddiaçıların qanuni istifadəsində olduğuna görə həmin 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququ da məhz onlara məxsusdur. Belə olan halda, qeyd olunan 0,04 ha torpaq sahəsinin X7 adına olan JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə daxil edilməsi qanunsuzdur. Ona görə də iddia təmin edilərək, JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin İsmayıllı rayon XDS İK-nin 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsinə aid hissədə ləğv olunması, həmin hissə üzərində iddiaçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-2721F kod 40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin İsmayıllı rayon XDS İK-nin 25.11.1991-ci il tarixli 12 nömrəli qərarı ilə X4 ayrılmış 0,04 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, həmin 0,04 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar