Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-719/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq islahatı nəticəsində JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, torpaq sahəsinə dair plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq islahatı nəticəsində JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, torpaq sahəsinə dair plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə İddiaçı xx xxxxxx 1965-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində doğulmaqla hazırda ünvan 1 ünvanında yaşayır. Qəbələ rayonu ərazisində torpaq islahatları keçirilən zaman ona Qəbələ şəhəri ərazisində JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzrə müəyyən əməliyyatlar aparmaq istəyərkən ona məlum olmuşdur ki, Şəhadətnamədə göstərilən torpaq sahəsi Ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini düzgün formada tapmamışdır. Belə ki, JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinin ərazisi elektron bazada 0.14 ha əvəzinə 0.06 ha olaraq qeyd olunmuş və yerdə qalan 0.08 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində saxlanılmışdır. Müraciəti əsasında qeyd olunan problemlə bağlı ərazidə çöl ölçmə işləri aparılmış və həmçinin məlum olmuşdur ki, JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsi 0.14 ha qeyd olunsa da faktiki olaraq ərazinin sahəsi 0.1059 ha təşkil edir. Hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş,cavabdehin 04 noyabr 2022-ci il tarixli məktubuna əsasən tələbi təmin olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 09 dekabr 2022-ci il tarixli etiraz məktubunda qeyd olunur ki, İddiaçı müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. JN-240 F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin arxiv nüsxəsi kitab qeydiyyatı mövcud olsada həmin şəhadətnamə də göstərilən torpaq sahəsi Ərazi İdarəsinin mövcud olan elektron (DWG) kadastır məlumat bazasında öz əksini tapmamışdır. Eyni zamanda Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olmuşdur ki, JN-240F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməsində göstərilən torpaq sahəsinin miqdarı Ərazi İdarəsində mövcud olan elektron kadastır məlumat bazasında 0.06 ha olduğu qeyd olunmuş və yerdə qalan 0.08 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində saxlanmışıdır. Həmçinin bildiririk ki, subyektlərin adı siyahısında həmin torpaq başqa vətəndaşların X6 və ailə üzvlərinin adına qeyd olunmuşdur. Qeyd etmək istəyirik ki, iddiaçının iddia etdiyi torpaq sahəsində Ərazi İdarəsinin əməkdaşları tərəfindən müvafiq çöl ölçmə işləri aparılmışdır. Əldə olunan məlumatlar kameral qaydada elekron baza məlumatlarına əsasən araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən şəhadətnamədə torpaq sahəsi 0.14 ha olduğu qeyd olunsada faktiki torpaq sahəsi 0.1059 ha təşkil edir. Bu da sənəd üzrə göstərilən torpaq sahəsindən 0.0341 ha azdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 42 nömrəli məktubundan görünür ki, İddiaçı 1995-2010-cu il tarixlərdə Qəbələ şəhərində qeydiyyatda olmamışdır və yaşamamışdır. İƏD üzrə Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarında İddiaçı barəsində heç bir məlumat yoxdur.
2. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 43 nömrəli məktubuna əlavə edilmiş Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfat kitabından Çıxarışdan görünür ki, görünür ki, X6 1995-2010-cu il tarixlərində ünvan 3 ünvanda yaşamışdır. Qəbələ şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əhalinin qeydiyyatı təsərrüfatbaşına kitabında onun və ailə üzvlərinin adı qeyd edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********27 nömrəli məktubundan görünür ki, mərkəzin arxivində Qəbələ şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş JN-222G saylı kod 40601004 və JN226H saylı kod 40601004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr ;
5. JN-240F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş qeyd olunan Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı Qəbələ şəhərində həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi zamanı tərtib olunan subyektlər siyahısında olmamışdır.Belə ki,o,həmin dövrdə Qəbələ şəhərində qyediyyatda olmamış və yaşamamış,qanuni istifadəsində torpaq sahəsi olmadığından onun mülkiyyətinə torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır. İddiaçı adına tərtib olunmuş JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həmin torpaq sahəsinin X3 adına tərtib olunan JN 226H saylı və X1 adına tərtib olunan JN 222G saylı Şəhadətnamələrdə göstərilən torpaq sahələri ilə qonşu olduğu göstərilmişdir.Qonşu torpaq sahələrinə aid Şəhadətnamələr sorğu verilərək əldə olunmuş,onlara baxış keçirilərək müəyyən edilmişdir ki, JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi hazırkı iş üzrə üçüncü şəxs X5 adı əks olunmuşdur.Həmçinin, X5 adına tərtib edilmiş JN 240 F saylı Şəhadətnamədə həmin torpaq sahəsinin 0,06 ha hissəsinin onun mülkiyyətinə verildiyi, 0,08 ha hissəsinin isə JN 7466 BB Şəhadətnaməyə əsasında bələdiyyə mülkiyyətində saxlanıldığı müəyyən edilmişdir. Məhkəmə,yuxarıda qeyd olunanlara yekun vuraraq bildiririk ki, 0,14 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi göstərilən JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin həqiqiliyi öz təsdiqini tapmamış, 0,06 torpaq sahəsinin eyni seriya və kodlu Şəhadətnamə əsasında üçüncü şəxs X5 mülkiyyətinə verildiyi sübut olunmuşdur. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Torpaq islahatı nəticəsində JN 240F (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, torpaq sahəsinə dair plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə