Məhkəmə qərarları › İş №2-1(116)-724/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-724/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-724/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X16 məxsus xx.xx.1956-cı il tarixli, 29 nömrəli, X10 məxsus xx.xx.1961-ci il tarixli, 56 nömrəli, və İddiaçı məxsus xx.xx.1952-ci il tarixli, 31 nömrəli doğum akt qeydlərində ana qrafasında ananın ata adının “Bəkir”dən “Həşim”ə düzəliş olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2013-cü il tarixdə vəfat etmiş X16 məxsus 011007 nömrəli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X10 məxsus AZ№013434 nömrəli və X17 AZ№1982893 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “X16 məxsus xx.xx.1956cı il tarixli, 29 nömrəli, X10 məxsus xx.xx.1961-ci il tarixli, 56 nömrəli və İddiaçı məxsus xx.xx.1952-ci il tarixli, 31 nömrəli doğum akt qeydlərində ana qrafasında ananın ata adının “Bəkir”dən “Həşim”ə düzəliş olunması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının anası Rustamova (Nuxova) Mələknisə Həşim qızı vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakları sənədləşdirən zaman məlum olmuşdur ki, mübahisələndirdiyi doğum akt qeydlərində ana qrafasında yanlışlığa yol verilmiş, X2 ata adı səhvən “Bəkir” kimi yazılmışdır. Belə olan halda həmin vərəsəlik əmlakından məhrum olmuşdur. Belə ki, Torpağa mülkiyyət hüququna dair JN 0088, KOD90319028 nömrəli dövlət aktında, xx.xx.2000-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış Ölüm haqqında şəhadətnamədə, hətta Ağdaş rayonu Şıxlı kənd XDSİK-nın Qumlax kəndinə adi 1983, 1984, 1985-ci illərə aid təsərüfatbaşına kitablarında da X1 qeyd edilmişdir. İddiaçı, sözügedən doğum haqqında akt qeydlərində düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətini aşağıdakı kimi bildirmişdir: - Cavabdeh arxivində Ağdaş rayonu Şıxlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1952-ci il tarixdə 31 nömrə ilə qeydə alınmış Ağdaş rayonu Qumlaq kəndində xx.xx.1952-ci il tarixdə anadan olmuş İddiaçı, Ağdaş rayonu Şıxlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə 56 nömrə ilə qeydə alınmış Ağdaş rayonu Qumlaq kəndində 07 05 1961-cı il tarixdə anadan olmuş X9 və Ağdaş rayonu Şıxlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1956-cı ıl tarixdə 29 nömrə ilə qeydə alınmış Ağdaş rayonu Qumlaq kəndində xx.xx.1956-cı il tarixdə anadan olmuş X11 doğum haqqında akt qeydinin ana haqqında məlumat qrafasında ana adı X5 olaraq qeyd olunmuşdur. Valideynlər arasında nikah haqqında akt qeydi aşkar olunmadığından və təqdim edilən sənədlər əsasında (doğum şəhadətnamələrinin surəti) doğum haqqında akt qeydinin ana haqqında məlumat qrafasında adı qeyd olunmuş X3 ata adının “Həşim”-ə dəyişdirilməsi Qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 02 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Şıxlı kənd XDSİK-nın Qumlaq kəndinə aid olan 1983-1984-1985-ci illərin 03 nömrəli təsərrüfatbaşına kitabının 176 nömrəli təsərrüfatı X2 adına olmuşdur. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 363 nömrəli arayışından görünür ki, X4 xx.xx.2000-ci ildə Ağdaş rayon Qarasuqumlaq kəndində vəfat etmiş və vərəsələri- İddiaçı (oğlu), X6 (gəlini), X7 (nəvəsi) və X8r (nəvəsi). - **********2072019 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - AZ-İ 634852 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - xx.xx.2000-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. - iddiaçı barəsində tərtib edilmiş 31 nömrəli, həmçinin X16 məxsus 29 nömrəli və X10 məxsus 56 nömrəli doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərindən görünür ki, ana qrafasında Mələknisə Nuxovanın ata adı “Bəkir” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi mübahisələndirilən doğum haqqında akt qeydlərində ana qrafasında “X5”nın ata adının “Həşim”ə düzəliş edilməsindən kimi ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X16 məxsus xx.xx.1956-cı il tarixli, 29 nömrəli, X10 məxsus xx.xx.1961-ci il tarixli, 56 nömrəli, və İddiaçı məxsus xx.xx.1952-ci il tarixli, 31 nömrəli doğum akt qeydlərində Mələknisə Nuxovanın ata adı “Bəkir” qeyd edilməsinə baxmayaraq, faktiki olaraq Mələknisə Nuxovanın xx.xx.2000-ci il tarixli 03 nömrəli ölüm haqqında akt qeydində ata adı “Həşim” qeyd edilmişdir. İşdə olan Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 02 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Şıxlı kənd XDSİK-nın Qumlaq kəndinə aid olan 1983-1984-1985-ci illərin 03 nömrəli təsərrüfatbaşına kitabının 176 nömrəli təsərrüfatı X2 adına olmuşdur. İşdə olan Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 148 və xx.xx.2023-cü il tarixli 147 nömrəli arxiv arayışları ilə də müəyyən olunur ki, Ağdaş rayon Şıxlı kənd XDSİK-nın Qumlaq kəndinə aid olan 1983-1984-1985-ci illərin 1/3 nömrəli təsərrüfatbaşına kitabının 190/176 nömrəli təsərrüfatında Mələknisə Nuxovanın ata adı” Həşim” qeyd edilmişdir. Göründüyü kimi mübahisələndirilən doğum akt qeydinin tərtibi zamanı texniki xətaya yol verilmiş və səhvin aradan qaldırılaraq müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsaslar olmasına və aidiyyəti şəxslər arasında mübahisə olmamasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə “X16 məxsus xx.xx.1956-cı il tarixli, 29 nömrəli, X10 məxsus xx.xx.1961-ci il tarixli, 56 nömrəli və İddiaçı məxsus xx.xx.1952-ci il tarixli 31 nömrəli doğum akt qeydlərində ana qrafasında ananın ata adının “Bəkir”dən “Həşim”ə düzəliş olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar