Məhkəmə qərarları › İş №2-1(116)-72/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-72/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-72/2025 23.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli, 14 saylı qərarı ilə verilmiş, A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamə əsasında İddiaçı adına işlənmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.35 ha kənd təsəsrrüfatına yararsız torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli, 14 saylı qərarı ilə verilmiş, A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamə əsasında İddiaçı adına işlənmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.35 ha kənd təsəsrrüfatına yararsız torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya Zaqatala rayonu Əliabad qəsəbəsindən 0,35 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi verilmişdir. Bu barədə adına A seriyalı 158 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamə verilmişdir. Adına işlənmiş, A seriyalı 158 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamə, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli, 14 saylı qərarı ilə adına işlənmiş, A seriyalı 158 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamə olduğu halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8 və 10-cu maddələrinin tələblərini pozaraq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsindən imtina etmişdir. İmtina məktubunda göstərilir ki, Şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin arxiv fondunda və ərazi idarəsinin xidməti istifadəsində olan Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələri barədə xəritələrdə öz əksini tapmamışdır. İddiaçı hesab edir ki, həmin məlumatların istər xəritə də, istərsə də arxiv fondunda yerləşdirilməməsi səlahiyyətli şəxslərin səhlənkarlığından baş vermişdir. Həmin qeydlərin aparılmaması mənim mülkiyyət hüquqlarımın pozulması ilə nəticələnir. Cavabdeh orqan formal əsaslarla ərizəni icra etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı ərizəsinə əlavə etdiyi A seriyalı 158 nömrəli “Torpağa mülkiyyət, sahiblik və X14 dair Şəhadətnamə” sənədi barədə məlumatlar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin arxiv fondunda və idarənin xidməti istifadəsində olan Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələri barədə xəritələrdə öz əksini, tapmamışdır. Buna görə də onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-Ç- 0003- 8/2023 (**********23) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Torpağa mülkiyyət, sahiblik və X14 dair Şəhadətnamənin surəti.

3. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə 1996-2005-ci illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, İddiaçı və ailə üzvlərinin adı qeyd edilmişdir.

4. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli 14 saylı qərarının surətindən görünür ki, iddiaçıya Zaqatala rayonu Əliabad qəsəbəsindən 0,35 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi verilmişdir.

5. 3618006327 nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1.02 ha torpaq sahəsinin hüquqi subyekti İddiaçıdur.

6. AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı, X6, X10 və X7 oğlu özlərinə məxsus 0.60 ha torpaq sahəsini X1.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə həyətyanı və onun ilə üzvlərinin adları qeyd edilmiş çıxarışların surəti.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2-595/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnmənin DWG və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə məlumat öz əksini tapmamışdır. İddia olunan və ya faktiki istifadə olunan 0.35 ha torpaq sahəsinin TEKUİS əsasında xüsusiyyətləri ilə bağlı bildiririk ki, həmin torpaq sahəsinin ölçüləri 0.3733 ha olmaqla Əliabad bələdiyyəsinin mülkiyyətində olan kateqoriyası ehtiyat fondu torpaqları, uqodiyası çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur və həmin torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsinin ölçüsü, yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən Şəhadətnamənin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı bildirik ki, həmin Şəhadətnamədə koordinatlar olmadığına görə iddia olunan torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən etmək olamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi digər subyektlərinin mülkyyətinə və ya istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli 14 saylı qərarı əsasında verilmiş, A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamədə göstərilən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin plan ölçüsü sənədi verilməsinə nail olmaqdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia əsassızdır. İddiaçı A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin mülkiyyətə verildiyini bildirir.İş materiallarına əlavə olunan Şəhadətnamədən görünür ki,həmin sənəddə “torpaqdan istifadə hüququna aid Şəhadətnamə torpaq mülkiyyətçisinə dövlət aktı verilən müddətə qədər etibarlıdır” qeydi aparılmışdır. Sözügedən ərazidə aqrar islahatın başa çatdırılması və yaranmış uyğunsuzluqların tamamlanması ilə bağlı Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı qəbul edilmişdir. Məhkəmə hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar olaraq Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamının məqsədi və tətbiqi dairəsini araşdırmışdır.Sözügedən sərəncam Əliabad qəsəbəsinin iki təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur.Sərəncama mülkiyyətlərinə pay torpaq sahəsi veriləcək şəxslərin dairəsini müəyyən edən subyektlər siyahısı və cədvəl əlavə edilmişdir. s/s Ailə Faktiki Qanuni Zəbtlər Bağlar Əkin Cəmi Xəritəd tərkibi həyətyanı həyətyanı köhnə və digər nömrəs sahələr

Soyadı,adı,atasının adı

1 2 3 4 5 6 7 8 9 10 57 İddiaçı 5 0.20 2212 0.27 5339 0.99 2.00 1,02 X4 2484 1918 X11

X8 X12

Sərəncamla bağlı verilmiş digər məhkəmə işlərində verilmiş sorğuya Zaqatala Rayon İcra Hakimiyyətinin 12 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Cədvəlin 9-cu qrafasında "cəmi" olaraq qeyd olunmuş sahənin ölçüsü 6,7,8-ci qrafanın cəmi nəzərdə tutulur. 2. Cədvəlin 4-cü qrafasında aparılmış qeyd 5 ve 6-cı qrafalarında aparılmış qeydlərin cəmidir. Cədvəlin 6-cı qrafasında aparılmış "zəbt” qeydi yaşayış məntəqələri daxilində islahatdan qabaq vətəndaşın istifadəsində olan, həyətyanı torpaq sahəsinə aid olmayan ve islahatda pay norması kimi xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, Zaqatala rayon Əliabad kənd keçmiş “Qələbə” kolxozunda islahatda pay norması kimi adam başına 0,40 ha torpaq sahəsi hesablanmışdır.Həmin normaya uyğun olaraq da iddiaçı və ailə üzvlərinin mülkiyyətinə cədvəlin 9-cu bəndində göstərilən 2 ha torpaq sahəsi verilmişdir.Yəni,aqrar islahatın məqsədləri baxımından pay norma əsasında iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü yuxarıda qeyd olunan sərəncama əsasən müəyyən edilmiş,həmin Sərəncam özlüyündə “dövlət aktı verilən müddətə qədər etibarlıdır” müddəasını həll etmişdir.Nəticə etibarı ilə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli 14 saylı qərarı əsasında verilmiş, A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 dair Şəhadətnamədə göstərilən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilməmişdir. TEKUİS əsasında həmin torpaq sahəsi Zaqatala rayonu Əliabad bələdiyyəsinin mülkiyyətində olan kateqoriyası ehtiyat fondu torpaqları, uqodiyası çoxillik əkmələr ərazisi kimi işlənilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. Həmin Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, aqrar islahat əsasında X3 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı 0,14 ha torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.Hər hansı hüquqmüəyyənedici sənəd olmadığından prosessual qənaət prinsipi baxımından iddia olunan torpaq sahəsinin mülkiyyətçisinin və kateqoriyasının müəyyən edilməsinə,mütəxəssis rəyi tələb edilməsinə zərurət yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1996-cı il tarixli, 14 saylı qərarı ilə verilmiş, A seriyalı 158 nömrəli Torpağa mülkiyyət, Sahiblik və X14 Dair Şəhadətnamə əsasında İddiaçı adına işlənmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.35 ha kənd təsəsrrüfatına yararsız torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar