Məhkəmə qərarları › İş №2-1(116)-720/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-720/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-720/2020 03.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “xx.xx.2019-cu il tarixdən ona verilən pensiyanın dayandırılması barədə cavabdehin hərəkətinin qanunsuz hesab olunması və həmin tarixdən pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci tarixdən xx.xx.1989-cu il tarixə qədər Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbində əyani təhsil aldığı dövrün və 2002-2006-cı illərdə yeni anadan olmuş övladlarına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. O, 1987-1989-cu illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbində feldşer-laborant peşəsi üzrə təhsil almışdır. 1990-cı ildən etibarən Ağdaş Mərkəzi Rayon Xəstəxanasında laborant vəzifəsində işləmişdir. DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialı 2019-cu ilin oktyabr ayında onun pensiya ödənişini qanunsuz olaraq saxlamışdır. Qanunvericilikdə 2006-cı ilə qədər olan əyani təhsil iş stajına daxil edildiyindən iddiaçının da 2006-cı ilə qədər təhsil aldığını nəzərə alaraq təhsil dövrü sosial sığorta stajına daxil edilməlidir. İddiaçı Ağdaş MRX-da işlədiyi illər daxil olmaqla 2002-ci ilin 6-cı ayında övladı anadan olan vaxtadək əmək haqqı almışdır. 2002-ci ilin 6-cı ayında övladı anadan olduğundan analıq məzuniyyətində olduğu dövr sosial sığorta stajı kimi hesablanmalıdır. Həmçinin 2005-ci ilin fevralında digər övladı anadan olduğundan 2006-cı ilədək həmin dövr sosial sığorta stajı kimi hesablanmalıdır. İddiaçı qeyd olunan tələblə DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialına müraciət etmiş, cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu göndərərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün seçmə üsulla araşdırılması zamanı qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda pensiya təyinatı aparıldığı aşkar edilmiş və pensiya hüququ ləğv olunmaqla həmin pensiya işi dayandırılmışdır. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasında göstərilən xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı ilədək Ağdaş MRX-da işlədiyi dövlərdə Ağdaş MRX-nın xx.xx.2019cu il tarixli 1014 saylı arayışa əsasən əmək haqqı almadığı aşkarlanmışdır. Həmin illərdə Ağdaş MRX-sı DSMF-na məcbur dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil olunan fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından, iddiaçının 1987-1989-cu illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbində təhsil aldığı dövr sosial sığorta stajına daxil edilmir. Qanunvericiliklə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün iddiaçının İİ qrup əlilliyə görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən dayandırılmış və İİ qrup əlilliyə görə sosial müavinət təyin olunmuşdur. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, ona əlilliyə görə pensiya təyin olunmuş, lakin sonradan dayandırılmışdır. Odur ki, tələbini “pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi, pensiya ödənişinin bərpa edilməsi, yaxud pensiyanın dayandırılması barədə cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi bərədə ərizəni 20 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etməyi ona təklif olunmuşdur. X6 Məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixdə iddia ərizəsi təqdim edərək, “xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbində əyani təhsil aldığı dövrün və 2002-2006cı illərdə yeni anadan olmuş övladlarına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsini, DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialının 2019-cu ilin oktyabr ayında onun pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsini, pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardad ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək, “xx.xx.2019-cu il tarixdən ona verilən pensiyanın dayandırılması barədə cavabdehin hərəkətinin qanunsuz hesab olunması və həmin tarixdən pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2- 1(116)-720/2020 saylı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.0.1. maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əlilliyə görə pensiyanın təyin edilməsi şərtləri Qanunun 12-ci maddəsində göstərilmişdir. 12.1-ci maddəyə əsasən İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı ən azı 5 il olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə Qanunun 12-ci maddəsi İİ qrup əlilliyə görə pensiya təyinatı üçün 2 şərt müəyyənləşdirir: 1) Staj tələbi 2) Kapital tələbi. İddiaçı vəziyyətində isə ona xx.xx.2017-ci il tarixində İİ qrup əlillik təyin edilmişdir. Bu halda vətəndaş üçün tələb olunan staj (46 yaş-15)/3=10.4 ay staj (10x12+4)x144/192=93; Tələb olunan kapital 93x110=10230 manat İddiaçı 1987-1989-cu illərdəki təhsil müddəti də nəzərə alınmaqla xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək 12 il 1 ay stajı, 8019 manat kapitalı vardır. İddiaçının fərdi hesabında isə xx.xx.2017-ci il tarixədək 45,5 manat ödəniş edilmişdir ki, bu da 45,5x90%=40,95 manat pensiya kapitalı deməkdir. Beləliklə, iddiaçının ümumilikdə 8059,95 manat pensiya kapitalı vardır və hazırki işdə Qanunun 12-ci maddəsinin kapital tələbi ödənilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli, AZE seriyalı 17881853 nömrəli, AZE seriyalı 10843370 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, AZ-İ seriyalı 215408 nömrəli və AZ-İ seriyalı 589950 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********40 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti, НТ-İ seriyalı 542716 nömrəli diplomun təsdiq olunmuş surəti, xx.xx.2020-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumat sənədi, DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2019-cu il 1014 nömrəli arayışı, DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu və ona əlavə olunmuş İddiaçı 210985 pensiya işinin təsdiq olunmuş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildən Ağdaş RMX-da işləmişdir. xx.xx.2019-cu il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Hal-hazırda xx.xx.2019cu ildən 18 nömrəli Yol İstismarı MMC-də fəhlə işləyir. İş materiallarında olan НТ-İ seriyalı 542716 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1987-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbinə daxil olmuş və 1989-cu ildə həmin məktəbin feldşer-laborant ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumat sənədindən görünür ki, ikinci dərəcə əlilliyin təyin olunması bağlı xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək, onurğa və boyun şöbəsini zədələyən pannikulit, tez-tez residiv verən boyun radikulopatiyası, vertebro-bazilyar çatmamazlıq, dəqiqləşdirilməmiş qastroduodenit, xoşxassəli kəllədaxili hipertenziya, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, BQDÇ İİ vago-vegetativ krizlər, koordinasiya pozğunluğu, diensefal sindrom, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, hipertoniya xəstəliyi İİ mərhələ İV risk, mübadilə pozğunluqları zamanı müşahidə olunan kardiomiopatiya, digər reaktiv artropatiyalar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez (ayda 6-7 dəfə) təkrarlanan epileptik qıcolma tutmalar, posttravmatik ensefalopatiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı hüququ yarandığı xx.xx.2017-ci il tarixdə İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayonu üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün seçmə üsulla araşdırması zamanı Ağdaş RMX-nın xx.xx.2019-cu il tarixli 1014 saylı İddiaçı aid əmək haqqı cədvəlinə əsasən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək haqqı almadığı üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda şöbə tərəfindən vətəndaşa pensiya təyinatı aparıldığı aşkar edilmişdir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 1987-ci il tarixdən 1989-cu il tarixədək əyani təhsil aldığı müddət və xx.xx.1990-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Ağdaş RMX-da işlədiyi müddətdir. Mübahisələndirilən sosial sığorta stajı İddiaçı yeni anadan olmuş uşaqlarına qulluq dövrü və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdaş RMXda işlədiyi müddətdir. İddiaçının tələbində qeyd olunan illər sosial sığorta stajına daxil edildiyi təqdirdə vətəndaşın yoxlama zamanı saxlanılan İİ qrup əlilliyə görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən aktivləşdiriləcək və həmin tarixdən plastik kart üzrə ödənişi davam etdiriləcək. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2019-cu il tarixli 1014 nömrəli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən “Ağdaş RMX” PHŞ-in Laboratoriya şöbəsində 1,0 ştat vahid laborant vəzifəsində işləmiş və 2000-2001-ci illərdə İ-Xİİ aylarda əmək haqqı, 2002-ci il İ-İİİ aylarda əmək haqqı və İV-Vİİİ aylarda əmək qabiliyyətinin olmaması vərəqəsi üçün haqq, 2006-cı ildə İ-V aylarında analıq məzuniyyətinə görə haqq almışdır. İş materiallarında olan DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubuna əlavə olunmuş iddiaçının 210985 nömrəli pensiya işinin təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2017-ci il tarixli 622 nömrəli qərarına əsasən İddiaçı İİ qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 110.03 manat pensiya təyin edilmişdir. DSMF publik hüquqi şəxsin Ağdaş rayon filialı üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün seçmə üsulla araşdırılması zamanı qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı halda şöbə tərəfindən vətəndaşlara pensiya təyinatı aparıldığının aşkar edildiyi, pensiya hüququ ləğv olunmaqla həmin işlər üzrə artıq hesablanaraq ödənilmiş məbləğlər barədə məlumatda İddiaçı 3505.33 manat artıq məbləğ ödənildiyi qeyd olunmuşdur. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh inzibati orqan xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdaş RMX-da işlədiyi müddəti mübahisələndirir və bunu səbəbi kimi iddiaçının həmin dövrdə əmək haqqı almaması ilə əsaslandırır. Bununla bağlı bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydalarının 1.2.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; 1.2.2-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; 1.2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; 1.2.4-cü maddəsinə əsasən sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; 1.2.5-ci maddəsinə əsasən sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, baxılan işdə sığorta edənin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sığortaolunan iddiaçının təqsiri deyildir. Bu vəzifə sığorta edənə aiddir və uçotun vaxtlı-vaxtında aparılmasına nəzarət etmək isə Dövlət Sosial Müdafiə Fondunun vəzifəsidir. Qeyd olunan nöqsan inzibati orqan tərəfindən asanlıqla aradan qaldırıla bilən olmaqla bərabər, inzibati icraat zamanı həll olunması mümkün olan hal olmuşdur. İnzibati orqan olan cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçı əsassız yerə süründürməçiliyə məruz qalmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, hətta iddiaçının xəstəxanada stajı natamam olsa idi belə, iş materiallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2002-ci il tarixində X2 və xx.xx.2005-ci il tarixində X1 adlı övladları anadan olmuşdur. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi¬ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2019-cu il tarixli pensiyanın dayandırılması barədə hərəkəti qanunsuz hesab edilməli və cavabdehin üzərinə iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2019cu il tarixdən iddiaçıya verilən pensiyanın dayandırılması barədə hərəkətinin qanunsuz hesab olunur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar