Məhkəmə qərarları › İş №2-1(116)-716/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-716/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-716/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 68 saylı ölüm haqqında akt qeydində mərhum ərinin atasının adının Məhəmməd oğlundan Mamedoviçə düzəliş edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 68 saylı ölüm haqqında akt qeydində mərhum ərinin ata adının Məhəmməd oğlundan Mamedoviçə düzəliş edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı mərhum əri X8 xx.xx.2001-ci ildə Cavabdehndə nikah rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2003-cü il tarixdə bir övladı - X7 anadan olmuşdur. İddiaçının əri xx.xx.2008-ci il tarixdə Balakən rayonunun Katex kəndində vəfat etmişdir. Nikah haqqında şəhadətnamədə, oğlunun doğum haqqında şəhadətnaməsində iddiaçının ərinin ata adı Mamedoviç olmasına baxmayaraq, ölüm haqqında şəhadətnaməsində ata adı Məhəmməd oğlu qeyd edilmişdir. Bu hal iddiaçının oğlu X5 atasını itirməsi səbəbindən ali təhsil alması ilə əlaqədar sosial müavinət almaq hüququnu pozmuşdur. İddiaçının hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli xx/xx-1693/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, mərhum əri X3 barəsində Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 68 saylı ölüm haqqında akt qeydində atasının adının ”Məhəmməd“dən “Mamedoviç”ə düzəliş edilməsi şöbədə mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adına düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan: 404005 nömrəli “Nikhın bağlanması” haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Soltanov Həsən X1 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmış, Esmira Məmmədova “Soltanova” soyadını qəbul etmişdir. 740012 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2003-cü ildə anadan olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli 05176-9113 nömrəli məktubuna əlavə olunmuş Balakən RİH başçısının Katex kənd nümayəndəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 68 nömrəli “Ölüm haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/73 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, X7 xx.xx.2003-cü ildə Mahaçqala şəhərində anadan olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli 05176-306/13 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1969-cu il tarixli 39 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətində iddiaçının ərinin məlumatları “X10” kimi qeyd olunmuşdur. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 109-16541-1222 nömrəli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkasının təsdiq olunmuş surətində iddiaçının ərinin məlumatları “X10” kimi qeyd olunmuşdur. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ərinin adı, soyadı və ata adı doğum haqqında akt qeydində X10, ölüm haqqında akt qeydində isə X2 qeyd edilmiş, fərdi uçot kartoçkasında X10 olaraq göstərilmişdir. Araşdırma nəticəsində əldə edilən məlumatlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edildiyindən, ölüm haqqında akt qeydində iddiaçının mərhum ərinin ata adının Məhəmməd oğlundan Mamedoviçə düzəliş edilməsindən ibarət tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 68 saylı ölüm haqqında akt qeydində mərhum ərinin ata adının Məhəmməd oğlundan Mamedoviçə düzəliş edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə tərtib edilmiş 68 saylı ölüm haqqında akt qeydində mərhum ərinin atasının adının Məhəmməd oğlundan Mamedoviçə düzəliş edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar