Məhkəmə qərarları › İş №2-1(116)-724/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-724/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-724/2021 24.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X4, X7, X3, X8 və X5 iddiaçının mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsi dalan 18 ev 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslər X4, X7, X3, X8 və X5 iddiaçının mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsi dalan 18 ev 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evini satmaq üçün notariat kontoruna müraciət edərkən məlum olmuşdur ki, ünvan 1 ünvana iddiaçıya məlum olmayan səbəbdən 23.10.1988-ci il təvəllüdlü X4, 21.06.1982-ci il təvəllüdlü X7, 04.09.1962-ci il təvəllüdlü X3, 30.01.2012-ci il təvəllüdlü X8 və 20.10.2010-cu il təvəllüdlü X10 qeydiyyatda düşmüşlər. Mülkiyyətində olan evdən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə 08.03.2021-ci il tarixli imtina xarakterli məlumat məktubu göndərilmişdir. Cavabdeh 08.03.2021-ci il tarixli 196-55637-3221 nömrəli imtina məktubunda göstərmişdir ki, ərizə əsasında toplanmış materialda heç bir qanun pozuntusu yoxdur. Bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Odur ki, ərizəyə əsasən toplanmış material Cavabdehndə işə alınmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş üçüncü şəxslərə təqdim olunması üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, məhkəmənin bildirişi 11.06.2021-ci il tarixdə nümayəndəliyə çatdırılmış, lakin üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, üçüncü şəxslərin onunla qonşu olduqlarını, aralarında heç bir qohumluq əlaqəsinin olmadığını, cavabdeh tərəfindən razılığı və məlumatı olmadan yaşayış yeri üzrə qeydiyyata alındığını bildirmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan Göyçay RPŞ QvŞV qrupu tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 24.02.2021ci il tarixli ******* nömrəli arayışından görünür ki, üçüncü şəxslər Göyçay şəhəri Nizami küçəsi dalan 18 ev 3 ünvanında qeydiyyatdadırlar. Cavabdeh məhkəmənin sərəncamına 08.04.2021-ci il tarixli 196-9376-1221 nömrəli cavab məktubunda göstərmişdir ki, 19.10.2010-cu il tarixdə X4, 05.11 2008-ci il tarixdə X7 və 12.10.2009-cu il tarixdə X3, Göyçay şəhəri Nizami küçəsi dalan 18 ev 3 ünvanına qeydiyyata alınmışlar. Həmin vətəndaşlara şəxsiyyət vəsiqələri verilərkən yığılmış ərizə anket məlumatlar 5 il müddət keçdikdən sonra cavabdeh tərəfindən yandırılıb məhv edildiyi üçün, şəxslərin həmin ünvana qeydiyyata alınması üçün hansı əsasın (məhkəmə qətnaməsi, mülkiyyətçinin razılıq ərizəsi və sair) olması barədə hər hansı bir məlumat vermək mümkün deyildir. 30.01.2012-ci il təvəllüdlü X8 və 20.10.2010-cu il təvəllüdlü X10 azyaşlı olduqlarından valideyinlərin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyata alınmışlar. ünvan 3ydiyyatda olması barədə isə İddiaçı Göyçay RPŞ QŞVQ tərəfindən 24.02.2021-ci il tarixdə ******* nömrəli arayış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 21.04.2021-ci il tarixli **********03 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərinə əsasən müəyyən edilir ki, Göyçay şəhəri Nizami küçəsi dalan 18 ev 3 08.09.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X1 adına rəsmiləşdirilmişdir. Vərəsəlik haqqında şəhadətnamədə üçüncü şəxslərin adı olmamışdır. Ş.Ələkbərova ilə iddiaçı arasında bağlanmış 02.10.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı bağışlanmışdır. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi 09.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır, hazırda da iddiaçının xüsusi mülkiyyətindədir İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.3-cü bəndinə əsasən isə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, «qanunla nəzərdə tutulmuş» ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün «çatımlı» və onun nəticələrini «öncədən görmək» mümkün olmalıdır. Normanın nəticələrini isə o halda «öncədən görmək» mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Bu baxımdan, məhkəmə bildirir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə, onun və əvvəlki mülkiyyətçinin razılığı olmadan, iddiaçı mülkiyyət hüququ əldə edənədək qeydiyyata alınmış, hər hansı qanunla qorunan hüquqların sahibi olmayan üçüncü şəxslər və onların övladlarının qeydiyyatdan çıxarılması tələbindən ibarət iddia əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X4, X7, X3, X8 və X5 iddiaçının mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsi dalan 18 ev 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 8legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar