Məhkəmə qərarları › İş №2-1(116)-718/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-718/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-718/2025 05.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Ağsu rayonu, Elabad kəndi) cavabdeh – Ağsu rayon Qeydiyyat şöbəsinə (yerləşdiyi yer: Ağsu şəhəri, Azərbaycan küçəsi) qarşı «doğum haqqında akt qeydində dəyişiklik edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 20 avqust 1998-ci il tarixdə Ağsu rayonunun Elabad kəndində doğulmuşdur. X4 adı ilə XXİ ЖГ-325773 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X13 həmin ad, soyad və ata adı ilə X17 ilə nikaha daxil olmuş və AZ-İİ 152694 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmiş nikahdan sonra ona (qadına) Ağayeva soyadı verilmişdir. İddiaçıya məxsus AA ******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”ndə onun ad, soyadı və ata adı İddiaçı qeyd olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, 12 oktyabr 1998-ci il tarixdə Ağsu rayon Gürcüvan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 55 nömrəli doğum akt qeydində onun adı “İlham”, cinsi “kişi” qeyd olunmuşdur. İddiaçı ərizə ilə Ağsu rayon Qeydiyyat şöbəsinə müraciət edərək, onun doğumu haqqında tərtib edilmiş 55 nömrəli 12 oktyabr 1998-ci il tarixli doğum akt qeydində adının “İlham”dan “İlkanə”yə, cincinin “kişi”dən “qadın”a dəyişdirilməsini xahiş etmişdir. Ağsu rayon Qeydiyyat şöbəsi məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsinə qarşı «doğum haqqında akt qeydində dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının mövqeyi belədir ki, cavabdeh inzibati orqan Ağsu rayon Qeydiyyat şöbəsi iddiaçının doğumu haqqında akt qeydində onun adının və cinsinin dəyişdirilməsindən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət olunmasını ona tövsiyə etmişdir. Nazirlər Kabinetinin 52 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda isə, akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edir. Ağsu rayon qeydiyyat şöbəsi sənədlər arasında ziddiyyət olduğundan və dəyişiklik üçün kifayət qədər əsas olmadığından, doğum haqqında akt qeydinə düzəliş olunmasından imtina edir. Ona görə də məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, onun (iddiaçının) doğumu haqqında Ağsu rayon Gürcüvan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 12 oktyabr 1998-ci il tarixli 55 nömrəli akt qeydində uşaq haqqında məlumat qrafasında adının “İlham”dan “İlkanə”yə, cinsinin “kişi”dən “qadın”a dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh iddia ilə bağlı bildirir ki, vətəndaş İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsinə dair müraciəti Şöbədə araşdırılarkən məlum olmuşdur ki, 12 oktyabr 1998-ci il tarixdə Xanbulan (Gürcüvan) kənd icra nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydi tərtib olunarkən uşaq haqqında məlumat qrafasında ad, soyad və ata adı “X21”, cinci “kişi” yazılmışdır. «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edir. Ağsu rayon Qeydiyyat şöbəsi sənədlər arasında ziddiyyət olduğundan və dəyişiklik etmək üçün kifayət qədər əsas olmadığından doğum akt qeydində dəyişiklik olunmasından imtina etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan ünvan 1 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsinin iddiaçının doğumu haqqında akt qeydində dəyişiklik edilməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Nazirlər Kabinetinin 1 mart 2003-cü il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Ağsu rayonu Xanbulan ərazi bölgəsi tərəfindən 20 avqust 1998-ci il tarixdə Ağsu rayonunun Elabad kəndində doğulmuş X7 doğumu haqqında 55 nömrəli akt qeydi tərtib olunmuş və bu barədə 24 oktyabr 1998-ci il tarixdə XXİ-ЖГ seriyalı 325773 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir. İş materiallarından görünür ki, 20 avqust 1998-ci il tarixdə doğulmuş İddiaçı AA ******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” verilmişdir. İş materiallarından görünür ki, 1 noyabr 1991-ci il təvəllüdlü X17 ilə 20 avqust 1998ci il təvəllüdlü X13 arasında 28 sentyabr 2016-cı il tarixdə nikah bağlanmış və bu barədə Şəki rayon Qeydiyat şöbəsində həmin tarixdə akt qeydi tərtib olunmuşdur. İş materiallarından görünür ki, 20 avqust 1998-ci il təvəllüdlü İddiaçı barəsində tərtib olunmuş fərdi uçot kartoçkası müvafiq sorğu məktubu əsasında Ağsu RPŞ tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin müvafiq sorğu üzrə Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 26 iyul 2024-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - XXİ-ЖГ seriyalı 325773 nömrəli şəhadətnamənin surəti nəzərdən keçirilərkən həmin sənədin 24 oktyabr 1998-ci il tarixdə Ağsu rayonunun Xanbulan icra nümayəndəliyi tərəfindən X7 adına tərtib edildiyi, atasının X11, anasının X1 yazıldığı məlum olmuşdur. Lakin Ağsu rayon Qeydiyyat şöbəsinin və Xidmətin arxivində mühafizə olunan 1998-ci ilə dair akt qeydləri üzrə araşdırma aparılarkən müvafiq şəhadətnamənin 12 oktyabr 1998-ci il tarixdə X9 adına tərtib olunduğu müəyyən edilmişdir. İşin mahiyyəti üzrə ətraflı araşdırılmasına köməklik göstərilməsi məqsədilə həmin akt qeydinin, habelə İddiaçı nikahı və 2 övladının doğumu haqqında akt qeydlərinin kserosurətləri məhkəməyə göndərilir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyətinin Xanbulan Kənd İnzibati Ərazi Dairəsi üzrə X6 Məhkəməsinə ünvanlanmış 26 avqust 2024-cü il tarixli məktubunda bildirilir ki, 12 oktyabr 1998-ci il tarixdə Xanbulan kənd icra Nümayəndəliyində qeydə alınmış 55 nömrəli doğum akt qeydinin tərtib olunmasına əsas olan hüquqi sənədlər, o cümlədən Ağsu rayon doğum evinin 155 saylı arayışı və 12 oktyabr 1998-ci il tarixdə tərtib olunmuş 55 saylı doğum haqqında akt qeydinin verilməsi barədə icra nümayəndəliyinin qeyd kitabının saxlanma müddəti bitdiyi üçün həmin sənədlər məhv edilmişdir. İş materiallarında olan Ağsu Rayon Mərkəzi Xəstəxanasının sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış məktubunda bildirilir ki, X8 1998-ci il ərzində Xəstəxananın doğum şöbəsinə müraciət etməmişdir. İş materiallarından görünür ki, 20 avqust 1998-ci il tarixdə Ağsu rayonunun Elabad kəndində doğulmuş X12 doğumu barəsində Ağsu RİH başçısının Xanbulan kənd ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 12 oktyabr 1998-ci il tarixdə 55 saylı doğum akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Ağsu RİH Ağsu Rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış 29 noyabr 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş Elabad kəndində qeydiyyatda olan X11 və ailə üzvlərinə dair 1996 – 2005-ci illərə aid təsərrüfatbaşına kitabda “X15”nun adı yazılmışdır. Hazırkı mübahisəli vəziyyətlə bağlı məhkəmə qeyd edir ki, İddiaçı 20 avqust 1998-ci il tarixdə Ağsu rayonunun Elabad kəndində doğulması barədə 55 nömrəli akt qeydi tərtib olunmuş və bu barədə 24 oktyabr 1998-ci il tarixdə XXİ-ЖГ seriyalı 325773 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir. Həmçinin 20 avqust 1998-ci il tarixdə doğulmuş İddiaçı aidiyyəti qurumdan AA seriyalı ******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” də almışdır. Əlavə olaraq, məhkəmənin sorğusu əsasında əldə olunmuş və iş materiallarına əlavə edilmiş sənədlərə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 26 iyul 2024-cü il tarixli məktubu) əsasən, X13 (20 avqust 1998-ci il təvəllüdlü) ilə X17 (1 noyabr 1991-ci il təvəllüdlü) arasında 28 sentyabr 2016-cı il tarixdə nikah bağlanmış və bu nikahdan onların iki uşağı doğulmuşdur. Vətəndaşlıq vəziyyəti qeydiyyatının aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Məhkəmə vurğulayır ki, hazırkı iş üzrə iddiaçıya qanunvericiliyə uyğun olaraq doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə iddiaçının adı “İlkanə” cinsi “qadın” olaraq göstərilmişdir. Bu baxımdan iddiaçı onun barəsində tərtib edilmiş 24 oktyabr 1998-ci il tarixdə XXİ-ЖГ seriyalı 325773 nömrəli “doğum haqqında şəhadətnamə”yə və cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Digər tərəfdən də, belə hal vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi üçün “kifayət qədər əsas” şərti ilə uzlaşır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 26 iyul 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Ağsu rayon Qeydiyyat şöbəsinin və Xidmətin arxivində mühafizə olunan 1998-ci ilə dair akt qeydləri üzrə araşdırma aparılarkən müvafiq şəhadətnamənin 12 oktyabr 1998-ci il tarixdə X9 adına tərtib olunduğu müəyyən edilmişdir. İddiaçı adına verilmiş 24 oktyabr 1998-ci il tarixli XXİ-ЖГ seriyalı 325773 nömrəli “doğum haqqında şəhadətnamə” əsasında iddiaçı şəxsiyyət vəsiqəsi almış, uzun illər ərzində müəyyən sənədlərdə və ictimai həyatında həmin ad altında fəaliyyət göstərmişdir. Bu dövr ərzində ona verilmiş şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi və digər rəsmi sənədlərdə adı “İlkanə” kimi qeyd olunmuşdur. Odur ki, uşağın cinsinin fərqli yazılması da nəzərə alınmaqla hazırkı işin halları üzrə akt qeydində düzəlişdən imtina olunması ümumiyyətlə yolverilən qiymətləndirilə bilməz. Bu vəziyyətdə iddiaçının etimad hüququnun, o cümlədən şəxsin həyatının hüquqi olaraq stabil və dəyişməz qalması prinsipinin qorunması vacibdir. İddiaçının uzun illər ərzində adının XXİ-ЖГ seriyalı 325773 nömrəli doğum haqqında şəhadətnamədə “İlkanə” kimi qeyd olunması bu sənədin və digərlərinin davamlı və etibarlı olduğunu göstərir. Buna görə də cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının müdafiəsi, şəxsin həyatının hüquqi olaraq sabit və dəyişməz qalması prinsipinin qorunması baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə hesab edir ki, ilkin doğum haqqında akt qeydi tərtib olunarkən (Ağsu RİH başçısının Xanbulan kənd ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 55 saylı 12 oktyabr 1998-ci il tarixli) səhvə yol verilmiş və bu baxımdan iddiaçı ilkin doğum akt qeydinin sonrakı sənədlərə uyğun olaraq dəyişiklik (düzəliş) edilməsi barədə müraciət etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, hər bir inzibati orqan (yəni inzibati orqan adından qərar qəbul edən məsul şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1157/2024 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin Şəki İnzibati Məhkəməsinə ünvanladığı 4 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1998-ci il təvəllüdlü X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsində qeydiyyatda yoxdur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının doğumu haqqında akt qeydlərində düzəliş edilməsindən imtina etməkdə cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsi haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Ağsu RİH başçısının Xanbulan kənd ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 55 saylı 12 oktyabr 1998-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “İlham”dan “İlkanə”yə, cinsin “kişi”dən “qadın”a düzəliş edilməsi öhdəliyi cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 58.7, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Ağsu RİH başçısının Xanbulan kənd ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 55 saylı 12 oktyabr 1998-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “İlham”dan “İlkanə”yə, cinsin “kişi”dən “qadın”a düzəliş edilməsi öhdəliyi cavabdeh Ağsu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X22

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar