Məhkəmə qərarları › İş №2-1(116)-726/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-726/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-726/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF-nin 13 saylı regional ərazi filialının 03 dekabr 2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “DSMF-nin 13 saylı regional ərazi filialının 03 dekabr 2021-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DSMF-nin 13 saylı regional ərazi filialı - hüquq varisi Dövlət Sosial Müdafiə Fondu PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 37 nömrəli, 06 noyabr 2017-ci il tarixli qərarı ilə Göyçay RHK tərəfindən xx.xx.2001-ci il tarixli Amnistiya qərarına Əsasən barəsində cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə aldığı və xx.xx.19992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdaş rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik, travma - diaqnoz “Nevrasteniya, Orta dərəcəli kəkələmə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli SB-338 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli, 352 nömrəli arayışı, Ağdaş Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çağırış epikrizi, stasionar xəstələrin tibbi kartasından çıxarış, MN MFiK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 37-nömrəli, 06 noyabr 2017-ci il tarixli qərarı hər hansı məhkəmə qərarı ilə ləğv edilməmiş, qüvvədədir. İddiaçı, 1992-ci il tarixdə Azərbaycan Ordusunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona 085177 nömrəli vəsiqə verilmişdir. Ona xx.xx.2018-ci il tarixdə “Müharibə Veteranı” medalı, xx.xx.2018-ci il tarixdə “Milli Ordu - 100” medalı, xx.xx.2020-ci il tarixdə “AVMVİB-25 il” medalı və xx.xx.2021-ci il tarixdə “Böyük Zəfər" xatirə medalı verilmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq cavabdehin 03 dekabr 2021 -ci il tarixli, **********1 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi-Aran regional filialının xx.xx.2021-ci il tarixli **********1 nömrəli “artıq ödənilmiş prezident təqaüdünün tutulması” haqqında qərara əsasən iddiaçı Q.F.Abdullavevə 27 dekabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək 10693.00 manat (on min altı yüz doxsan üç manat) məbləğində artıq ödənilmiş Müharibə əlillərinə prezident təqaüdü tələb edilərək Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi-Aran regional filialının hesabına ödənilməsi bildirilmişdir. İş materiallarına əsasən İddiaçı 27 dekabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək 10693.00 manat məbləğində müharibə əlilləri üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin edilmiş və aylar üzrə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 oktyabr 2021-ci il tarixli **********5 nömrəli qərarına əsasən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra - DİN) Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32 nəfər vətəndaşın əlillik təyinatının əsaslılığının müəyyən edilməsi, şübhəli halların araşdırılması məqsədilə birgə araşdırma həyata keçirilmiş və məlum olmuşdur ki, əlillik dərəcəsinin təyin edilməsi üçün DİN-in Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər İdarəyə bilavasitə tabe olan poliklinikalarda tibbi qeydiyyatda duran, eyni zamanda İdarənin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilən daxili işlər orqanlarının əməkdaşları barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Altsisteminə daxil edilməli olduğu halda, bu işə məsul vəzifəli şəxslər tərəfindən poliklinikada tibbi qeydiyyatda durmayan, eləcə də Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilməyən vətəndaşlar barəsində əlilliyin təyin edilməsi üçün göndərişlər tərtib edilmiş, adları bu qərara əlavədə göstərilən 32 nəfər vətəndaşın Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığı və Nazirliyin tibb müəssisələri tərəfindən həmin şəxslər barəsində tərtib edilən göndərişlərin əsassız olaraq rəsmiləşdirilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2021-ci il tarixli 029-2939-1221 nömrəli müraciəti nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Nizamnaməsinin 3.2.5 və 4.5.18-ci yarımbəndlərini rəhbər tutaraq X4 qərara almışdır:

1. Bu qərara əlavə edilmiş siyahıda adları göstərilən 32 nəfərə dair tibbi-sosial ekspert komissiyası qərarları ləğv edilsin (əlavə olunur).

2. Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinə (İ.Yusifov), İnformasiya texnologiyaları şöbəsinə (Ə.Həşimov), Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (S.Məmmədli) və Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinə (L.Mustafayeva) tapşırılsın: 2.1 bu Qərara əsasən 1 iş günü ərzində “Əlillik” alt sistemində müvafiq dəyişiklik edilsin; 2.2 əlilliyi ləğv edilən şəxslərin mobil telefon nömrələrinə bildiriş göndərilməklə, mobil telefon nömrəsi barədə “Əlillik” alt sistemində məlumat olmayan vətəndaşların məktub vasitəsilə əlilliyin ləğvi barədə məlumatlandırılmaları təmin edilsin; 2.3. əlillik təyinatı ləğv olunan vətəndaşlar barədə Dövlət Sosial Müdafiə Fonduna 1 iş günü ərzində məlumat verilməsi təmin edilsin.

3. Bu Qərarın icrasına nəzarət Agentliyin 2020-ci il 17 iyul tarixli **********4 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Beləliklə İddiaçı 27 dekabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci əlilliyə görə müharibə əlillərinə Prezident təqaüdü təyin edilərək ödənilmiş və xidməti yoxlama zamanı xx.xx.2017-ci il tarixdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi 28 oktyabr 2021-ci il tarixdə etibarsız hesab edilərək prezident təqaüdünün ödənilməsi dayandırılmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Sosial Müdafiə Fondu 13 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, **********1 №-li “əsassız ödənilmiş təqaüdün geri qaytarılması” haqqında qərarından görünür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10693.00 manat məbləğində artıq ödənilmiş müharibə əlillərinə Prezident təqaüdü tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondu 13 saylı Regional Ərazi Filialının hesabına ödənilməsi qərara alınmışdır. - Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən” 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. - ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, bu qərar əlavə edilmiş siyahıda adları göstərilən 32 nəfərə dair tibbi-sosial ekspert komissiyası qərarları ləğv edilmişdir. Müvafiq siyahıda iddiaçının adı 15 sıra nömrəsinin qarşısında qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2021-ci il tarixində qəbul edilərək iddiaçıya poçt vasitəsilə göndərilmiş, iddiaçı həmin qərarı xx.xx.2021-ci il tarixdə mübahisələndirmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı ondan cəmi, 10693.00 manat pul məbləğinin tutulmasını nəzərdə tutan cavabdeh orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarın ləğvinə nail olmaqdır. Həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında fərmanı ilə müəyyən edilmişdir: Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara almışdır: “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1.1 dərəcə əlilliyi olan şəxslərə-400 manat; İİ dərəcə əlilliyi olan şəxslərə - 350 manat; İİİ dərəcə əlilliyi olan şəxslərə - 300 manat. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İşin materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən” 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmiş, ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarı ilə tibbi-sosial ekspert komissiyası qərarları ləğv edilmiş və bundan sonra cavabdeh orqan, xx.xx.2021-ci il tarixli, **********1 №-li “əsassız ödənilmiş təqaüdün geri qaytarılması barədə” qərar qəbul edərək iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 10693.00 manat məbləğində Prezident təqaüdü məbləğini geri tələb etmişdir. Bununla belə, iddiaçıya Prezident təqaüdü təyin edilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq təqaüdün təyin edilməsi və ödənimləsi iddiaçının təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitlərini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarı ilə tibbi-sosial ekspert komissiyası qərarları ləğv edilsə də, ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialının xx.xx.2021ci il tarixli, **********1 №-li “əsassız ödənilmiş təqaüdün geri qaytarılması” haqqında qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar