Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-729/2020 05.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh Yevlax şəhər Bələdiyyəsinə qarşı “Yevlax Avtovağzal ASC-nin istifadəsində olan 0,714 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax şəhər Bələdiyyəsinin bağladığı 16.06.2009-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Yevlax şəhər Bələdiyyəsinə qarşı “Yevlax Avtovağzal ASC-nin istifadəsində olan 0,714 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax şəhər Bələdiyyəsinin bağladığı 16.06.2009-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya 18.02.2020-ci il tarixli məktubla yardım edilərək, iddia ərizəsinin imzalanmış şəxsin iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri olmasını təsdiq edən sənədləri (şəhadətnamə, nizamnamə) iddia ərizəsinə əlavə etmədiyi, həmçinin, tələbin müqavilənin ləğvinə yönəldiyi, müqavilə inzibati akt olmadığına görə qeyd olunan tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı izah edilmiş, qeyd olunan nöqsanların aradan qaldırılması və düzgün iddia tələbi ilə məhkəməyə müraciət olunması üçün 10 gün vaxt verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin imzalanmış şəxsin iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri olmasını təsdiq edən sənədlər məhkəməyə göndərilmiş, lakin iddia tələbi dəyişdirilməmişdir. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdeh Yevlax şəhər Bələdiyyəsinə qarşı “Yevlax Avtovağzal ASC-nin istifadəsində olan 0,714 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax şəhər Bələdiyyəsinin bağladığı 16.06.2009-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. İddiaçıya hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-729/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-729/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver