Məhkəmə qərarları › İş №2-1(116)-716/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-716/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-716/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə maaşın 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, xx.xx.2013-cü ildən dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Dövlət Ekologiya və X2 Komitəsində müfəttiş, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəfərabad kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. Ona xx.xx.2001-ci ildə İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Dövlət qulluğunda olan 10 il 1 ay iş stajı nəzərə alınaraq ona xx.xx.2005-ci ildə dövlət qulluqçusu kimi pensiya hesablanmışdır. Cəfərabad icra nümayəndəliyində işlədiyi vəzifəyə görə ona aylıq 480 manat əmək haqqı, 10 % staj əlavəsi nəzərə alınaraq 245,70 manat əmək pensiyası ödənilir. O, cavabdehə müraciət edərək, məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə maaşın 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, xx.xx.2013-cü ildən dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla bundan imtina etmiş və bildirmişdir ki, iddiaçı dövlət qulluğu vəzifələrində işlədiyi vaxt qeyd edilən məbləğləri, yəni vəzifə səlahiyyətlərinin icrasına görə 15 % əlavəni və məzuniyyətə çıxarkən ödənilən bir aylıq müavinəti almadığına görə hazırda onun əmək pensiyasının yenidən hesablanması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, dövlət qulluğu üzrə iş stajı 10 il 01 ay təşkil edir. Ona xx.xx.2005-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman hakimiyyət səlahiyyətlərinin icrasına görə maaşın 15 faizi məbləğində əlavə haqq və məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində ödənilən müavinət nəzərə alınmamışdır. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İddiaçı adına verilmiş xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Dövlət Ekologiya və X2 Komitəsidə müfəttiş, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Şəki Şəhər İcra Hakimiyyəti başçısının Cəfərabad kənd üzrə nümayəndəsi vəzifəsində işləmişdir. - İşdə olan, DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il imtina məktubundan görünür ki, İddiaçı xx.xx.2001-ci ildə İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Dövlət qulluğunda olan 10 il 1 ay iş stajı nəzərə alınaraq ona xx.xx.2005-ci ildə dövlət qulluqçusu kimi pensiya hesablanmışdır. Cəfərabad icra nümayəndəliyində işlədiyi vəzifəyə görə ona aylıq 480 manat əmək haqqı, 10 % staj əlavəsi nəzərə alınaraq 245.70 manat əmək pensiyası ödənilir. Cəfərabad kənd icra nümayəndəliyində işləyərkən qeyd edilən vəzifə səlahiyyətlərinin icrasına görə 15 % əlavənin və məzuniyyətə çıxarkən ödənilən bir aylıq müavinəti almadığına görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. İddiaçının tələbi 3 hissədən: 1) məzuniyyətə çıxarkən bir aylıq əmək haqqı məbləğində müavinətin; 2) hakimiyyət səlahiyyətlərinin icrasına görə maaşın 15 faizi məbləğində əlavə haqların nəzərə alınması; 3) dövlət qulluqçusu kimi pensiyanın xx.xx.2013-cü ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə görə, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin normanın təhlilindən görünür ki, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş səxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçuları üçün nəzərdə tutulan elə əlavələr nəzərə alınmalıdır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilir. Dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təskil etmiş olar. Basqa sözlə, dövlət qulluqçusunun əgər işləsəydi həmin əlavələri alacağını qəti səkildə söyləmək mümkün deyildir. "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı məzuniyyətə çıxarkən dövlət qulluqçularına ödənilər bir aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alınmasını tələb etməkdə haqlıdır. Məhkəmənin fikrincə, iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına ödənilən maaşın 15 faizi məbləğində əlavə haqların nəzərə alınması barədə tələbi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən, "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı" təsdiq edilmiş və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Həmin Fərmanla təsdiq edilmiş "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın 4-cü bəndində yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri də nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi dövlət qulluqçusu vəzifəsi hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında vardır. Ona görə də həmin məbləğ iddiaçının pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçının əmək pensiyasının xx.xx.2013-cü ildənyenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan məbləğlərin nəzərə alınması barədə qaydalar sonradan yaranmadığına, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edildiyi zaman da mövcud olduğuna görə, iddiaçının həmin məbləğlərin pensiya hüququnun yarandığı gündən yenidən hesablanmasını tələb etmək hüququ vardır. İddiaçıya dövlət qulluqçusu kimi pensiya xx.xx.2005-ci ildə hesablansa da, o, yenidən hesablamanın xx.xx.2013-cü ildən aparılmasını tələb etdiyinə görə, iddia həmin hissədə də təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət və hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu kimi əmək pensiyası məbləğinin xx.xx.2013-cü ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar