Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-728/2023 23.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən 10 aprel 1937-ci ildə Ağdaş rayonunda anadan olan X1 28 noyabr 1976-cı ildə Ağdaş şəhərində ölməsinə dair vətəndaşlıq vəziyyəti aktlarının ölüm kitabında qeyd edilmiş 04 dekabr 1976-cı il tarixli 120 saylı ölüm haqqında akt qeydindəki səhvlərinin düzəldilməsi, yəni mərhum X1 adının “İzahət”-dən “Kitafət” kimi yazılaraq düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən 10 aprel 1937-ci ildə Ağdaş rayonunda anadan olan X1 28 noyabr 1976-cı ildə Ağdaş şəhərində ölməsinə dair vətəndaşlıq vəziyyəti aktlarının ölüm kitabında qeyd edilmiş 04 dekabr 1976-cı il tarixli 120 saylı ölüm haqqında akt qeydindəki səhvlərinin düzəldilməsi, yəni mərhum X1 adının “İzahət”-dən “Kitafət” kimi yazılaraq düzəlişin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının mərhum anası Abbasova (Hacıyeva) Kitafət Nəsib qızı 10 aprel 1937-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Mərhum Abbasova (Hacıyeva) Kitafət Nəsib qızı 05 avqust 1963-cü ildə atası X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Nikah bağlandıqdan sonra “Abbasova"’ soyadını qəbul etmişdir. İddiaçının anasının adı Kitafət olmasına baxmayaraq onun adına tərtib olunmuş ölüm haqqında şəhadətnaməsində səhvə yol verilərək adı "İzahət” kimi göstərilmişdir. Halbuki, mərhumun adına verilmiş doğum və nikah haqqında, eləcə də övladların adlarına işlənmiş doğum haqqında şəhadətnamələrin “Anası” qrafasında adı "Kitafət" yazılmışdır. İddiaçı ölüm haqqında akt qeydinə düzəlişin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-122/62 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən və xx.xx.1968-ci il tarixli 36 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə anadan olmuş, atası X5, anası X2r. - АЗ seriyalı 686760 nömrəli doğum haqqında şəhadətnamədən və xx.xx.1964-cü il tarixli 285 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1964-cü il tarixdə anadan olmuş, atası X5, anası X2r. - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən və xx.xx.1970-ci il tarixli 411 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1970-ci il tarixdə anadan olmuş, atası X5, anası X2r. - xx.xx.1963-cü il tarixli 57 nömrəli evlənmə haqqında akt qeydindən görünür ki, X5 və Abbasova (Hacıyeva) Kitafət Nəsib qızı arasında xx.xx.1963-cü il tarixdə nikah bağlanmışdır. - xx.xx.1976-cı il tarixli 120 nömrəli ölüm haqqında akt qeydindən və xx.xx.2022-ci il tarixli 1608 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum anası Abbasova (Hacıyeva) Kitafət Nəsib qızı 10 aprel 1937-ci ildə Ağdaş rayonunda anadan olmuş, 05 avqust 1963-cü ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuş, birgə nikahlarında xx.xx.1968-ci il tarixdə X6, xx.xx.1964-cü il tarixdə X4 və xx.xx.1970-ci il tarixdə X7 adlı övladları doğulmuşdur. Tərtib edilmiş bütün sənədlərdə “Abbasova (Hacıyeva) Kitafət Nəsib qızı” qeyd edilməsinə baxmayaraq, xx.xx.1976-cı il tarixli 120 nömrəli ölüm haqqında akt qeydində X3 qeyd edilmişdir. Odur ki, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə 10 aprel 1937-ci ildə Ağdaş rayonunda anadan olan X1 28 noyabr 1976-cı ildə Ağdaş şəhərində ölməsinə dair vətəndaşlıq vəziyyəti aktlarının ölüm kitabında qeyd edilmiş 04 dekabr 1976-cı il tarixli 120 saylı ölüm haqqında akt qeydindəki səhvlərinin düzəldilməsi, yəni mərhum X1 adının “İzahət”-dən “Kitafət” kimi yazılaraq düzəlişin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.