Məhkəmə qərarları › İş №2-1(116)-728/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-728/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-728/2024 02.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Göyçay rayonu Çərəkə kəndində anadan olmuşdur. Orta məktəbi Göyçay rayonu Çərəkə kəndində bitirimiş, orta məktəbi bitirdikdən sonra 1900-cı ildə S.Ağamalıoğlu adına “Azərbaycan Kənd Təsərrufatı Akademiyasının Aqronomluq” fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Həmin dövrdə Akademiyada Hərbi Kafedra olduğu üçün Akademiyada əyani oxuyan tələbələr hərbi xidmətdən azad olunmaqla yanaşı hərbi rütbədə alırdılar. Təhsil aldığı illər İ Qarabağ müharibəsinə təsadüf etdiyi üçün xx.xx.1992-ci il tarixdə 3-cü kursa keçdikdən sonra təhsilini qiyabi şöbəyə keçirərək təhsilini davam etdirməklə yanaşı Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəyə könüllü olaraq döyüşlərə qatılmışdır. Həmin ilin dekabr ayının 12-də Müdafiə Nazirliyinin 189 nömrəli əmrlə könüllü olaraq şəxsi heyətin siyahısına salınmışdır. Qeyd etmək istəyir ki, həmin hərbi hissəyə gedərkən onun hərbi bileti olmadığı üçün sovet pasportu ilə qeydiyyata alınmamışdır. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 30 dekabr 1992-ci il tarixli 60 nömrəli çağırış vərəqəsinə əsasən 50 günlük Gəncə şəhərinə həmin Akademiyada illik dərs və imtahanlarla əlaqədar ezam olunmuşdur. xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə qayıdarkən həmin hərbi hissənin könüllüləri və o da, həmin hərbi hissədən təxris olunmuşlar. Döyüşlərdə iştirak etdiyi həmin hərbi hissədə aldığı soyuqdəymənin fəsadlarına görə ağ-ciyər xəstəliyinə tutulmuş və müvafiq qurum tərəfindən ömürlük mülki İİ qrup əlik dərəcəsi ilə təyin olunmuşdur. Bundan sonra “Veteran statusu” və “vəsiqəsinin” verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, İ Qarabağ muharibəsində ölkə ərazisində müharibədə iştirak edən döyüşçülərin sənədləşmə işlərində ciddi problemlər yarandı ki, buda onun həmin ərəfələrdə sənədlərinin qaydasında olmasına çətinlik yaratmışdır. Hərbi bileti olmadığı üçün döyüşlərdə iştirak etməyi haqda heç bir məlumat olmamışdır. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olur ki, o, həqiqətən də, təhsil aldığı müəsissədən Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam olunaraq döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə iştirak etməyini onunla birgə həmin döyüşlərdə iştirak etmiş döyüşçü yoldaşları da təsdiq edə bilərlər. Göründüyü kimi İ Qarabağ muharibəsində iştirak etməyi bütün sübutlarla müəyyən olunsa da, inzibati orqan əsassız olaraq imtina etmişdir. Buna görə də, hüququnu məhkəməyə müraciət etmək yolu ilə müdafiə etmək məcburiyyətində qalmışdır. X1 xx.xx.1993-cü il tarixdə həqiqi hərbi hidmətə çağrılaraq N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. X1 xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Fizuli rayonu istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək xx.xx.1994-cü il tarixdə Fizuli rayonu Aşağı-Əbürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2023-cü il tarixli etirazında aşağıdakıları qeyd etmişdir: - şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.

1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.

2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdən xidmət yerinə vaxtında qayıtmamış, N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə Arxiv sənədlərində məlumat aşkar olunmamışdır. Bu səbəbdən Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın 16 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçıya əsaslı olaraq “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 1992-ci ilin otyabr ayından 1993-cü ilin mart ayınadək N saylı hərbi hissədə xidmət etmiş, könüllü olduğu üçün tərxis olunmuşdur. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2023-cü il tarixli imtina məktubları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş sənədlər, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli arxiv arayışı.

Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmət keçdiyi N saylı hərbi hissə Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 071 №-li əmri ilə Ərazi Özünü Müdafiə bölməsi olaraq yaradılmış, xx.xx.1992-ci il tarixli, 015N №-li əmrlə N nömrəli hərbi hissənin Əlahiddə Tank briqadasının tabeliyinə verilmişdir. Göründüyü kimi iddiaçı, N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına salınarkən (xx.xx.1992-ci il tarixli, 189 №-li əmrlə) artıq sözügedən hərbi hissə könüllü özünümüdafiə dəstəsi və birləşməsi hesab edilmirdi və faktiki olaraq Müdafiə Nazirliyinin tabeliyinə aid hərbi hissənin tabeliyində idi. Odur ki, iddia tələbinə hüquqi qiymət verilərkən iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması şərti yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı 12 dekabr 1992-ci il tarixli, 189 №-li əmrlə alayın komendant dəstəsinin şəxsi heyətinin sıralarına könüllü döyüşçü olaraq qəbul edilmiş, 1993-cü ilin nizami hissə üzrə əmrlərdə onun ezamiyyətə və ehtiyata göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına könüllü olaraq qəbul edilməsi ona istədiyi zaman ehtiyata buraxılma barədə əmr olmadan hərbi xidmətini sonlandırmaq üçün əsas vermir. Hərbi hissənin şəxsi heyətinin siyahısına hansı əsasla daxil edilməsindən asılı olmayaraq, hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətini davam etdirməlidir. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi ilə bağlı qaydalar könüllü əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış hərbi qulluqçulara da, aid olduğundan, iddiaçı, qanuni əsaslarla ehtiyata buraxılmasını sübut etməlidir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı, hərbi xidmətinin 1993-cü ilin mart ayında başa çatmasını və könüllü olduğuna görə ehtiyata buraxılmasını bildirmişdir. Oxşar inzibati mübahisələrlə bağlı məhkəmə təcrübəsindən məlumdur ki, Azərbaycan Respublikasının 11 04.93-cu il M N 2/1-820 №-li saylı əmrinə əsasən hərbi və adlı siyahısının MN-nə göndərilmiş 1,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlər haqqında cinayət işi qaldırılmışlardan başqa h/h-nin siyahısından hərbi çağırışçıların bütün növ ləvazimatlardan və siyahıdan çıxarılması barədə əmr verilmişdir. Lakin, iddiaçının ehtiyata buraxılması barədə əmr mövcud olmadığından istinad olunan əmr əsasında onun ehtiyata buraxılması müəyyən edilə bilməz. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ümumi qaydada ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar