Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-72/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 2483.05 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “məcburi dövlət sosial sığorta haqqları üzrə 2316.37 manat əsas borcun və faizlər üzrə 514.08 manat borcun, ümumilikdə isə 2830.45 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək cavabdehin “məcburi dövlət sosial sığorta haqqları üzrə cəmi 2483.05 manat əsassız olaraq hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona qarşı verilmiş müvafiq tələbə dair iş üzrə Şəki kommersiya məhkəməsi e-2-2(l17)-1118/2021 saylı qərar çıxarmış və xx.xx.2021-ci il tarixdə qərara almışdır ki, xx.xx.1968-ci ildə anadan olmuş İddiaçı ölkədən getmək hüququ vergi üzrə 349,29 manat, Dövlət Sosial Müdafiə Fonduna 2830,45 manat sosial sığorta haqları üzrə borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın, ondan 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Şəki kommersiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində məhkəmənin yuxarıdakı nəticəyə gəlməsinin əsası kimi cavabdeh qurum tərəfindən ona göndərdildiyi iddia olunan bildiriş, xəbərdarlıq və digər sənədlərin məhkəmə araşdırmasının predmetini təşkil etməsi göstərilmişdir. Cavabdehin müvafiq tələbləri, o cümlədən ona göndərdiyini iddia etdiyi bildiriş, xəbərdarlıq və digər sənədlər qanunsuz və əsassızdır. Belə ki,cavabdeh tərəfin iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xəbərdarlıq adı qoyduğu və ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə ki, cavabdehin iddia etdiyi borclarının konkret olaraq hansı illər, hansı aylar üzrə və hansı məbləğdə yarandığına, onların yaranma mənbəyinə və əsaslarına və digər hallara dair rəsmi bildirişlər göndərildiyini xatırlamır və onlarda da belə sübutların olmadığını əminliklə bildirir. İddiaçı 2021-ci ilin 02 dekabr tarixində əsassız hesablanmış borcunun silinməsi tələbinə dair cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan İddiaçı Əhmədiyyə oğlunun Dövlət Sosial Müdafiə Fonduna 2830,45 manat, dövlət büdcəsinə 249,29 manat məbləğində (o cümlədən, maliyyə sanskiyası üzrə 349,29 manat) omaqla, ümumlikdə 3179,74 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci mədəsinə əsasən xx.xx.2019-cu il tarixli **********120100 və xx.xx.2020-ci il tarixli **********908700 nömrəli bildirişlər göndərilmiş, lakin borc məbləğ ödənməmişdir. Qeyd olunan borc məbləği ödənilmədiyi üçün vergi ödəyicisinin ölkədən gemə hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə vergi orqanı tərəfindən ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət olunmuş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(117)-1118/2021 saylı qərarına əsasən İddiaçı Əhmədiyyə oğlunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırlmışdır. Vergi ödəyicisi İddiaçı Əhmədiyyə oğlu xx.xx.2021-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək məcburi dövlət sosial sığorta haqları üzrə 2316,37 manat əsas borcun və faizlər üzrə 514,08 manat, ümumilikdə 2830,45 manat borcun əsassız olaraq hesablanığını və borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vergi ödəyicisinin müraciətinin araşdırılması məqsədilə vergi orqanı tərəfindən xx.xx.2021- ci il tarixli **********845300 nömrəli və xx.xx.2022-il tarixli **********112200 nömrəli sorğularla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsə müraciət olunmuşdur (məktublar etiraza əlavə olunur). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin xx.xx.2021-ci iltarixli **********5 və xx.xx.2021 -ci il tarixli **********1 nömrəli cavab məktublarında İddiaçı xx.xx.2018-ci il tarixə yaranmış borcu, məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləği barədə məlumat təqdim edilmişdir (məktublar etiraza əlavə olunur). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin xx.xx.2022-ci il tarixli **********843600 nömrəli cavab məktubuna əsasən qanunvericiliyə uyğun olaraq İddiaçı şəxsi hesab vərəqəsindən 331,24 (üç yüz otuz bir manat iyirmi dörd qəpik) manat sosial sığorta və 16,16 (on altı manat on altı qəpik) manat məbləğində işsizlikdən sığorta üzrə borcun silinməsi təmin edilmişdir. Hazırda, vergi ödəyicisinin baza məlumatlarına əsasən “Vergilər üzrə vərəqədə” 299,29 (iki yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat borcu, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 1123,20 (bir min bir yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas və 166,68 (bir yüz altmış altı manat altmış səkkiz qəpik) manat penya borcu, “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə vərəqə”də isə 1193,17 (bir min bir yüz doxsan üç manat on yeddi qəpik) manat ödənilməmiş borcu vardır. Vergi Məcəlləsinin 1.4-cu maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydası (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müdəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqı və işsizlikdən sığorta haqqına münasibətdə tə tətbiq olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmədiyini qərarında qeyd etmişdir başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmır. Vergi Məcəlləsinin 85.5-1.-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuş sığortaedən İddiaçı (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə borcunun yaranması ilə bağlı 2022-ci il 13 may tarixli 2-1(116)- 875/2022 nömrəli müraciətə baxılmışdır. Müraciətdə qeyd edilən məsələlərin sıra nömrəsinə uyğun araşdırmanın nəticəsi aşağıdakı kimidir: Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən sığortaedənin 2018-ci ilin 1 oktyabr tarixinə 0703 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növlərinə görə məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcları yaranmışdır. Həmin borcların yaranma səbəbləri barədə məlumatları qoşmadakı cədvəldə təqdim edirik. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən sığortaedənin 2018-ci ilin 1 oktyabr tarixinə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1273 manat 20 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 497 manat 92 qəpik və 0100 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1230 manat 67 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 16 manat 16 qəpik borcları yaranmışdır. Sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatları əsasında müvafiq göstəricilər Nazirliyin elektron proqram təminatlarına inteqrasiya edilir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında“ Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində qeyd edildiyi kimi sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmışdır. Sığortaedənin dövrlər üzrə işçiləri barədə məlumatlar qoşmadakı cədvəldə əks olunmuşdur. Qeyd edilən dövrlərdə sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatları Fondun müvafiq struktur bölmələri tərəfindən kameral qaydada yoxlandıqdan sonra sığortaedənin elektron poçt ünvanına yaranmış uyğunsuzluqlar barədə xəbərdarlıqlar göndərilir. Sığortaedənlər tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumaflar (Forma B3) təqdim edilir və hesabatda həmin işçilər barədə məlumatlar (soyad, ad, ata adı, FİN, SSN, hesablanmış və ödənilmiş gəlirlər) əks olunur. Nazirliyin proqram təminatlarında olan məlumatlara əsasən sığortaedənin məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2021-ci il 23 dekabr tarixli **********5 nömrəli məktub ünvanlanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən İddiaçı Əhmədiyyə oğlunun (SUN:**********9) məcburi dövlət social sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi üçün müvafiq araşdırmalar aparılır. Aparılan araşdırmalar yekunlaşdırdan sonar əlavə məlumat veriləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan qeyd edilmişdir ki, sığortaedən İddiaçı Əhmədiyyə oğlunun (SUN:**********9) məcburi dövlət social sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi ilə bağlı məsələnin araşdırılması və cavablandırılması üçün Fonda xx.xx.2022-ci il tarixində **********7 nömrəli məktubla yenidən müraciət olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubundan qeyd edilmişdir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) ilə tənzimlənir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlər üzrə (0703 - Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər- rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) məcburi dövlət sosial sığorta haqqı müvafiq dövrlərə uyğun minimum aylıq əməkhaqqına nisbətdə qüvvədə olan Qanunla müəyyən edilmiş faiz dərəcələri ilə, muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə (0100 - Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) məcburi dövlət sosial sığorta haqqı isə həmin dövrdə qüvvədə olan Qanuna əsasən sığortaedənin vəsaiti hesabına (hesablanmış əməyin ödənişi fondu və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlər) 22 faiz, sığortaolunanın vəsaiti hesabına (işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlər) 3 faiz miqdarında ödənilir. Qanunun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Müvafiq dövrdə qüvvədə olan Qanunun 21 -ci maddəsində qeyd edildiyi kimi sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmışdır. Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2021-ci il 23 dekabr tarixli **********5 nömrəli məktubla təqdim edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4096 nömrəli məktubuna əlavə olunmuş ekspert vəsatətindən görünür ki, təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının ilkin sənədlər əsasında aparılması üçün sahibkar İddiaçı fəaliyyətinə dair hesablanmış vergilərlə bağlı mühasibat sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar bank sənədləri və s.materialların təqdim olunması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/4096/2023 nömrəli məktubuna əlavə olunmuş məlumatdan görünür ki, vəsatətdə qeyd edilən sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış və daha sonra müvafiq məlumatlar vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 yanvar 2019-cu il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlıdır. Tətbiq edilən hüquq: “Sosial sığorta haqqında” Qanun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: - 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; - 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; - 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. İşin hallarından göründüyü kimi, iddiaçı hesab edir ki, onun barəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqları üzrə 2483.05 manat borcun konkret olaraq hansı illər, hansı aylar üzrə və hansı məbləğdə yaranmasına, mənbəyinə və əsaslarına dair hər hansı sübut yoxdur. Odur ki, sözügedən borcun əsassız hesablandığını bildirir. Cavabdeh orqan isə sözügedən borcla bağlı vergi ödəyicisinin baza məlumatlarına istinad edir və bildirir ki, iddiaçının işsizlikdən sığorta haqları üzrə "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqə”də 1123,20 (bir min bir yüz iyirmi üç manat iyirmi qəpik) manat əsas və 166,68 (bir yüz altmış altı manat altmış səkkiz qəpik) manat penya borcu, “Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə vərəqə”də isə 1193,17 (bir min bir yüz doxsan üç manat on yeddi qəpik) manat ödənilməmiş borcu vardır və xx.xx.2019-cu il tarixədək bu növ hesablamaların aparılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya müvafiq borc məbləğinin hesablanmasına əsas olmuş inzibati icraat materiallarının təsdiq edilmiş surəti cavabdeh orqandan tələb edilmiş, eyni zamanda tələb olunan sığorta borcu hansı tarixlərdə yaranması, yaranması əsasları, iddiaçıdan tələb olunan sığorta borcunun hesablandığı dövrlər üzrə iddiaçının məcburi dövlət sığorta haqqı üzrə ödəmə öhdəliyinin hansı məbləğdə olması, iddiaçıdan tələb olunan sığorta borcunun yarandığı tarixlərdə (həmin rüblərdə) iddiaçının hesabatlar veribverməməsi, əgər hesabatlar verməmişdirsə, Dövlət Sosial Müdafiə Fondunun onu hansı qaydada hesablaması, iddiaçıya maliyyə sanksiyasının hansı qaydada tətbiq edilməsi (tətbiq edilmə əsasları), iddiaçının ayrı-ayrı dövrlər üzrə neçə işçisi olması və bunun hansı sübutlar əsasında müəyyən edilməsi, iddiaçının sosial sığorta borcları və maliyyə sanksiyaları barədə məlumatlandırılması, Dövlət Sosial Müdafiə Fondunun iddiaçının işçisi hesab etdiyi şəxsləri hansı tarixlərdə və hansı əsaslarla iddiaçının işçisi hesab etməsi (belə ki, həmin işçilər başqa işəgötürənin işçiləri ola bilər, yaxud müəyyən dövr iddiaçının, müəyyən dövr isə başqa işəgötürənin işçiləri ola bilərdi) barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” PHŞ-yə sorğular ünvanlanmışdır. İddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2021-ci il tarixli imtina cavabının məzmunundan görünür ki, silinməsi tələb olunan borc məbləğinin hansı qaydada müəyyən edilməsi ilə bağlı cavabdeh orqanın özündə də zəruri məlumatlar olmamış və bununla bağlı DSMF PHŞ-yə sorğu ünvanlandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli məktubunda iddiaçıya (SUN:**********9) məcburi dövlət sosial sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi üçün müvafiq araşdırmaların aparılması, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda iddiaçıya məcburi dövlət social sığorta haqqı, maliyyə sanskiyaları (o cümlədən penya) və inzibati cərimələrin hansı qaydada müəyyən edilməsi ilə bağlı sübutların təqdim edilməsi ilə bağlı məsələnin araşdırılması və cavablandırılması üçün Fonda xx.xx.2022-ci il tarixində **********7 nömrəli məktubla yenidən müraciət olunması qeyd edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixədək bu növ hesablamaların aparılmasına səlahiyyətli olmuş Dövlət Sosial Müdafiə Fondunun aidiyyyəti qurumlarında iddiaçıya hesablanmış borc məbləğinin yaranma əsaslarına dair hər hansı mötəbər sübutlar mövcud deyil. Məhkəmə tədqiqatın təqdim edilmiş məlumatlara münasibətdə isə məhkəmə bildirir ki, cədvəl formasında tərtib edilmiş həmin qeydlər iddiaçıya hesablanmış borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, sözügedən cədvələ daxil edilmiş məlumatların özlərinin də ilkin mühasibatlıq sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar, bank sənədləri əsasında əlavə sübut edilməsinə ehtiyac vardır. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanskiyalarının hansı qaydada hesablanması ilə bağlı sübutlar təqdim edə bilmir. Vergi orqanı inzibati orqan kimi iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq sübutlara qiymət verməlidir. Lakin, hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan vergi ödəyicisinin baza məlumatlarına istinad edərək mübahisələndirilən borc məbləğini hesablamışdır. Bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 2483,05 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə həmin borcun yaranma əsaslarını sübut edə bilməmişdir. Məhkəmənin araşdırması zamanı da, istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, borcun yaranma əsasları, hesablanma qaydasının təqdim edilməsi xahiş edilmiş, lakin hər iki orqanın borcla bağlı yeganə istinadı borcun mövcudluğu ilə bağlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın əsası olmadan mövcudluğu, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatlardır. Hər nə qədər həmin borcun yaranma əsasları və s. inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və elektron informasiya sistemində olan məlumatın mənbəyini müəyyən edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən borc, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-72/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir Lakin, məhkəmə-mühasibat ekspertizasının ilkin sənədlər əsasında aparılması üçün tələb olunan iddiaçının fəaliyyətinə dair hesablanmış vergilərlə bağlı mühasibat sənədləri, əmək müqavilələri, əmək haqqına görə ödənilmiş məbləğlər barədə məlumatlar, bank sənədləri və s təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borc məbləğinin mövcudluğu sübut edilmədiyindən, iddiaçı, sözügedən borc məbləğinin silinməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə üzərinə İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış, cəmi 2483.05 manat borcun silinməsi öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-72/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-72/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver