Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-72/2021 05.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyin bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1992-ci ildə sağ qolundan xəsarət almış və bu xəsarətə görə ona 1996-cı ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan 1998-ci ildə əlillik dərəcəsi 3-cü dərəcə ilə əvəz edilmiş və ömürlük təyin edilmişdir. DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialı iddiaçını 2019-cu ildə Agentliyə ekspertizaya göndərmişdir. Sonuncu isə iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni əsas gətirərək iddiaçının əlil hesab edilməməsi barədə qərar qəbul etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə nəzarət qaydasında Agentlikdə müayinə olunmuş və Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən iddiaçının əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin sorğu əsasında Agentliyin 10 saylı zona TSEK tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının ambulator tibbi kartası Komissiyada yoxdur və məhkəmədə söz verən şəxslər bugünədək ambulator tibbi kartanı Komissiyaya təqdim etməyiblər. TSEK X1 məlumatlara əsasən bildirir ki, iddiaçı 1992-ci ildə travma almış və SİM uşaq kimi ona müavinət təyin edilmişdir. İddiaçı 17 yaşına qədər SİM uşaq kimi müavinət aldıqdan sonra 1997-ci ildə ona 1 il müddətinə 3-cü dərəcə əlillik verilmişdir. İddiaçı 2002-ci ilə qədər hər il müayinə olunaraq 3-cü dərəcə əlil hesab edilmişdir. İddiaçı 2002-ci ildən 3-cü dərəcə müddətsiz əlil hesab edilmişdir. İddiaçı 2019-cu ildə əyani müayinə üçün Agentliyə çağırılmış və müayinə olunaraq tam reabilitasiya qərarı verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan DSMF publik hüquqi şəxsin İsmayıllı rayon filialının xx.xx.2020-ci il tarixli **********7 nömrəli və xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktublarına əlavə edilmiş TSEK-nın müvafiq qərarları və iddiaçının 006037 nömrəli pensiya işinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ildən 2002-ci ilədək müddətli, 2002-ci ildən sonra isə TSEK-nın qərarına əsasən ömürlük 3-cü dərəcə əlil hesab edilmişdir. 2019-cu ilin noyabr ayında iddiaçı Agentlikdə müayinədən keçdikdən sonra onun tam reabilitasiya olunması barədə Agentlik qərar qəbul etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qızının hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20- F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); 2.5.2. birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması (Q71.3,); 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6); 2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1); 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7); 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); 2.5.8. hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı (Q65.0, M16.2-M16.9); 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0, M16.3, M16.5); 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0); 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3); 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9); 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); 2.5.15. çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9) 2.5.16. hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq) (E23.0,E23.7); 2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66-D68.1); 2.5.18. subklinik əlamətlərlə gedən hemofiliya (D66); 2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor (D56.1); 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1); 2.5.22. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (Q60, N18-N18.9); 2.5.23. bir ağciyərin olmaması (Q33.3, Z90.2); 2.5.24. gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79); 2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06). Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin: 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, ünsiyyət, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Belə hallarda aşağıdakıları nümunə göstərmək olar: 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları. 2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması). 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması. 2.3.4. Bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası. 2.3.5. Birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması. 2.3.6. Baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası. 2.3.7. Topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti. 2.3.8. Hər iki topuğun ankilozu və ya kəskin kontrakturası. 2.3.9. Budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı. 2.3.10. Diz və ya bud-çanaq oynağının laxlaması. 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası. 2.3.12. Hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı. 2.3.13. Bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə. 2.3.14. Aşağı ətrafın 7 sm. qısa olması. 2.3.15. Diz və ya bud-çanaq oynaqlarının endoprotezi. 2.3.16. Üçüncü dərəcəli kiloskolioz. 2.3.17. Əlin və ya yuxarı ətrafın iflici, aşağı ətrafın iflici, yuxarı və aşağı ətrafın nəzərə çarpan parezi. 2.3.18. Bir gözün olmaması və ya tam korluğu (görmə itiliyinin korreksiya ilə 0,04dən az olması yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması). 2.3.19. Çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları. 2.3.20. Hipovizarnanizm, osteoxondropatiya, osteoxondrodistrofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq). 2.3.21. Hemofiliya, tez-tez müşahidə olunan qanaxma, oynaqlara qansızma (hemartoz). 2.3.22. Hər iki qulağın karlığı. 2.3.23. Hər iki qulaqda İİİ – İV dərəcəli ağıreşitmə. 2.3.24. Qırtlağın olmaması nəticəsində daimi konyuladaşıyıcılıq. 2.3.25. Qırtlağın xroniki stenozu (səs yarığı 3 mm-dən az). 2.3.26. Xroniki (ildə 5 dəfə residivləşən) koxleovestibular pozğunluqlar, polipoz, polisinusitlər. 2.3.27. Kəllə sümüyünün geniş (3 x 1sm-dən artıq) qüsuru. 2.3.28. Nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: xroniki böyrək çatmamazlığının ilkin əlamətləri ilə. 2.3.29. Epilepsiya seyrək tutmalarla. 2.3.30. Oliqofrenik qüsurun əsas tipində olan debillik. 2.3.31. Etioligiyasından asılı olmayaraq şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin enməsi. 2.3.32. Astenik qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya. Göründüyü kimi nə qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də, nə də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozğunluğu” üçüncü dərəcə əlilliyin təyini üçün əsas deyil. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı hər il müayinələrdən keçmiş və sonra ona ömürlük 3cü dərəcə əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfindən 2019-cu ildə aparılan sonuncu müayinə zamanı iddiaçının tam reabilitasiya olduğu müəyyən edilmiş, buna müvafiq qərar qəbul edilmiş və iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir. Göründüyü kimi iddiaçının əlillik dərəcəsi o, tam reabilitasiya olduğu üçün qəbul edilən qərara əsasən ləğv edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-72/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-72/2021
05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver